Xidməti ömrünü “bitirən” avtomobillər hara gedir?
əvvəli ötən sayımızda
Xidməti avtomobillərin sonrakı “taleyi” ilə bağlı məqam da qaranlıq qalır. Qanuna görə, istismar müddətini başa vurmuş xidməti avtomobilləri Dövlət Əmlak Komitəsi hərraca çıxarmalıdır. Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirdi ki, bu iş Nazirlər Kabinetinin müvafiq qərarları əsasında həyata keçirilir: “Birmənalı demək olmur ki, avtomobil 1990-cı, ya da 1992-ci ilindi. Baxır avtomobilin necə istismar olunmasına, neçə il işlədilməsinə. Aşınmalarla bağlı qərara baxmaq lazımdı. Əgər maşın aşınıbsa, nəqliyyat vasitəsini saxlamaq mümkün deyilsə, hissələri və özü hərraca çıxarılır”.
Q.Xəlilov ünvanlanın sualların ona elektron poçt vasitəsilə göndərilməsini xahiş etsə də, onlara cavab vermədi. Həmin suallar bunlardır:
- Istismar müddəti neçə il götürülür?
- Bu avtomobillər və onların hissələri qiymətləndirilərkən real bazar qiymətləri nəzərə alınır, ya daha ucuz təklif olunur?
- Hansı marka avtomobillər hərraca çıxarılır?
- Hərracdan alınan vəsait dövlət büdcəsinə, yoxsa əlaqəli qurumun hesabına keçirilir?
- Bugünə qədər neçə xidməti avtomobil hərracda satılıb?
- 2012-2015-ci illərdə neçə avtomobil və hansı marka avtomobillər hərraca çıxarılıb?
Dövlət Əmlak Komitəsinin rəsmi internet səhifəsində “Nəqliyyat vasitələrinin hərracı” bölümündə müxtəlif avtomobillərin və onların hissələrinin hərraca çıxarılması barədə məlumatlar yerləşdirilib. Bu məlumatların içində yalnız martın 9-da start qiyməti 11019 manat, 2006-cı il istehsalı olan “BMW- 523″-ün hərraca çıxarıldığı göstərilib.
Müqavilə şərtləri gizli tutula bilər
Yenidən “BMW”, “Rollce-Royce”, “MINI” avtomobillərinin ölkədə rəsmi dilleri kimi tanınan “Improtex Motors” şirkəti ilə əlaqə saxladıq. Özünü şirkətin satış meneceri kimi təqdim edən Elşən adlı şəxsin sözlərinə görə, dövlət müqavilələrinin içində gizli tərəflər ola bilər və buna da müqavilənin şərtlərinə əsasən sirr qalacaq bilgilər aiddi.
“BMW Group”-un maliyyə hesabatlarını incələdikdə orada nə Azərbaycanın, nə də “Improtex Motors”un adı var. Bir neçə ölkədə zavod və şöbəsini açan şirkət bizə yaxın ölkələrdən Rusiya və Türkiyə ilə əməkdaşlıq edir. Əsasən Rusiyaya avtomobillər şirkətin Avstriyada olan zavodundan gətirilir. Kalininqrad şəhərində yerləşən şöbədən “BMW Group”-a məxsus avtomobillər almaq üçün hər cür imkan yaradılıb. Bunun üçün Rusiyadakı şirkətə məxsusi bank da açılıb.
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, xidməti avtomobillərlə bağlı informasiya şəffaf olmadığına görə, avtomobillərin kimlərə və hansı qiymətə alınması, eləcə də verilməsi barədə bilgisi yoxdur: “Hansısa statistik rəqəmlər də açıqlanmır ki, bir fikir bildirəsən. Hər halda bu sahədə her şeyin qaydada olduğunu düşünmürəm. Müşahidəm onu göstərir ki, xidməti vəzifəsi uyğun gəlməyən adamlara da xidməti avtomobillər verilməsi halları var. Maşınların alınmasında, qiymətlərin təyin olunmasında korrupsiya amilləri də yer almaqdadır. Ancaq bu mövzuda statistik bilgilər verilsə, daha dəqiq fikir bildirmək olar”.
Mətbuatda “Improtex Motors”-un hətta oğurluq maşın satışı ilə bağlı məqalə yer alıb. Belə ki, hüquqşünas Ilham Məmmədov bu haqda mətbu orqana özü danışıb: “Hüquqi yardım göstərdiyim, ancaq adını gizli saxladığım müvəkkilim ”Improtex Motors”-dan avtomobil alıb, ancaq texniki baxış zamanı həmin avtomobilin oğurluq olduğu üzə çıxıb. O, 12 aprel 2013-cü ildə Ayna Sultanovanın heykəli yaxınlığında yerləşən avtosalona gedir və orada satışa qoyulmuş “BMW” markalı avtomobil onun xoşuna gəlir. O, avtomobili almaq üçün avtosalonun sahibi Islama müraciət edir. Islam isə bildirir ki, bu avtomobil ona deyil, Qobustan RIH-nin başçısı Adil Məmmədovun oğlu Aqil Məmmədova məxsusdur. Və Islamın vasitəçiliyi ilə mənim müştərim Aqillə görüşüb. Aqil bildirib ki, avtomobili 60 min manata satır və bu qiymət mənim müştərimə sərf edib. Razılaşmadan sonra mənim müştərim alqı-satqıdan öncə “BMW”-nin Azərbaycanda rəsmi dileri olan “Improtex Motors” şirkətində texniki baxışdan keçməyi təklif edir. Və Aqil Məmmədov bununla razılaşır”.
Vəkilin sözlərinə görə, avtomobilə baxışdan sonra usta bildirib ki, alınan avtomobil oğurluqdur: “Avtomobilin kodu saxtalaşdırılıb. Bundan başqa, avtomobilin siqnalizasiya sistemi sındırılıb. Bu sistem ”BMW” şirkətinə imkan verir ki, oğurlanmış avtomobil harda olsa da, yerini müəyyən eləsin”.
Hüquqşünas Ilham Məmmədov bu faktı təsdiqlədi. Müştərisinin adının çəkilməsini istəmədiyini deyərək, məhkəməyə qədər faktla bağlı hüquqi yardım etdiyini sonra isə bu işdən uzaqlaşdığını bildirdi: “O məsələ bağlanıb, iş sahibi hər hansı məlumat vermək istəmir. Mən o işdə hüquqi nümayəndə olmuşam. Işin nəticəsi barədə məlumatım yoxdu, çünki həmin işin ortasında bu işdən çəkildim”.
Tender siyahısında “BMW” yoxdu
“BMW Group”-un səhifəsində axtarış apardıqda “Improtex Motors”un adı bircə dəfə sadəcə yerli diller kimi çəkilir. O da “Mini” avtomobillərinin 2012-ci ildə Bakıya humanitar yürüşü çərçivəsində.
Dövlət orqanlarını xidməti avtomobillərlə təmin etməsinə baxmayaraq, bu istiqamət üzrə bircə dəfə də olsun tender siyahısına adı düşmür. Müxtəlif istiqamətlər üzrə isə həm “Improtex Motors”, həm də “Improtex” şirkətlər qrupuna daxil olan “Improtex Travel”, “Improtex Marine” and “Sport Fasilities”-in adlarına tender siyahısında tez-tez rast gəlinir. Belə ki, əlimizdə olan 2010-cu ilin mart-dekabr aylarını əhatə edən tender sənədinə əsasən bu şirkətlərdən yalnız biri müsabiqədə iştirak edib.
2010-cu il mart-dekabr
Ancaq tender siyahısı tam olmadığından Daşkəsən rayonu üçün alınan çoxfunksiyalı 21 teleskopik yükləyicinin neçəyə başa gəldiyini müəyynələşdirə bilmədik. Bu haqda Daşkəsən rayonundakı yenidənqurma və quruculuq işlərindən bəhs edən məqalədə yazılıb. Məqaləyə görə bu sifarişi “Improtex Truck and Buses” şirkəti həyata keçirib (https://dashkesan.wordpress.com/oktyabr/).
Tenderlər nəticəsində xidmətə görə əldə olunan vəsaitin cəmi məbləğini hesablamadıq. Bir halda ki, bu, tam siyahı deyil və deməli, bizim görəcəyimiz rəqəmlər də tam olmayacaq.
Xaricdə necədi?
Iqtisadçı A.Mehtiyev mətbuata beynəlxalq təcrübədən söz açıb. O bildirib ki, Azərbaycandan fərqli olaraq, xarici ölkələrdə məmurların xidməti avtomobillərlə təchizatı müəyyən qanunla tənzimlənir: “Məsələn, Gürcüstan prezidentinin sərəncamı ilə heç bir məmur 15 min avro dəyərindən yuxarı xidməti avtomobilə minə bilməz. Estoniyada isə məmurların xidməti avtomobilləri xüsusi şirkətlərdən kirayələnir və bunun müqabilində həmin şirkətə ildə 6500 – 7000 avro dəyərində vəsait köçürülür. Bu da 5 illik istismar müddəti bitəndən sonra həmin avtomobilin satılması problemini yaratmır”.
Onun sözlərinə görə, Türkiyədə büdcə zərfi ildə bir dəfə parlamentə təqdim olunarkən orada alınacaq avtomobillərin sayı və qiyməti də öz əksini tapır. Bu da korrupsiyanın qarşısının alınması və şəffaflıq baxımından irəliyə atılmış addımdır.
P.S. Təəssüf ki, avtomobillərin istehsalı ilə məşğul olan, Almaniyada yerləşən BMW Group-a ünvanladığımız suallara cavab ala bilmədik.
(Meydan TV)