Bəşər Əsəd müxaliflərə qarşı kimyəvi silah işlədir

“The Washington Post”: “Onun qurduğu xaniman tezliklə başına uçacaq”

Suriyada daha bir qanlı cümə geridə qaldı; Hələbdə Əsəd qüvvələrini hədəf alan 2 partlayış törədildi

Suriya gərginlik davam edir. Ötən gün ölkənin müxtəlif yerlərində Bəşər Əsəd rejiminə qarşı ənənəvi cümə etirazları keçirilib. Həma, Homs, İdlib, Qamışlı, Hələb, Dəraa, Deyr əz Zor kimi iti şəhərlərdə və paytaxt Dəməşq ətrafı bölgələrdə insanlar cümə namazından sonra küçələrə axışaraq Bəşər Əsədin istefasını tələb edib. Onlar “Bəşər sonun çatıb”, “Axıtdığın qanda boğulacaqsan” kimi şüarlar səsləndiriblər. Hökumət qüvvələri yenə də dinc aksiyaları dağıtmaq üçün odlu silahdan istifadə ediblər. Əsədin əmrindəki əsgərlərin açdığı atəş nəticəsində azı 53 suriyalı müxalif dünyasını dəyişib. Çoxlu sayda yaralının olduğu vurğulanır.

Müxalif fəalların verdiyi məlumata görə, hökumət qüvvələrinin keçirdiyi qanlı əməliyyatlar zamanı təkcə Homs şəhərində 39 nəfər dünyasını dəyişib. Ölkənin ikinci ən böyük şəhəri Hələbdə Əsəd əsgərləri 4 müxalifətçini qətlə yetirib. Dəməşqin Madaya bölgəsində isə hökumət qüvvələri ilə müxalif hərbçilərin yaratdığı “Suriya Azadlıq Ordusu”nun əsgərləri arasında şiddətli qarşıdurma yaşanıb.

Hələb şəhərində Suriya təhlükəsizlik qüvvələrinin hədəf alındığı 2 ayrı partlayışlar törədilib. Qısa zaman aralığında baş vermiş partıayış nəticəsində ən az 25 nəfər həlak olub, 175 nəfəri isə yaralanıb. Hökumət rəsmiləri partlayışlara görə, “Suriya Azadlıq Ordusu”nu günahlandırıb. Müxalif hərbçilər isə açıqılama verərək olaylarla əlaqələrinin olmadığını bildiriblər. “Suriya Azadlıq Ordusu” adından “Əl Ərəbiyyə” kanalına danışan polkovnik-leytenant Xalid əl Hammud Hələbdəki partlayışlara görə Bəşər Əsəd rejimin məsuliyyət daşıdığını söyləyib.

Suriyalı müxaliflərdən biri “Haaretz” qəzetinə bildirib ki, Bəşər Əsədin əmrindəki əsgərlər Homs şəhərində keçirdiyi qanlı əməliyyatlar zamanı dinc vətəndaşlara qarşı kimyəvi silahlardan istifadə edir. Mənbənin sözlərinə görə, son 2 gün ərzində Homs, İdlib və Dəraa şəhərləri tank və toplardan atəşə tutulur. Xəstəxanalara çatdırılan yaralıları müalicə etmək istəyən həkimlər isə hökumət qüvvələri tərəfindən həbs olunur. ABŞ-ın Suriya müxalifətini silahlandırdığına dair yayılan məlumatlara toxunan “The Washington Post” qəzetinin şərhçisi Cekson Dill bildirib ki, Bəşər Əsəd rejimi artıq son günlərini yaşayır. Suriyalı müxaliflərə silahll dəstək verilməsinə gərək yoxdur. Çünki Bəşər Əsəd özü rejimin sonunu gətirib. Qurduğu xaniman  tezliklə başına uçacaq.

ABŞ Senatının üzvləri Makkeyn, Qrehem və Liberman Vaşinqton və müttəfiqlərini Suriya müxalifətinə fəal dəstək verməyə çağırıb. Respublikaçı Con Makkeyn “Twitter” hesabında yazıb ki, Bəşər Əsədin qələbəsi ABŞ və müttəfiqləri üçün faciə ola bilər. Lakin Əsəd rejiminin tezliklə çökməsi İrana öldürücü zərbə olacaq. Buna görə də ABŞ və müttəfiqləri Əsəd əleyhdarlarına dəstəklərini artırmalıdır. “The İndependent” qəzetinin şərhçisi Adiran Hamilton isə yazıb ki, bundan sonra Suriyanın taleyini diplomatiya ilə yox, silah müəyyən edəcək.

Rusiya və Çinin BMT TŞ-da Suriya hakimiyətinə qarşı sərt addımlara veto qoymasını tənqid edən “The Financial Times” qəzetinin analitiki Filip Stivens Pekin və Moskvanın soyuq müharibə dönəminə qayıtdığını bildirib. Onun sözlərinə görə, Rusiya və Çinin vetosu Bəşər Əsədin dinc vətəndaşlarına qarşı qanlı hücumları artırmasına təkan verib. Şərhçi Suriyada baş verən qətliama görə Bəşər Əsəd rejimi ilə yanaşı Rusiya və Çinin də məsuliyyət daşıdığını vurğulayıb.

Bu arada Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Moskvanın BMT TŞ-da bundan sonra da Suriya ilə bağlı qərarlara veto qoya biləcəyini xatırladıb. Nazir müavini bildirib ki, Rusiya Qərb və Ərəb ölkələrinin BMT-dən istifadə edərək Bəşər Əsədi devirmək cəhdlərinin qarşısını alacaq. Onun sözlərinə görə, Rusiya Yaxın Şərqdəki varlığını qorumaq məcburiyyətindədir.

Tural