«Bu cinayətlərdə əlləri olanlar gec-tez həbs olunacaqlar»
Şərlənərək həbs olunan, lakin “Bakı Elektroştamp”, “Bakı Poladtökmə” kimi zavodları əllərindən alınandan sonra azad edilən Zülfüqarlı qardaşlarının mülkiyyət hüquqlarının müdafiəsilə bağlı məhkəmə çəkişməsi davam edir.
Qeyd edək ki, Zülfüqarlılar iddianı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və Gəray Məmmədov adlı şəxsə qarşı qaldırmışdılar. Çünki həmin müəssisələr Gəray Məmmədovun adına keçirilmişdi. Lakin araşdıranda məlum olmuşdu ki, Gəray Məmmədovun heç özünə ev almağa gücü yoxdur, qalmışdı milyonlarla dəyəri olan zavodların səhmləri. Yəni, zavodları başqa məmurlar mənimsəyib, sadəcə, onun adına rəsmiləşdirilib. Bu məsələni mətbuat ortaya çıxarandan sonra səhmləri onun adından çıxarıb Mahir Ağayev adlı şəxsin adına keçirdilər. Odur ki, indi cavabdeh Mahir Ağayevdir.
Amma indiyə qədər nə Gəray Məmədov, nə də Mahir Ağayev məhkəməyə gəlib. Maraqlıdır ki, əvvəl Gəray Məmmədovun hüquqlarını məhkəmədə təmsil edən Ceyhun Yusifov indi də Mahir Ağayevin nümayəndəsi qismində prosesə qatılır.
Zülfüqarlı qardaşlarının vəkili Aslan Ismayılov məhkəmədə “Səhm” Ticarət Mərkəzinin nümayəndəsinin dindirilməsini tələb edib:
– Biz deyirik ki, Gəray Məmmədovla Mahir Ağayevin arasında heç bir alqı-satqı həyata keçirilməyib. Yuxarıdan göstəriş verilib, əmlak addan ada keçirilib. Gəlsinlər, görək ki, zorla Zülfüqarlılardan alınan əmlaklar Mahir Ağayevin adına hansı şərtlərlə keçib?
Azərbaycan balaca ölkədir və hamı nə baş verdiyini yaxşı bilir. Zavodları bir çobanın adına sənədləşdirmişdilər. Bu, mətbuata çıxandan sonra o əmlakı Mahirin adına keçirdilər. Mahir də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun müavini Rüstəm Şahbazovun sürücüsü olub. Bu adamlar, bu cinayətlərdə əlləri olanlar gec-tez həbs olunacaqlar.
Aslan Ismayılov həmçinin növbəti məhkəmə iclasında bu saxtakarlığı ifşa edəcək bir videomateriala baxış keçirilməsi haqda vəsatət qaldırdı:
– Gəray Məmmədovun özünün və ailəsinin həyatının təhlükədə olması, onun bu zavodlara heç bir aidiyyətinin olmaması barədə etirafları olan videoları təqdim edəcəyəm.
Lakin hakim vəsatəti təmin etmədi.
Məhkəmə prosesi fevralın 13-də davam etdiriləcək
Aytən


