Hakimiyyət bu ölkənin mediasında gedən ifşaedici materialların qarşısını almağa çalışır
Son vaxtlar ard-arda Almaniyadan Azərbaycan hakimiyyətinə dəyən zərbələr iqtidar ideoloqlarının ciddi narahatlığına səbəb olub. Məlumat üçün qeyd edək ki, son bir ayda Almaniyanın nüfuzlu nəşrlərindən olan “Şpigel” qəzeti iki dəfə Azərbaycan hakimiyyəti ilə bağlı tənqidi material dərc edib.
Bundan başqa Almaniyanın “ARD” televiziyası iqtidarı biabır edib. Üstəgəl Ilham Əliyev Münhendə çətin suallar qarşısında qalıb. Avropanın aparıcı ölkələrindən olan Almaniyadan Əliyevlərə dəyən bu “şillələr” hakimiyyətin təxirəsalınmaz tədbirlər görməyə məcbur edib. Əldə etdiyimiz məlumata görə, xarici işlər nazirinin müavini Xələf Xələfovun Almaniyaya səfəri də məhz bununla bağlıdır. Doğrudur, rəsmi məlumatlarda səfər hər iki ölkənin xarici siyasət idarələri arasında ənənəvi siyasi məsləhətləşmələrlə əlaqələndirilib. Lakin hakimiyyətdaxili mənbələr bildirir ki, Xələf Xələfovun vəzifəsi baş verənlərin kökünü öyrənmək və davamlı olmaması üçün danışıqlar aparmaqdır.


