Alman televiziyası hakimiyyəti belə biabır etdi

Bakıdan hazırlanan reportajın almancadan tərcüməsi “Azadlıq”da

“ARD”: “Ölkə Əliyevlər klani tərəfindən avtoritar üsullarla idarə olunur”

Almaniyanın 1-ci telekanalı olan “ARD”nin Azərbaycanda “Eurovision” hazırlığı və bu kontekstdə ölkədə insan haqlarının vəziyyətindən bəhs edən reportaj yayımladığı haqda xəbər vermişdik. Reportaj alman dilində olduğundan onun yazılı mətnini təqdim edə bilməmişdik. Bu gün Facebook-da Qurban Dağlı adlı istifadəçi reportajın Azərbaycan türkcəsində mətnini paylaşıb.

Reportajın əvvəlində “Eurovision” qabağı Azərbaycandakı vəziyyət təsvir olunur: Bakı şəhərinin mərkəzində evlər uçurulur, əhalinin mülkiyyəti zorla əlindən alınır, polis etiraz mitinqi keçirən müxalifətçilərə qarşı hücum edir və tənqidçi jurnalistlər həbs olunur.

Sonra reportajın verildiyi “ttt” proqramının aparıcısı tamaşaçılarını salamlayır:

“Sevinirik ki, əməkdaşımız sağ-salamat geri dönə bilib”

– Əməkdaşımızın səyahət nöqtəsi İranın şimalında, Türkiyənin şərqində, Gürcüstanın arxasında yerləşən Azərbaycandır. Əməkdaşımızın planı belə idi ki, orada baş tutacaq növbəti “Eurovision” Mahnı Müsabiqəsi ərfəsində bu ölkənin beynəlxalq mədəniyyət tədbirinə necə hazırlaşdığını çəkib göstərsin. Hər şey ondan başladı ki, o, ölkəyə giriş vizası üçün iki ay gözləməli oldu. Nəhayət o, başa düşdü ki, jurnalistika və Azərbaycandakı jurnalistika tamam fərqli dünyalardır.
Ona hər yerdə mane olur, çəkiliş yerlərinə buraxmır, müsahibə verənlər rejimə xoş gəlməyən məsələlərdən danışanda isə yerli kameraman əli ilə “dayanmaq” siqnalını verirdi. Biz indi sevinirik ki, əməkdaşımız sağ-salamat geri dönə bilib və onun çəkdiklərini göstərə bilirik.

“Bu müsabiqə özü ilə yeni faciələr gətirdi”

Daha sonra müxbirin Bakıdan hazırladığı reportaj efirə verilir:
– Bakı, Azərbaycan. Şəhərin icra başçısı beynəlxalq medianı və cəmiyyətin yüksək səviyyəli nümayəndələrini şəhərin kənarındakı saraya dəvət edib. “Eurovision” Mahnı Müsabiqəsi üçün hazırlanmış açılış tədbirinə.
Bu da hazırlıq işlərinə aid edilə bilər: şəhərin mərkəzində insan haqları müdafiəçisi Leyla Yunusun evi dağıdılır. Xəbərsiz və qanunsuz.
Həmin bu məkandan ev sahibi, insan hüquqları müdafiəçisi Leyla Yunus korrupsiya və hakimiyyət özbaşınalığına qarşı mübarizə aparırdı. Ekskavatorlar burada olanda, o, xaricdə idi. Rejimi tənqid edən işləri haqqında “Nyu York Times”a məruzə edəndən 10 saat sonra bunlar baş vermişdi. Dağıdılmış evin zərərinin ödənilməsindən söhbət belə getmir. İndi bir qrup işçisi ilə birlikdə o, müvəqqəti olaraq kiçik bir mənzildə məskən salıb.

Bu yerdə Leyla Yunusla müsahibədən bir parça təqdim olunur:
– İstəyirəm biləsiniz ki, “Eurovision” müsabiqəsi Azərbaycanda yaşayan insanlara sevinc gətirmir. Bu müsabiqə özü ilə yeni faciələr gətirdi. Hansı “Eurovision” müsabiqəsindən söhbət ola bilər ki, bu ölkədə işgəncələr, siyasi məhbuslar var, qeyri-azad seçkilər keçirilir, nə toplaşma azadlığı, nə fikir azadlığı var.

“Bu ölkədə mətbuat azadlığı yoxdur”

Müxbir davam edir:
– Son illərdə Bakı çox sürətlə dəyişmişdir. Neft milyardları hesabına tikinti bumu,
800 hündür bina, London və Nyu Yorkdakı kimi daşınmaz əmlak qiymətləri! “Eurovision”dan qabaq hər şey gərək daha da təcili həyata keçirilsin. Ona görə də qarşıya nə çıxırsa, məhv edilir.

Yenə Leyla Yunusun müsahibəsi:
– Burada olanlar mafiya strukturlarıdır. Heç bir insan əmin ola bilmir ki, sabah onun evi dağıdılmayacaq. Heç bir plan yoxdur, özbaşınalıqdır. Sadəcə gələ bilərlər və deyə bilərlər ki, mən burada otel tikmək istəyirəm. Bax elə burada.

Müxbir yenə davam edir:
– Müxalifətin söylədiklərinə görə keçən il ərzində 20 minə yaxın insan beləcə evsiz-eşiksiz qalıb. Bir gecədə – qanunsuz, korrupsiyaya qurşanmış şəhər idarəsinin himayəsi altında.
Kristal Hol (Chrystal Hall) – mahnı müsabiqəsi zalı üçün evlər blok-blok sökülməyə başlanılıb. Biz oranı da çəkmək istəyirdik. Ancaq buraxmadılar. Bizə hətta polisin “qadağandır” səddini də çəkməyə qoymadılar.
İnsan hüquqları müdafiəçiləri söküntüləri gizli olaraq çəkirlər. Bu ölkədə mətbuat azadlığı da yoxdur. Bu ölkə Əliyevlər klani tərəfindən avtoritar üsullarla idarə olunur. Ata Əliyev on il prezident olmuş, ondan sonra oğlu İlham hakimiyyətə gəlmişdir. Müxalifətə də icazə yoxdur. Yalnız adda-budda fəallar, məsələn, bloqçu Əli Novruzov kimi, ölkədəki korrupsiya və cinayətkarlıqlar haqqında açıq danışa bilirlər.

“Mütləqiyyətçi hakimiyyət etirazçılara qarşı amansız davrandı”

Bundan sonra Əli Novruzovla müsahibə təqdim edilir:
– “Eurovision” şəhərin bir çox yerlərini dağıdıb orada binalar tikmək istəyənlərin əlində yaxşı fürsətə çevrilib. İndi onlar dünyanın ən böyük binasını burada tikmək istəyirlər. Dubaydakı Burc Xəlifədən də hündür. Bu artıq gülməlidir. Bizim şəhərin tamamilə başqa problemləri var. İnfrastruktur yoxdur, zibillər vaxtlı-vaxtında yığılmır, bir çox yerlərdə su tapılmır.

Müxbir daha sonra ötən ilin mart-aprel aylarında müxalifətin keçirdiyi etiraz mitinqlərini hakimiyyətin qəddarlıqla dağıtmasından bəhs edir:
– 2011-ci ilin əvvəlində qısa dirəniş olmuşdu. Ərəb baharından ilhamlanan Bakının sakinləri küçəyə çıxdılar. Onlar korrupsiya və hakimiyyətin özbaşınalığına qarşı etiraz edirdilər. Söz azadlığı tələb edirdilər. Mütləqiyyətçi hakimiyyət etirazçılara qarşı amansız davrandı. Bəzi etiraz yerlərində etiraz edənlərdən çox polisləri görmək olurdu. Bəzi fəallar xəstəxanaya düşmək həddinə qədər döyülmüşdülər. Onlardan on yeddisi siyasi məhbus kimi həbs olunublar. Keçən ilin sonunda bəzi məhbuslar əfv olundular. Lakin yenə də həbsxanada məhbuslar yatırlar və onların arasında jurnalistlər də var.

“Demokratiya uğrunda oxu!”

Sonra RATİ-nin sədri Emin Hüseynovla müsahibə efirə verilir:
– Mən əvvəllər jurnalist omuşam, amma indi insan hüquq müdafiəçisi kimi çalışıram. Mən jurnalistlərin hüqularını müdafiə edirəm. Özüm də dəfələrlə polisin zor işlətməsi və döymələrinin qurbanı olmuşam. Məni heç bir hüquqi əsas olmadan həbs etmişdilər. Bir dəfə uzun müddət xəstəxanada müalicə olunmalı oldum.

Bunun ardınca yenə müxbirin səsi gəlir:
– Radio və televiziya dövlət tərəfindən nəzarət altında alındığından bu otaqlardakı gənc jurnalistlər internet televiziya quraşdırıması ilə məşğuldurlar. Ən sadə vasitələrlə. Hər dəfə təhlükə gözləyərək ki, onların bu yerlərini bağlayacaqlar. Onlar “Eurovision” müsabiqəsinə olan indiki beynəlxalq diqqətdən öz məramları üçün yararlanmaq istəyirlər.

Emin Hüseynov :
– Biz indi özümüz üçün bir festival planlaşdırırıq – “Demokratiya uğrunda oxu!”. Azərbaycanda toplaşma azadlığı yoxdur, lakin yenə də biz bu cəhdi etmək istəyirik. Biz “Eurovision” müsabiqəsinə az qalmış “Açıq hava“ müsabiqəsi təşkil etmək istəyirik. Buraya bütün qonşu ölkələrdən sənətçiləri dəvət etmək niyyətindəyik. Onlar demokratiya və insan hüquqları barəsində mahnılar oxuyacaqlar.

“Ümid edək ki, işıldayan bina fasadlarına aldanmayacaqlar”

Reportajın sonunda müxbir Leyla Yunusdan soruşur:
– Sizin almanlara və “Eurovision” üçün Bakıya gələcək ziyarətçilərə sözünüz nədir?

Leyla Yunus:
– İstərdim, onlar əvvəlcə Azərbaycan haqqında məlumatlansınlar. Oxusunlar, buradakı mövcud vəziyyət haqqında öyrənsinlər. Gələndən sonra sadə insanlarla söhbət etsinlər, fotoaparatlarını özləri ilə gətirib, burada küçələrdə nə qədər polisin olduğunu çəksinlər. Əminəm ki, dünyanın heç bir yerində küçədə bu qədər polis görməzsiniz…
 
Müxbir reportajına belə yekun vurur:
– Mayda Bakıya 10 min turist və min altı yüzdən çox jurnalist gələcək. Ümid edək ki, onlar işıldayan bina fasadlarına aldanmayacaqlar.

Aparıcı isə reportajla bağlı Azərbaycan tərəfdən aldıqları münasibəti çatdırır:
– Çəkilişdən sonra Azərbaycanın Almaniyadakı səfirliyindən mətbuat açıqlaması aldıq ki, bəs prezident insan haqları və sosial azadlıqlar sahəsində hərtərəfli islahatlar aparıldığını bəyan edib.

Və istehza ilə proqramı bitirir:
– Lap yaxşı. Onda “Eurovision”a qədər çox yəqin, bu ölkə nümunəvi demokratik ölkəyə çevrilər və heç bir problemsiz bu ölkəyə səyahət etmək mümkün olar.

İnformasiya şöbəsi