Daha bir tikinti şirkəti fırıldaqçı çıxdı

“Fuad LTD” vətəndaşları gözgörəsi aldadıb

Aldadılan şəxslər kirayədə yaşamaq məcburiyyətində qalıb

“Azadlıq”ın redaksiyasına məktub yazan Nizami Əliyev üzləşdiyi problemdən bəhs edib. Mənzillə bağlı olayı izah edən şikayətçinin məktubuna məhkəmə qərarı almış 14 nəfər payçının sayı da əlavə edilib.
Qeyd edək ki, vətəndaşları aldadan tikinti şirkəti 300 nəfərin haqqını yeyib: “Mən həyat yoldaşım Gülsüm Bağıyeva və onun bacısı Kürsüm Bağıyevanın adına Xırdalanda yerləşən ”Fuad LTD” MMC şirkətindən mənzil almaq üçün 2006-cı ildə pul ödəmişəm. Lakin bu şirkətin məqsədi mənzil tikmək yox, dələduzluq etmək olub. MMC-nin müdiri Qasım Məmmədovla qardaşı Nüsrəddin və bacısı oğlu Ramin bir neçə şəxslə birgə insanları aldadaraq bina tikəcəklərinə söz verib. Vətəndaşların pulunu alandan sonra onlar qaçıb hardasa gizlənib. Q.Məmmədov telefonda bizə deyir ki, iki-üç günə tikintiyə başlayıram. Bu sözü biz 2006-cı ildən eşidirik. Indi başa düşürük ki, onlar mənzil tikən deyil, pulumuzu alıb hara xərclədiyini soruşanda o, kiminsə bina tikməyə imkan vermədiyini deyir.
Bütün dövlət orqanlarına ərizə yazmışıq, lakin heç bir qurum ərizəmizlə maraqlanmır. Nədənsə bütün qurumlar Q.Məmmədovla yoldaşlarının dələduzluğunu ört-basdır etməyə çalışır.
Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi vermişik. Məhkəmə bizim xeyrimizə qətnamə qəbul edib. Lakin məhkəmənin qətnaməsi icra olunmur. Artıq kimə müraciət edəcəyimizi bilmirik. Bu dələduzların qarşısının alınmaması bizə təəccüblü gəlir. Onların arxasında kimin dayandığını da bilmirik. Üzləşdiyimiz problemin araşdırılaraq haqqımızın tanınmasına yardımçı olmağınızı xahiş edirik”.
Qeyd edək ki, G.Bağıyeva ilə “Fuad LTD” MMC arasında 13 mart  2008-ci ildə kooperativ binada mənzil tikintisinə dair müqavilə bağlanıb. Müqavilə şərtlərinə əsasən şirkət Xırdalanın M.Hüseynzadə küçəsi ev 1 ünvanında inşa edilən 14 mərtəbəli binanın birotaqlı mənzilini tikərək onun istifadəsinə verməyi öhdəsinə götürüb. Mənzilin ümumilikdə dəyəri isə 22.540 manat məbləğindədir. Müqavilə şərtləri birtərəfli qaydada yerinə yetirilərək 13 mart 2008-ci ildə mənzilin dəyəri şirkətə tam ödənilib. Bacısı K.Babayeva ilə MMC arasında 23 noyabr 2006-cı ildə və 13 mart 2008-ci ildə  kooperativ binada mənzil tikintisinə dair 3 müqavilə bağlanılıb. Bir mənzilin qiyməti 16.250 manat, digər mənzillərin dəyəri isə hər biri 26.680 manat məbləğindədir. Aldıqları mənzillərin heç biri bu günə kimi təhvil verilməyib. Müqavilə bağlanmamışdan əvvəl bacıların Bakı və Gəncədə evləri olsa da, şirkət 3 aya mənzillə təmin edəcəyi vədiylə onları aldadaraq mənzillərini satdırıb. Lakin üzərinə düşən öhdəliyi yerinə yetirməyərək iddiaçı tərəfə zərər verib. Şikayətçi tərəf mənzillə təmin olunmadığından kirayə yaşamağa məcbur olub. Şirkət isə maliyyə resursları tükəndiyi üçün tikintinin dayandırıldığını bəyan edib.
Mövzunu diqətdə saxlayacağıq.

Sosial şöbə