“Hakimiyyətlərin atadan oğula keçdiyi dövr arxada qaldı”

“Türkiyənin Kissinceri” Əliyevlərin yuxusunu qaçıracaq bəyanatlar səsləndirdi

Ankara “öz xalqına qarşı çıxan istənilən liderə” arxasını çevirəcək

Rəsmi görüşlər üçün ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu dünən axşam Corc Vaşinqton Universitetində tələbələr qarşısında çıxış edib. Hazırda Yaxın Şərqdə vüsət alan qlobal demokratikləşmə dalğası, bu xüsusda Suriyada baş verənlərdən danışan Davudoğlu bütün bölgə xalqları, eləcə də Azərbaycan üçün önəmli sayılacaq bir sıra mesajlar verib.

Bunlar Çauşesku devriləndə getməliydilər

“Turan”ın Vaşinqton müxbiri xəbər verir ki, Davudoğlu dünyanın dəyişdiyini və diktatroların bundan dərs çıxarmalı olduğunu bəyan edib: “Hakimiyyətlərin atadan oğula keçdiyi dövr artıq arxada qaldı. Dünya dəyişir. Misirdə Hüsnü Mübarək məsələn, 20 il əvvəl, insanların çap makinası istifadə etdiyi dövrdə də prezident idi, indiki Facebook dövründə də. Bu, tarixə təhqirdir”.
Davudoğlu ötən il ərəb ölkələrində baş qaldırmış inqilabların “qarşısıalınmaz” olduğunu deyib. O, Qərbi “ərəb baharı”na adekvat cavab verməyə və “tarixi səhvləri təkrarlamamağa” çağırıb. Bu zaman o, Rumıniyada Çauşeskunun devrildiyi dönəmi xatırladıb. “Mübarək, Qəddafi kimi diktatorlar hələ o zaman getməli idilər”, – deyə Davudoğlu vurğulayıb.

Hansı ölkədə onun eks-prezident yaşamırsa…

Nazir onu da bəyan edib ki, Türkiyə yerləşdiyi regionda azad və demokratik mühitin tərəfdarıdır və Ankara “öz xalqına qarşı çıxan istənilən liderə” arxasını çevirəcək. “Avtoritar rejimlərə artıq bu əsrdə yer yoxdur” deyən Davudoğlu çıxışının sonunda avtoritar cəmiyyətləri belə təsvir edib: “Hansı ölkədə ona əvvəllər rəhbərlik etmiş eks-prezident yaşamırsa, deməli o, artıq avtoritar ölkədir”.

Mesaj aydındır, Əsəd getməlidir

Davudoğlunun Suriyada baş verənlərə münasibətinə isə Türkiyə mediası geniş yer verib. “Hürriyet” qəzeti yazır ki, Türkiyə XİN başçısı Bəşər Əsədin hərəkətini belə xarakterizə edib: “Biz Əsədin Qorbaçov olmasını istədik, o, Miloşeviç oldu”.
Davudoğlu qeyd edib ki, hazırda Əsədə qarşı çaxanlar aylar əvvəl Misirdə və Tunisdə müxalifətin səsləndirdiyi şüarları təkrarlayırlar. Nazirə görə, mesaj aydındır, Əsəd getməlidir.
Türkiyənin Suriya mövzusunda planlarına dair suala cavabında Davudoğlu deyib ki, bu ölkədə böhran baş verəndən bəri Türkiyə üç mərhələli strategiya izləyib. İlk addım ikitərəfli dialoq çərçivəsində Bəşər Əsədi və Suriya rəhbərliyini islahatlara təşviq etmək olub. Rəsmi Ankara ilk mərhələdə Suriya rəhbərliyinin verdiyi vədlərə inanıb və hadisələrə nikbin yanaşıb: “Bəşər Əsədlə 7 saat görüş keçirdim. İslahatlar mövzusunda bir yol xəritəsi üzərində razılaşdıq. Amma təəssüf ki, bunları yerinə yetirmədi və ikitərəfli dialoqun təsirli nəticə verəcəyinə dair ümidimiz artıq qalmadı”.
Davudoğlu Ankaranın ikinci mərhələdə regional təşəbbüsə başladığını və Ərəb Liqası ilə birlikdə problemi xarici müdaxilə olmadan həll etməyə çalışdıqlarını, üçüncü mərhələdə isə Ərəb Liqası və bəzi başqa ölkələrlə birgə BMT Təhlükəsizlik Şurasına müraciət edərək, Suriya mövzusunda beynəlxalq həmrəylik yaratmaq istədiyini bildirib. Türkiyə XİN başçısı xatırladıb ki, problemin BMT TŞ vasitəsilə həlli təşəbbüsü Rusiya və Çinin veto qoyması səbəbindən dalana dirənib.

Rusiya və Çinin vetosuna görə geri çəkilmək yox

Suriya xalqının hər gün ölməsinə, beynəlxalq bilriyin isə buna seyrçi qalmasına imkan verməyəcəklərini vurğulayan Davudoğlu bildirib ki, 1990-cı illərdə Miloşeviçə bağlı güclər üç il boyunca Bosniyaya hücum edəndə beynəlxalq ictimaiyyətin buna yetərincə reaksiya göstərməməsinin ağrısı hələ də hiss olunur. “Bu, bizim etik və vicdani məsuliyyətimizdir” deyən Davudoğlu hazırda Suriyanın Homs şəhərində Əsəd rejiminin törətdiyi qırğınlardan danışaraq bildirib: “Bir şəhər günbəgün çökür, eynən Sarayevoda olanlar kimi. Səssiz qalıb, “Biz əlimizdən gələni etdik, nə edək, Rusiya və Çin veto qoydu, gözləyib görək…” deyəcəyik? Xeyr, əsla. Türkiyə olaraq biz, hər kəs səssiz dursa, tamaşaçı qalsa belə, bölgəmizdəki bir qırğına seyrçi qalmayacağıq”.

Qorbaçov olmasını istədilər, Miloşeviç oldu

Davudoğlu keçmişdə Əsədlə yaxşı əlaqələrinin olmasına dair Rusiyanın Ankaraya qarşı ittihamlarına da cavab verib: “Bəli, doqquz il yaxşı əlaqəmiz vardı, çünki o zaman Əsəd öz xalqına qarşı savaşmırdı. Biz keçən il Əsədin Suriyanın Qorbaçovu olmasını istədik, amma o, Suriyanın Miloşeviçi olmağı üstün tutdu. Problem budur”.
Davudoğlu bu sözlərlə Mixail Qorbaçovun SSRİ-də kommunizmdən demokratiyaya keçidə başlamasını və Serbiya lideri Slobodan Miloşeviçin Bosniyada minlərlə müsəlmanı qətlə yetirməsini nəzərdə tutub.

İnformasiya şöbəsi