Rusiya və Çinin siyasi, Iranın isə hərbi yardımı Suriya diktatorunu «ölüm döyüşü»nə həvəsləndirdi
Suriya ətrafında vəziyyət gərginləşir. Beynəlxalq birliyin önəmli qüvvələri bu məsələdə həmrəylik əldə edə bilmədi. Bəşər Əsəd rejimi belə vəziyyətdən istifadə edərək, dinc əhaliyə qarşı raket hücumlarına keçdi. Son iki gün ərzində artilleriya hücumlarından dünyasını dəyişən insanların sayı 150-ni ötdü və bir insanlıq dramı davam etməkdədir… Bu olayların gözlənilənliyi təbii ki, heç kimdə şübhə yaratmırdı. Amma özünü legitim elan edən istənilən hökumətin bu cür aqressiv bir hökumətə, həm də olayların bu mərhələsində dəstək vermək istəməsi yeni suallar yaratmaya bilmir. Nə qədər qəribə olsa da, bu suallar öz cavabını Suriya daxilində tapmaq imkanında deyil. Məsələn, Çin və Rusiyanın son davranışlarının “Bəşər Əsədi müdafiə etmək” kimi şərhi nə qədər doğrudur? Yaxud da belə bir sual: Suriyada baş verəcək siyasi dəyişiklik hansı regional və qlobal proseslərin başlamasına səbəb olacaq? Iranın 15 min bəsicinin (SEPAH əsgəri) Suriyada nə işi var? Bəşər Əsəd nəhayət, anlamaq iqtidarındadırmı ki, o, özünü qorumaq imkanını itirib? Üstəlik, Iran və Rusiyanın ona məhz Suriyada ölmək üçün kömək etdiyini başa düşürmü? Bu ölümdən kimlər və necə yararlanacaqlar? Sonuncu sualın cavabı da Suriyanın sərhədləri xaricindədir.
Putin Fransada nə etmişdi?
Rusiyanın Suriyaya hərbi müdaxiləyə veto qoyması nə deməkdir? Bu sualın cavabını biz bir qədər geridən tapa bilərik. Suriyada ilk zorakılıqlar başlayanda Rusiyanın hazırkı baş naziri Vladimir Putin Fransada bu ölkənin xarici işlər nazirilə birgə bəyanatla çıxış etdi. Putin bildirdi ki, Bəşər Əsəd beynəlxalq hüquq normalarına əməl etməli, dinc insanlara güc tətbiq etməkdən çəkinməlidir. Əks halda, ona qarşı beynəlxalq birlik tədbir görə bilər. Amma indi beynəlxalq birliyin tədbirinə məhz Putinin nəzarətində olduğu kimsədə şübhə doğurmayan Rusiya veto qoydu. Niyə? Bəşər Əsəd zor işlətməkdən imtina edibmi? Xeyr. Əksinə, son iki gündə daha ağır silahlarla hücuma keçib. Amma Rusiya nədənsə, beynəlxalq birliyin bu insan dramına müdaxiləsinə lüzum görməyib.
“Nədənsə”ni bir qədər aydınlaşdırmağa cəhd edək. Rusiyada hazırkı siyasi vəziyyət Suriyadakından sadəcə, hərbi xarakterli olmamasıyla fərqlənir. Putin hazırda Bəşər Əsəddən daha riskli vəziyyətdədir. Çünki Suriyadan fərqli olaraq, Rusiyada dövlət aparatı bir şəxsin tam nəzarətinə otura bilməyib və sülalə hakimiyyəti mexanizminə xidmət etmir. Rusiyada böyük bir kəsim özünü avropalı sayır və Putinin hakimiyyət maraqlarının Rusiyanın dövlət maraqlarını əzdiyini görür. Buna bu və ya başqa formada da etiraz edir. Putin bu seçkilərdən sonra türməyə də girə bilər. Və onun özü o qədər böyüyüb ki, qloballaşan dünyada qaçmağa və gizlənməyə yeri yoxdur. Ona görə də düşünür ki, Rusiyadakı prezident seçkiləri öncəsi Suriya müxalifəti uğur qazanarsa, bu, Rusiya etirazçıları üçün ciddi stimul ola bilər. Bu isə o deməkdir ki, Putin öz sonunun sürətlə yaxınlaşdığını hiss edir. Nəzərə alsaq ki, bu proseslər qlobal bir tendensiyanın elementləridir, Putinin özünə qarşı olan təhlükəni Suriyada qarşılamaq cəhdləri anlaşılandır.
Çin Özbəkistanı qoruyur…
Pekinin veto hüququndan istifadə etməsi də əslində, Bəşər Əsədlə elə də ciddi əlaqəli deyil. Çinin də Rusiya kimi, başqa maraqları var. Hazırkı vəziyyət küçə döyüşlərindəki sığınacağın arxasına taxta düzməyə oxşayır. Çin və Rusiya öz maraqlarının önünə Bəşər Əsədi yıxıblar, arxasını da öz veto qərarları ilə bərkidirlər. Belə vəziyyətdə söhbətin Bəşər Əsədi qorumaqdan getdiyini demək, xeyli gülüş doğura bilər. Çünki Əsəd artıq proseslərin elə mərhələsinə çatıb ki, o heç cür dinc şəraitdə davam edə bilməz. Pekin isə düşünür ki, Suriyadan sonra Iran və ya Özbəkistanda proseslərin qızışması demokratik dalğanı Çin səddinə yaxınlaşdıra bilər. Pekin özünü bu cür proseslərə hazır saymır. Çünki iqtisadi cəhətdən müəyyən stabil inkişafı olsa da, Çində ciddi siyasi problemlər də var və bu neqativlər ictimai həyatın müzakirə olunan prioritetləridir. Digər tərəfdən, Tibet və Uyğurustan məsələsi də gündəmə gələ bilər ki, bu da Pekini xeyli dərəcədə çətin vəziyyətə sala bilər.
Iran Suriyadan Iraq düzəldir?
Iran Suriyaya 15 min bəsic göndərməklə demək istəyir ki, bu ölkədəki kəşfiyyat və əməliyyat məsələlərinə nəzarət edir. Bu, təkcə açıq meydan oxumaq deyil, həm də Suriyadan “yeni Iraq” düzəldəcəyini bəyan etməkdir. Tehran uzun illərdir Iraqda sabitliyin yaranmasına mane olurdu ki, özünə növbə çatmasın. Suriya ilə məsələ də eyni motivlidir. Xomeyninin maketinə belə, ehtiyac duymaq, onu göstərir ki, Islam Respublikasında həm də ciddi mənəvi sarsıntılar artıq gizlədiləsi həddi keçib. Ona görə də Iran hazırkı qlobal filmdə “damda qaça-qaça atəş açan diplomat kəşfiyyatçı”nı xatırladır. Onun üçün hər şey biib. Təkcə sağ qalmaq önəmlidir. Bu ölüm-dirim savaşında isə ən yaxşı qurban elə yerə uzanandır. Bu da Suriyadır.
Əsədin anlamaq gücü…
Bəşər Əsədin isterik davranışları göstərir ki, o, vəziyyəti dəqiq analiz edə bilmir. Belə bir imkanı olsaydı, öz xalqının üstünə Irandan ordu gətirməzdi. Anlayardı ki, onun bu cəhdi özünə qarşı nifrəti artırır və bağışlanmaq limitini aradan qaldırır. Digər tərəfdən, Əsəd anlamalı idi ki, özgə ölkənin silahlı qüvvələrinə ehtiyac duyulursa, bu o deməkdir ki, o artıq Suriyada azlığı və məğlub olanları təmsil edir. Yəni, Suriyada vəziyyət bu cür davam edə bilməz…
Bunu anlamadığı üçün Əsədin siyasi komada olmasından istifadə edən Rusiya, Çin və Iranı daha aydın başa düşmək olur.
ABŞ müdaxilə haqqında düşünür
ABŞ bu müdaxiləni etməyə məcburdur. Iki mühüm faktor bu addımı qaçılmaz edib:
Birincisi odur ki, əgər demokratiya uğrunda mübarizədə hər hansı axsama olsa, Vaşinqton bundan sonra öz müttəfiqlərini artırmaqda çətinlik çəkəcək və baş verən qırğınların məsuliyyətini öz üstündən ata bilməyəcək. Çünki revanş əldə edən despotlar öz etirazçılarının motivasiyasını məhv etmək üçün “ABŞ-ın dəstəyinin bəyanatlardan – sözdən o tərəfə keçmədiyini” deyəcəklər və haqlı görünəcəklər. Təbii ki, o zaman bu dəstəyə kimin veto qoyduğunun bir önəmi olmayacaq. Bu məsələ müzakirə olunsa belə, Rusiya və Çin daha güclü görünə bilər. Belə bir görüntü isə prosesləri nəzarətdən çıxara bilər.
Ardınca isə daha təhlükəli bir proses – sendikalist və anarxist proses başlaya bilər. Bu isə “yeni dünya düzəninin sonu” ola bilər.
Seymur Həzi



