Ted Cruz prezidentlik üçün mübarizəni dayandırıb

ted CruzTexas ştatının senatoru Ted Cruz İndiana ştatında Donald Trump-a praymerizi uduzduqdan sonra öz nitqində bildirib ki, daha Respublikaçılar partiyasından prezidentliyə namizədlik üçün mübarizə aparmayacaq.

Öz partiyasında çox qeyri-populyar olan Nyu-Yorklu iş adamı Donald Trump demək olar ki, namizəd olmaq üzrədir.

Bundan öncə cənab Cruz Trump-ı prezident olmağa yararsız olan “yalançı” adlandırıb.

Demokrat partiyasından isə Bernie Sandersin İndiana ştatında Hillary Clintona qalib gələcəyi proqnozlaşdırılır.

ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində partiyalarda daxili namizəd seçkiləri keçirilir. Bu prosesin əsas məqsədi noyabr ayında aralarında əsas mübarizə gedəcək iki aparıcı partiyanın namizədlərini müəyyən etməkdir.

Cənab Cruzun müşavirləri Trump-ın yürüşünü dayandırmaq üçün İndiananı hədəfə almışdılar.

“Biz əlimizdə olan hər şeyi etdik, lakin seçicilər başqa yolu seçdi,” Ted Cruz İndianadakı tərəfdarlarına bildirib.

Ted Cruz milyarder Donald Trump-ın əsas rəqibi idi. O, respublikaçı praymerizlərdə mütəmadi olaraq ikinci yeri tutub.

Çərşənbə axşamı Cruz və Trump arasında şifahi hücumlar intensivliyin yeni səviyyəsinə çatıb.

Çox güman ki, Trump prezidentlik uğrunda xanım Clinton ilə mübarizə aparacaq

Cənab Cruz milyarder iş adamına qarşı “tamamilə əxlaqsız”, “patoloji yalançı” və “serial arvadbaz” kimi ifadələr işlədib.

Cənab Trump isə cavab olaraq Ted Cruza zəng edib və onu “kampaniyasını xilas etməyə çalışan ümidsiz namizəd” adlandırıb.

Amma bir neçə saat sonra, Ted Cruz mübarizəni dayandırdığı barədə açıqlama verdikdən sonra, Trump onu “sərt, ağıllı rəqib” adlandıraraq tərifləyib.

Bu ilin noyabrın səkkizində amerikalılar Demokrat partiyasından ABŞ-da iki prezidentlik müddəti hakimiyyətdə olmuş Barack Obama-nın xələfini seçəcək.

Çox güman ki, Trump prezidentlik uğrunda xanım Clinton ilə mübarizə aparacaq.

Lakin Respublikaçılar qadın və ispandilli təhqir etdiyinə görə, Trumpa açıq şəkildə iradlar bildirib.