“The Daily Telegraph” yazır ki, Los Angelesdəki California Universitetindən olan tədqiqatçıların gəldiyi nəticələrə görə, meyvə və tərəfəvəzin, habelə bir sıra sərinləşdirici içkilərin tərkibində olan şəkər modifikasiyası fruktoza diabet, ürək qüsurları və Altsaymer kimi xəstəliklərin yaranmasına səbəb ola bilər.
Alimlər bunu isbat etmək üçün siçovullara altı həftə ərzində fruktoza məhlulu içirdiblər.
Bundan sonra siçovullar adi su içirdilmiş başqa siçovullarla eyni labirintə buraxılıb.
Nəticədə fruktoza qəbul etmiş siçovullar labirintdən çıxış yolu tapmaq üçün “fruktozasız siçovullardan” iki dəfə çox vaxt sərf ediblər.
Bununla da alimlər bu qərara gəliblər ki, fruktoza beynin fəaliyyətinə dağıdıcı təsir göstərir.
Lakin bu təcrübənin bir müsbət nəticəsi də olub. Bəlli olub ki, dokozaqeksaen adlı omeqa-3 yağlı turşusu fruktozanın beynə mənfi təsirini neytrallaşdıra bilir.
Bu məqsədlə fruktoza verilmiş siçovullar həm də omeqa-3-lə zəngin kətan toxumu yağı ilə yemləndirildikdə labirintdən fruktozasız siçovullar kimi tez “baş çıxarıblar”.
Dokozaqeksaen turşusu təbiətdə balıqların (xüsusilə də qızl balıq), fındığın və bəzi tərəvəz növlərinin tərkibində rast gəlinir. (BBC azeri)



