Rafiq Əliyevin 70 yaşına yazı yazmaq istəyirəm. Hiss eləyirəm ki, dodaq büzənlər olacaq: “Bu qədər də yox da…”
Məni isə narahat eləyən başqadı; nə yazsam, çox az olacaq. I-nanın…
I-nanın… Bu sözü Rafiq müəllim belə deyir. Indi mən də eynən onun durumuna düşmüşəm. Az qalıram, hələ ağzımı açıb onun haqqında nəsə deməmiş, deyəm: “I-nanın…”
Çünki mən yalnız və yalnız yaxşı sözlər demək istəyirəm. Çünki Rafiq müəllim də əsasən, demək olar, həmişə, hamı haqda yaxşı söz deyir, demək istəyir, ama öz qeyri-səlis məntiqi gəlib durur gözünün qarşısında və sözü xüsusi vurğuyla ayırıb, uzadaraq “i-nanın…” deməklə, əslində, başqalarını yox, özünü inandırmağa, sözün uzunluğunda şübhəni azdırmağa çalışır. O özü bilə-bilə çalışır ki, işıqda qaranlıq, ağda qara olduğunu unutsun.
Insan təkcə xəzinə yaradıcısı deyil, bəzən özü də xəzinə ola bilir. Onun həyat yolundakı uğurlarını, elmi nailiyyətlərini, kitablarını, fəxri adlarını, vəzifələrini, mükafatlarını sadalamaq bir neçə köşə yazısına gərək olar. Onlar da bir xəzinədi. Lakin sadalananlar Rafiq Əliyevin özünün yanında min bir çalardan bəlkə də biri ola, ya olmaya. Onun 70 yaşı tamam olur. Bu 70 yaşlı xəzinəyə baxıb düşünürəm: Şükür sənə, Tanrım, belə xəzinəni bizə vermisən, bu xəzinəni hələ uzun illər də bu millətə, bəşəriyyətə çox görmə. Demirəm ki, Azərbaycanda dəb olduğu qaydada kimlərinsə ömründən tutub, bizim xəzinəyə cala. Yox, sadəcə, ona özünü tam olaraq insanlığa verməsinə zaman ver.
Azərbaycan xalqı böyük bədbəxtliklər içindədi. Onun anormal hakimiyyət dərdi, Qarabağ dərdi var. Ancaq təkcə Rafiq Əliyev kimi bir xəzinəyə sahib olmaq bu dərdlərin hamısının bədəlidi. Bu xoşbəxtlik o bədbəxtliklərdən daha böyükdü. Çünki Rafiq Əliyev xəzinəsindən yararlanılsa, bütün bu dərdlərdən qurtulmaq olar. Sadəcə, istəmək gərək. Xəzinənin qədrini bilmək və ondan yararlanmaq!
Deyirlər, Tanrı hər xalqa özünə bab hakimiyyət verir. Bu deyim, adamı allahın evinə, yəni öz ürəyinəcən yandırır, ruhdan salır. Ama bəs niyə demirlər ki, Tanrı hər xalqa özünə layiq alim verir? Niyə demirlər? Niyə söz deyən müdriklərin də fikri-zikri həmişə padşahlarda olub? Məgər alim desəydilər, dünyamı dağılardı? Heç deməsinlər. Özüm deyirəm! Və Rafiq Əliyevin sayəsində bu kəlməylə xalqıma sevgimi, inamımı, ümidimi artırıram. Birinci deyimdən bədbəxt olmaqdansa, ikinci deyimdən xoşbəxt olmağı yey tuturam. Padşahlar gəldi-gedərdi, Elm-ürfan zamansız.
…Bir dəfə klinik ölüm deyilən duruma düşdüm. Sərhəddən o üzdə məni qarşılayıb Tanrıya doğru aparmağa başladılar. O-nun sevgi dolu işqlı üzünü bu andakı kimi xatırlayıram. Xatırlayıram yox, O özü imkan düşəndən-düşənə Özünü mənə xatırladır: telefonum zəng çalır, Rafiq Əliyevin səsini eşidirəm, o məni hansısa tədbirinə dəvət edir, mən harada, hansı vəziyyətdə olmağımdan asılı olmayaraq o tədbirə uçuram… və o Işığı bir də görürəm. Desəm ki, bu dünyada ondan çox görmək istədiyim biri yoxdu… I-nanın!
Uzun zaman ədəbiyyat-incəsənət Ziqmund Freydin bilincaltıyla nəfəs aldı. Çağımız postmodernizmin quru-sxematik və yayğın nəzəriyyəsinin üstündə. Postmodernizm mənimçün “post” sözündən sonra gələn hissəsindən başqa heç nəyi ilə zərrəcə maraqlı deyil. Halbuki, yaradıcılıq üçün Freydin nəzəriyyəsindən daha qiymətli bir yanaşma var – iki həmvətənimizin qeyri-səlis məntiqi! Sevinirəm ki, binadan, hələ bu məntiq haqda heç nə bilmədən onun prinsiplərilə yazmışam, qismət olsa, yazacam da. Bundan belə daha aydın, daha sistemli.
Xəzinəmizin 70 yaşı tamam olur. Görəsən 70 dəfə xoşbəxt olan biri varmı ki, 1 yaşından 70 yaşınacan hər günündə onun yanında olsun? Var. O, Azərbaycandı! Təkcə elə buna görə Azərbaycanın bir parçası olmağa dəyər. I-nanın…

Əliyevin yanında xoşbəxt olmaq…
•
•