mehman-aliyev-yeni1

Ərdoğanın Bakıdan Rusiyaya mesajı niyə ixtisar edildi?

mehman-aliyev-yeni1Mehman Əliyev: «Ərdoğanın çıxışının bu formada qayçılanması anormallıqdır»

Xəbər verdiyimiz kimi, Azərbaycanın rəsmi mətbuatı Türkiyə prezidenti Ərdoğanın Putinlə bağlı fikirlərini senzuraya məruz qoyub. Dövlət agentliyi “Azərtac” Türkiyə prezidentinin çıxışının həmin hissəsini kəsib.

Rəsmi qəzetlər də “Azərtac”dan götürdükləri materialı tirajlayıb. Qeyd edək ki, Ərdoğan 25-27 aprel tarixlərində “Inklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında Bakıda keçirilən 7-ci Qlobal Forumda dolayısı ilə Putini Əsəd rejimini dəstəkləməməyə çağırıb. O bildirib ki, Suriyada öz xalqını barel bombaları ilə öldürən bir terrorçu var. “Bəs bu terrorçuları qırmızı xalçalarla qarşılayanlar, silah yardımı edənlər məsuliyyət daşımırmı? Suriyada artıq qruplar arasında terror deyil, dövlət terroru var. Onlar öz xalqını bombalayırlar”, – deyə Türkiyə prezidenti bildirib. Ərdoğan deyib ki, Türkiyə terrorla mübarizədə əlindən gələni edir.

Türkiyə KIV-lərinin tədbirdən verdikləri materialda Ərdoğanın məhz bu fikirləri qabardılıb. Amma Türkiyəni qardaş ölkə adlandıran Azərbaycan hakimiyyəti nədənsə Ərdoğanın Putinlə bağlı dediklərini tirajlamağa ehtiyat edib.

“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, Ərdoğanın çıxışının bu formada qayçılanması anormallıqdır. M.Əliyevin fikrincə, hökumətin bu addımı atmasına səbəb Rusiyadan çəkinməsidir: “Ərdoğanın Putinlə bağlı fikirləri məhz Bakıda səsləndirməsi hakimiyyəti pis vəziyyətdə qoyur. Eyni zamanda hakimiyyətin müstəqil medianı bu tip tədbirlərin işıqlandırılmasından məhrum etməsi, ciddi anormallıqdır. Bu problemi yaradan Azərbaycan hakimiyyətidir. Onların bütün hərəkətləri qeyri-qanunidir, anormaldır. Hakimiyyət yalnız özünə yaxın medianı bu tip tədbirlərə çağırır. Burada da məqsəd aydındır. Yalnız özü istədiyi məlumatı yaysın. Bu normal jurnalistika, normal münasibət deyil. Müstəqil media bu tip tədbirlərə dəvət edilsə, hakimiyyət senzuranı həyata keçirə bilməyəcək”.

Xəyal