Kaliforniya Dövlət Universitetinin məzunu, tələbə təşkilatının prezidenti olmuş hazırda Azərbaycandan kənarda çalışan həmyerlimiz Vaqif İsmayıl professor Rafiq Əliyevin 70 illik yubileyi münasibətilə ona təbrik məktubu göndərib. Məktubuolduğu kimi təqdim edirik:
“Rafiq müəllim,
Sizin doğum gününüzə hədiyyə olaraq mən, özümün və ətrafımda olan gənclərin sizin haqqınızda düşüncələrimizi paylaşmaq istərdim. İlk növəbədə özümdən başlayım.
Kaliforniyada oxuyarkən sizinlə ilk tanışlığım ad günümə təsadüf etdi. Aprel ayının 13-ü siz məni – sizinlə heç bir qohumluq bağı olmayan bir gənci bələdçi və ya tərcüməçi qismində deyil, sadəcə xaricdə oxuyan bir azərbaycanlı tələbə kimi nahar yeməyinə çağırdınız. Etiraf edim ki, həmin gün ad günümə təsadüf etdiyindən çox düşündüm, çünki digər yandan tələbə yoldaşlarım mənə əyləncəli bir ad günü vəd edirdilər. Lakin atamın sizin haqqınızda danışdıqlarını yadıma salandan sonra ad günü əyləncəsini ertələdim. Doğrudan da ən böyük hədiyyəni sizdən aldım. Professor Lütfi Zadə ilə yanaşı elmin uca pilləsinə yüksəlmiş professorlarla bir süfrə arxasında idim və gənc yaşımda belə bir ortamda olmağıma inanmırdım.
Rafiq müəllim, açığı son zamanlar baş verənlərin və dövlətin sizə laqeyd münasibətinin sizləri üzdüyünə inanmıram. Çünki sizin üçün dəyərlər tamamilə başqadır. Amma yenə də deyim, üzülməyin! Üzülməyin, çünki gənclərin, tələbələrin sizə hörməti və sevgisi hədsizdir. İndilərdə mənim müşahidə etdiyim odur ki, gənclərin dostu olmaq istəyənlər çoxalıb. Çoxları bizləri özlərinə tərəf çəkmək istəyir. Onların o səyləri isə əksər hallarda əksinə alınır. Siz başqalarından fərqli olaraq heç vaxt bunu məqsədli şəkildə etməmisiniz. Amma sizin əməlləriniz və bizlərə münasibətiniz sizi gənclərin dostu, səmimi dostu edir. Onlarla xaricə göndərdiyiniz, yüzlərlə kömək etdiyiniz tələbələr, onların dostları və bundan xəbəri olan cavan nəsil sizi müdrik bir ağsaqqal kimi və dahi bir elm xadimi kimi tanıyır və sevir. Sizə həmişə öz dəstəklərini göstərirlər.
Rafiq müəllim, Sizi təbrik edirəm! Dünən, hazırda işlədiyim şəhərdə, yəni Dubayda azərbaycanlı tələbələrlə görüşdüm. Təsadüf nəticəsində onlara söylədim ki, ayın 10-u Rafiq müəllimin ad günüdür. Onların mənə bir xahişləri oldu: əgər imkan olsa bizlərin adından da Rafiq müəllimi təbrik edərsən. Dövlət səviyyəsində keçirilməsi gərəkdiyi halda bunu etməsələr də, siz bilin ki, sizin ad gününüzü dünyanın bir çox yerində tələbələr bilirlər, qeyd edirlər və sizə sağlamlıq arzulayırlar. Özünüzü qoruyun, çünki biz gənclərin sizdən hələ öyrənəcəyimiz çox şey var”.


