Əgər parkın yerində ticarət mərkəzi tikilərsə, vətəndaşlarımız aldadıldıqlarına dair məhkəmələrə müraciət edə bilərlər
Qurban Məmmədov: «Vətəndaşdan zorla alınan mülkiyyətin yerində nəyin tikilməsindən asılı olmayaraq, ona mövcud bazar qiymətinə uyğun kompensasiya verilməlidir»
Bir neçə gün əvvəl mülkiyyət hüquqlarının müdafiəsinə həsr olunmuş forumda “Qış bulvarı”nın “gələcəyi” ilə bağlı maraqlı faktlar açıqlanb. Tanınmış vəkil Fuad Ağayevin sözlərinə görə, bir neçə oliqarxın şəhərin mərkəzini ələ keçirməsi nəticəsində “Qış bulvarı” adı altında sözügedən küçələrdən 5 minə yaxın adam köçürülüb. Əslində həmin yerdə ticarət mərkəzinin inşası üçün özül qazılıb. Bundan başqa, burada bir sot torpağın qiyməti 200-700 min manat olduğu halda vətəndaşlara cüzi kompensasiya verilib.
Belə olan halda görəsən, aldadılan vətəndaşlar gələcəkdə mülkiyyət hüquqlarının bərpası ilə bağlı yenidən məhkəmələrə müraciət edə bilərlərmi?

Vəkil Qurban Məmmədovun sözlərinə görə, vətəndaşdan zorla alınan mülkiyyətin yerində nəyin tikilməsindən asılı olmayaraq, ona mövcud bazar qiymətinə uyğun kompensasiya verilməlidir. Amma Azərbaycan hakimiyyətinin vətəndaşları aldatmağa üstünlük verdiyini deyən Q.Məmmədov vurğuladı ki, bunun nəticəsidir ki, bütün paytaxt boyu vətəndaşlara cüzi kompensasiyalar ödənib: “Mən tam məsuliyyəti ilə bəyan edirəm ki, bütün bunlara görə məsuliyyəti dövlət başçısı Ilham Əliyev daşıyır. Çünki məhz onun qeyri-rəsmi göstərişi ilə yerindən asılı olmayaraq vətəndaşlara hər kvadrat metrə görə verilən təzminat 1500 manatı aşmır. Halbuki elə yerlər var ki, vətəndaşlar heç bu məbləği də ala bilmirlər. Hətta sarayın arxasındakı ərazidə ”Qış bulvarı” yox, ticarət mərkəzi tikiləcəksə belə vətəndaşlara real bazar qiyməti ilə təzminat verilməlidir”.
Yalnız Azərbaycanda dövlətin vətəndaşının qayğısına qalmadığını deyən Q.Məmmədovun fikrincə, bunun nəticəsidir ki, vətəndaşın halal mülkiyyəti zorla zəbt edilir. Ona görə vətəndaşlarımız gələcəkdə aldadıldığına dair yeni iddia ilə çıxış edərək, yenidən hüquq müstəvisində mübarizələrini davam etdirə bilərlər.
Hikmət


