Son vaxtlar İran İslam İnqilabını Mühafizə Korpusunun 15 minə yaxın əsgəri Suriyaya göndərilib. Lent.az-ın “Əl-Ərəbiyə” telekanalına istinadən verdiyi məlumata görə, İslam İnqilabını Mühafizə Korpusunun hərbçiləri əsasən qiyamçıların qalaları sayılan Hums, Pabadani, Madayya, Deraa, Əbu Kamal şəhərlərinə yönəldilib, Dəməşq ətrafında isə əsasən Suriya ordusu cəmləşib.
“Reuters” agentliyi isə bu gecə prezident Bəşər Əsədə sadiq təhlükəsizlik qüvvələrinin Hums şəhərinə hücumu davam etdirməsi barədə məlumat yayıb. Ən azı 15 nəfər öldürülüb, 150 nəfər yaralanıb. Rəsmi Dəməşq isə Humsda əməliyyat zamanı 10-dan çox silahlının öldürüldüyünü açıqlayıb.
ABŞ da Suriyada baş verən son proseslərlə bağlı bəyanat verib. Dövlət Departamenti bəyan edib ki, Bəşər Əsədin Rusiya xarici işlər naziri Sergey Lavrova Suriyada yeni Konstitusiya ilə bağlı referendum keçirəcəyi barədə vədinə inanmaq olmaz. Dövlət Departamenti vurğulayır ki, Bəşər Əsəd artıq neçə aydır ki, belə vədlər verir, yerinə yetirməyə tələsmir.
ABŞ prezidentinin mətbuat xidmətinin rəhbəri Cey Karni isə Vaşinqtonun hələ Suriya müxalifətini silahlandırmaq niyyətində olmadığını söyləyib.