On ildir düyünə düşən maliyyə hesabatı niyə yenidən gündəmə gətirildi?
Namizəd Səfərov: «Dövlət başçısı ailəsinin gəlirləri ilə bağlı hesabat verməyincə, iri məmurların bunu etməsi mümkünsüzdür»
Dövlət başçısı Ilham Əliyev aprelin 27-də “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq etdi. Həmin fəaliyyət planına görə, Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2017-2018-ci illərdə vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlarını açıqlamasını təmin etməlidir.
Amma onu da qeyd etmək yerinə düşər ki, məmurların maliyyə xarakterli məlumatlarının açıqlanması ilə bağlı bundan əvvəl də müxtəlif qanunlar olub. Sadəcə olaraq həmin qanunlar indiyə qədər kağız üzərində qalıb. Yeni qəbul olunan qanunun isə onların aqibətini yaşamayacağına heç bir təminat yoxdur.
Azərbaycanda icrasını gözləyən məsələlərdən biri də vəzifəli şəxsləri öz gəlirlərini açıqlamağa vadar edəcək qanuni tələbdir.
Gəlirlərin açıqlanmasına dair ilk müddəa 16 il öncə – iyulun 21-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” qanunda öz əksini tapıb. Qanunun 18-ci maddəsinin 9-cu bəndi müəyyən edir ki, dövlət qulluqçuları qulluq etdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməlidirlər. Bu qanunda həmin tələblərin yerinə yetirilməməsinin töhmət və dövlət qulluğundan çıxarılmaqla nəticələnəcəyi də təsbit edilir. Kompleks yanaşma və bununla bağlı yeni müddəalarsa ilk dəfə 2004-cü il yanvarın 13-də qəbul edilmiş “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda yer alıb. Sözügedən qanunun 5-ci maddəsində vəzifəli şəxslərə münasibətdə maliyyə xarakterli tələblər müəyyənləşdirilib.
Bu maddəyə görə, vəzifəli şəxslər hər il:
– mənbəyini, növünü və məbləğini göstərməklə öz gəlirləri barədə;
– vergitutma obyekti olan əmlakları barədə;
– kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə;
– şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payları barədə;
– şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu barədə;
– şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları müəyyən edilmiş qurumlara təqdim etməlidirlər.
2005-ci ildə Nazirlər Kabinetinə 2 ay vaxt verilmişdi
Bu tədbirlərin icrası ilə əlaqədar 2005-ci il iyunun 24-dəÿ”Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları” təsdiqlənib. Həmin sənəddə gəlir bəyannamələri sisteminin tətbiq istiqamətləri və qaydaları müəyyənləşdirilib. Ölkə prezidentinin 2005-ci il 9 avqust tarixli fərmanı ilə bəyannamə formasının tərtibi üçün Nazirlər Kabinetinə 2 ay vaxt verilib. Həmin fərmanla Ədliyyə Nazirliyi yerli özünüidarə orqanlarına seçilmiş şəxslərin bəyannamə formalarının qəbulunda məsul qurum sayılıb.
Hökumətə verilən, iki aydan 10 ildən çox keçsə də bəyannamə formasından xəbər yoxdur. Bu məsələ yeni qəbul edilmişÿ”Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda da əksini tapıb. Plana əsasən, Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2017-2018-ci illərdə vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlarını təqdim etməsi üçün tədbirlər görməlidir (azadlıq.org).
Digər tərəfdən, bir məqam da nəzərə alınmalıdır ki, bir qayda olaraq məmurlar ələ keçirdikləri mülkiyyəti və yığdıqları vəsait hesabına aldıqları əmlakları öz adlarına rəsmiləşdirmirlər. Məsələn, 2008-ci il prezident seçkiləri zamanı I.Əliyevin MSK-ya təqdim etdiyi bəyanamədə onun adına yalnız bir 3 otaqlı evin olmasını vurğulaması heç də inandırıcı görünmür. Amma hər hansı bir vəzifəli şəxs həbs olunan zaman onun yaxın qohumlarının da adına olan əmlak müsadirəyə məruz qalır. Deməli, hökumət hansı məmurun real əmlakının nədən ibarət olduğunu gözəl bilir.
Hüquqşünas Namizəd Səfərov hesab edir ki, normal ölkələrdə nə vətəndaşların, nə də məmurların öz gəlirləri barəsində hesabat verməsinə ehtiyac qalmır. N.Səfərovun sözlərinə görə, müvafiq orqanlar bu istiqamətdə fəaliyyət göstərir və əgər kimsə cinayət yolu ilə qazanc əldə edirsə, onun üstü açılır: “Amma o dövlətlərdə ki, qanun işləmir. Bu formalı qərarlar qəbul olunur. Amma bununla hər şey bitmir. Burada eyni zamanda siyasi iradə lazımdır. Bizdə isə siyasi iradə yoxdur. Dövlət başçısı, məmurlar bunu istəyirlərsə, bu qanun işləyəcək. Yox, istəmirlərsə, bu qanun kağız üzərində qalacaq. Hər bir şəxs normal yaşamalı və hazırda qüvvədə olan qanunvericiliyə görə hesabat verməlidir”.
Iri məmurların gəlirləri barədə deklorasiya verməyə borclu olduğunu deyən N.Səfərov vurğuladı ki, hər il yeni qanun qəbul edərək onları buna məcbur etməyə ehtiyac yoxdur. “Ilk növbədə dövlət başçısı öz gəlirləri haqqında məlumat verməlidir. Əgər hakim ailə öz gəlirləri və mülkiyyəti barədə real məlumat verməli olsa, o zaman 60-70 səhfəlik iş hazırlanmalıdır. Məncə, onlar sahib olduqları əmlakların siyahısının sayını da itiriblər. Bu gün Azərbaycanda iri məmurların gəlirləri haqqında hesabat verməsi mümkün deyil. Çünki bunu ilk növbədə prezident öz ailəsi üçün etməlidir”, deyə N.Səfərov vurğuladı.
Hikmət