Vətəni sevirsənsə, bəs niyə rüşvət alırsan?

elnur-astanbeyliElnur As

elnurastanbeyli@gmail.com

21-ci əsrdir. Təqvim 2016-cı ili göstərir. Gəlişmiş ölkələr, xalqlar hər gün yeni bir elmi uğura, texnoloji icada imza atır, insanlığın işlərini asanlaşdırırlar. Azərbaycanda isə çoxluğun sevimli məşğuliyyətlərindən biri həm də dəhşətli dərəcədə əttökən, bayağı formada, quru, saxta pafosdan bir addımdan ötəyə getməyəcək şəkildə öz vətənpərvərliklərini yarışdırmaq, güləşdirmək, döyüşdürməkdir. “Kim daha vətənpərvərdir?” – bizdə ən dəbdə olan sual budur. Illah ki, birini vətən xaini, xalq düşməni çıxarmaq, vətəni daha çox özünün sevdiyini iddia etmək, bunu təsdiq eləmək üçün min hoqqadan çıxmaq, məsələn, heç bir estetik zövq oxşamayan və bədii dəyəri olmayan, sadəcə, gurultulu, odlu-alovlu patriot şeirlər yazmaq və oxumaq kimi.

Fikir vermişəm, bu ölkədə “vətən sevgisi”ndən bir qayda olaraq o adamlar basıb-bağlayırlar ki, camaat onları daha çox pul sevgisi ilə tanıyır. Ən böyük sevgisi fəxri ada, prezident təqaüdünə olan adamlar var, utanıb-eləmədən vətən sevgisinin barometri kimi çıxış etməyə çalışırlar. Vəzifə sevgisi başına vurmuş, oturduğu kreslodan ikiəlli yapışıb heç cür qalxmaq istəməyən, kabinetindən yalnız və yalnız meyidinin çıxa biləcəyini düşünən adamlar var, üzlərinə məsumluq görkəmi verib vətən sevgisindən dərs deməyə çalışırlar.

Bu günlərdə bir toy məclisində yekəpər, yaxşı geyinib-keçinmiş, görkəmindən yağlı-buğlu vəzifədə olduğu bilinən bir məmura söz verdilər, mikrofonu tamadanın əlindən alıb bəy-gəlini təbrik edəndən, valideynelərinə gözaydınlığı verəndən sonra yalan olmasın, bir 15-20 dəqiqə Qarabağ dərdindən danışdı, hər gecə yuxusunda işğaldakı torpaqlarımızı gördüyünü dedi, o yerlərə qayıtmağa az qaldığını, lazım gəlsə, bunun üçün ölümə hazır olduğunu söylədi, ara yerdə vurğulamağı unutmadı: “Içimizdəki bəzi vətən xainləri…”

Toy əhli bu məmur yoldaşı xeyli alqışladı, o da əzəmətli addımlarla, özündənrazı halda keçib yerində oturdu!

Dəhşətli vəziyyətdir: bu adamın axırıncı dəfə cibinə halal, alın təri ilə qazanılmış pul kim bilir, nə vaxt girib!

Kim bilir, kabinetinin qapısı ağzında indiyədək nə qədər Qarabağ qazisini, nə qədər şəhid ailəsi üzvünü süründürüb, get-gələ salıb, rüşvət alıb!

Kim bilir, indiyədək nə qədər haqsız iş tutub, nə qədər büdcə pulunu basıb-yeyib, nə qədər məzlumun ahını alıb!

Amma yenə də, heç nə olmamış kimi, vətən sevgisindən, vətən üçün ölümə hazır olmaqdan danışır və hansısa qeyri-müəyyən, mücərrəd “vətən xainlərini” asıb-kəsir. Nə deyəsən, nə yazasan. Güləsən, ağlayasan. Başına haranın daşını tökəsən.

Yaşadığımız çağda bir insanın öz ölkəsinə, vətəninə ən böyük pisliyi seçki saxtalaşdırmaqdır, milli iradəni tapdamaqdır.  Həm seçki qutusuna topa-topa bülleten doldurub, həm də vətən məhəbbətindən basıb-bağlamaq gülüncdür.

Yaşadığımız çağda bir insanın öz ölkəsinə, vətəninə ən  dəhşətli yamanlığı rüşvətxorluqdur. Həm 700-800 manat çinovnik maaşı aldığın halda 3-4 milyon manatlıq villalarda yaşamaq, 200 min manatlıq “inomarka”larda şütümək, həm də vətən xainliyini başqasında axtarmaq boşboğazlıqdır.

Yaşadığımız çağda bir insanın öz ölkəsinə, vətəninə ən pis zərbəsi yalançılıqdır, yaltaqlıqdır. Həm karyera, komfort naminə, özünə, övladlarına gün ağlamaq adına ictimai maraqları satmaq, Şərə qahmar çıxmaq, həm də özündən vətənpərvər obrazı yaratmaq karikaturadır.

Vətən, xalq barədə ənənəvi, lirik-poetik zəvzəklik, tamadalıq dövrü arxada qalıb. Artıq bu mövzularda bəlağətli, boğazdanyuxarı, pafoslu nitqlər ürək bulandırır. Artıq bu mövzuların düsturu çox sadədir, adidir: vətəni sevirsənsə, rüşvət almayacaqsan! Vətəni sevirsənsə, yalan danışmayacaqsan, yaltaqlanmayacaqsan, siyasi bütpərəstlik eləməyəcəksən! Vətəni sevirsənsə, çağın gerisində qalmayacaqsan, dünyaya daha geniş açılmış gözlərlə baxacaqsan, cahil olmayacaqsan! Vətəni sevirsənsə, bəşəri dəyərlərə inanacaqsan və yalnız bu dəyərlərdən çıxış edəcəksən!

Vəssalam, şüttamam.