“Azadlıq” radiosunun “RIA Novosti”yə istinadən yaydığı xəbərdə deyilir ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Məhəmməd peyğəmbərin üç saç telini Çeçenistana bağışlayıb.
Radionun saytı yazır: “Bu səhər müsəlmanlar üçün qiymətsiz sayılan bu hədiyyə xüsusi reys ilə Istanbuldan Qroznıya çatdırılıb. Təyyarəni Çeçenistan prezidenti Ramzan Kadırovun başçılığı ilə 10 mindən çox insan qarşılayıb. Hədiyyəni qəbul edərkən Kadırov göz yaşlarını saxlaya bilməyib”.
Bu, Qroznıya gətirilən, peyğəmbərə aid ikinci saç teliymiş. Bundan əvvəl isə, yanvarın 26-da Özbəkistandan da peyğəmbərə məxsus olduğu bildirilən saç Çeçenistana göndərilmişdi. Belə başa düşdüm ki, indi Kadırovun əlində müqəddəs peyğəmbərin 4 teli var…
Bir şey maraqlandırır məni. Yox, yanlış dedim. Burda ortaya bir yox, bir neçə sual çıxır. Niyə məhz Kadırova? Niyə Çeçenistana? Niyə xristian dövlətinin əsarətində olan bir müsəlman respublikaya? Niyə Çeçenistanın müstəqilliyi, azadlığı uğrunda savaşanlara qarşı amansız qəddarlığı, metropliyaya sadiqlik göstərməkdə canfəşanlıq eləyən bir müstəmləkə başçısına? Yoxsa bütün dünyada peyğəmbərin adına, daha doğrusu, saç tellərinə ən layiq ölkə müstəmləkə Çeçenistan və onun müstəqilliyinə yağı olan Kadırovmuş, xəbərimiz yox…
Mən oxuduğum, bildiyim qədərilə, Peyğəmbər nəinki öz ölkəsinin, ulusunun əsarətdə, yadellilərin, illah da başqa dinə mənsub yadellilərin köləliyində olmasına qarşı çıxan biri olub, hətta öz tayfasından olan talançı, zalım, amansız, imansız şəxslərlə savaşın başında şəxsən durub. “Vətəni sevmək imandandır” kəlamını da o deyib. Sevmək deyirəm, satmaq yox. Hətta ondan sonra onun soyunun davamçısı Hüseyn ibn Əli də eyni yolun, eyni əqidənin daşıyıcısı olub. Dövləti, milləti, xalq malını öz eyş-işrəti üçün çapıb-talayan Yezidə qarşı savaşıb. Bu savaş məğlubiyyətlə bitsə də, tarixə ən böyük mənəvi qələbələrdən biri və möhtəşəm qəhrəmanlıq nümunəsi kimi düşüb.
Yenə də qayıdıram Kadırova. Yəni, peyğəmbər və onun soyunun davamçısı ilə bağlı tarixi-siyasi faktlarla Çeçenistanın bu lideri arasında hansı sarsılmaz bağlar var ki, islamın müqəddəs şəxsinin telləri ona göndərilir? Belə deyək də, elə bil Səməd Səmədova, Aygünə, Faiqə “xalq artisti” adı, Hüsnü Mübarəkə, Qəzzafiyə, Bəşər Əsədə “Sülh üzrə Nobel mükafatı”, Ilham Əliyevə “Bütün Xalqın Prezidenti”, “Korrupsiyaya qarşı Mübariz”, “Azadlığın və Demokratiyanın sarsılmaz ilhamvericisi”, “Insan Hüquqlarının Dönməz Müdafiəçisi”, “Vətəndaşların Mülki Haqlarının Mücahidi”, “Jurnalistlərin Qoruyucu Mələyi” mükafatını verirsən. Bir dəxli varmı? Tutaq ki, Çeçenistan Rusiya ilə savaşdığı dönəmdə, azadlıq mücadiləsi verdiyi vaxtda peyğəmbərin telləri bu ölkəyə göndərilsəydi, yenə də başa düşmək olardı. Məgər köləlik bu qədər qutsal ki, Peyğəmbərin telləri onun mükafatı oldu? Yapma ya, Ərdoğan abi…
Sözümün canı isə başqadı. Istənilən mömin, istənilən din alimi etiraf eləyər ki, Kadırovla Peyğəmbəri birləşdirən heç bir dəyər yoxdu. Peyğəmbərin üç telinin gəlişinə göz yaşı töküb, insanlara, vətənə zülm eləmək arasında bir bağ ola bilərmi? Bu bağlantı nonsesdi, ironiyadı və nəhayət, peyğəmbərə təhqirdi. Görəsən, Rafiq Tağının, Salman Rüşdinin iki gözünü bir deşikdən çıxaran ayətullahlar hardadı?
Bəlkə söhbət Türkiyənin Qafqaz siyasətindən gedir? Peyğəmbərin telləri ilə alver… Lütfən, ateistlər deməsin ki, elə o tellərin yiyəsi də nə vaxtsa tacir olub. Malı-mala qatmayaq, yaxşımı? Dəyərlər dəyişə bilər, ancaq dəyərlərlə alver heç xoş deyil…
Tellərinə keçmiş olsun, Peyğəmbər!

Məhəmməd peyğəmbərin 3 teli
•
•