Qibleyi-aləm!
Bunları heç vaxt, amma heç vaxt sizə yazmazdım – əgər bizə uzaq bir şəhərdə Azərbaycanı Misirlə eyniləşdirən bir cənaba zati-alinizin sərtləşən üzünü görməsəm, acı cavabını eşitməsəydim.
Bəli, heç vaxt yazmazdım – ona görə yox ki, düşündüklərimi, doğru bildiklərimi bu qədər açıq-açıq yazarkən əslində, özümün, doğmalarımın həyatından nə qədər əndişəli olduğumu başqalarının da öyrənməsindən utanıram, bunu özümə bir əskiklik görürəm, bunun məni alçaltdığını düşünürəm. Əsla! Hər halda, bir yerdə biz də insanıq, daşdan, dəmirdən deyilik, ətdən, sümükdən, ilikdənik. Sevmək, nifrət etmək, gülmək, ağlamaq, cəsur olmaq kimi qorxmaq da insanın yaradılışında var.
Elə isə niyə yazmazdım?
Yazmazdım – çünki öz rahatsızlığımla başqalarında da rahatsızlıq, öz əndişələrimlə başqalarında da əndişə yaratmaq mənə görə deyil.
Amma uzaq bir şəhərdə söylədiklərinizdən sonra yazmamaq sadəcə, əldə deyil. Əlimdə deyil.
Qibleyi-aləm!
Cavabınızda 1 milyon iş yeri, yoxsulluğun ləğvi, sabitlik-filan haqqında dediklərinizə bir şey söyləməyəcəm. O sözlərinizi Tarixin təqdirinə buraxıram. Azərbaycan əlbəttə, durulacaqdır, zatən suların dibindəki daşları da durulunca görmək mümkündür.
Mənim sözüm Azərbaycanda söz azadlığı olduğuna dair dediklərinizədir.
Qibleyi-aləm!
Illərdir zati-alinizi və başında dayandığınız bu irticanı ələşdirən yazılar yazıram. Amma bu illər boyunca içim bir an olsun belə, rahat olmadı. Bir an belə, təhlükəsiz olduğumu düşünmədim.
Niyə?
Çünki sayənizdə bu ölkədə insanlara dinc yaşamağın bir yolu göstərildi: şəninizə məhdiyyələr oxumaq, təriflər yağdırmaq, yalmanmaq, yaltaqlanmaq.
Əvəzində qaranlıqları aydınlatmaq, yanlışları söyləmək, həqiqətləri yazmaq, ölkəni başına alıb gedən sümürücülüyün, talançılığın, oğruluğun, zülmün üstünə yerimək suç oldu. Sizin beyninizlə düşünüb, sizin ağzınızla danışmamağın bədəli ağır oldu, başından bəri.
Məsələn, heç olmadı ki, qaranlıq bir küçədən keçərkən arxadan ayaq səsləri eşitdiyimdə “indi nə olacaq?” deyə əndişələnməyim. O anda sırtımdan bıçaqlanacağımı, ağzımdan atılacağını gözlədim. Bəlkə qürurumu sındırmaq istəmədim heç vaxt, dönüb geri baxmadım, amma gizlətməyəcəm – qorxdum, hürkdüm hər dəfə. Qorxu altında söz azadlığı varmı, zati-aliləri, hürkü ilə söz azadlığı bir yerdə ola bilərmi?
Bir qaranlıq dəhlizə girdikdə hər an qarşıma əli silahlı bir qatilin çıxmasını gözlədim.
Telefonumu tanımadığım, naməlum nömrədən gələn hər zəngə açdığımda bu dəfə hansı təhqirləri, hansı təhdidləri eşidəcəyimi gözlədim.
Hər gün qızımı bağrıma basıb, dəqiqələrcə yanaqlarını öpüb, qoxusunu içimə çəkib gedər-gəlməzə gedirmiş kimi çıxıram evdən. Çünki saatlar sonra cibimdən nəşə çıxmayacağına…
Üzümə Sevgiladənizdən, Çaladzenizdən birinin dayandırılmayacağına…
Başıma torba keçirilib bir gölün kənarına aparılmayacağıma, mitilimə çırpılıb ayağım üstündən maşın sürülməyəcəyinə…
Yolu keçərkən bir qaqaşın bahalı maşınının məni çarpmayacağına, oturduğum kafedə qoluzorlu bir dəliqanlınızın qalxıb ağzımı-burnumu qırıb sonda da bütün suçun mənim üstünə atılmayacağına heç vaxt, amma heç vaxt təminatım olmadı.
Elə isə, bu hansı söz azadlığıdır, zati-aliləri?
Söz azadlığı yalnız doğru bildiyini, ağlından keçənləri, inandıqlarını, düşündüklərini yaza, danışa bilmək deyil ki!
Söz azadlığı doğruları danışan, yazan hər kəsin içinin rahat olmasıdır. Doğmalarının təhlükəsizliyindən əmin olmasıdır. Şərin, böhtanın, iftiranın, təhdidin, basqının hədəfinə çevrilməyəcəyinə inanmasıdır.
Düşündüklərini söylərkən dilini sürüşdürməməsidir.
Həqiqətləri yazarkən əlini əsdirməməsidir.
Fərqli düşünənin düşmən elan edilməməsidir.
Söz azadlığı – tərif azadlığı deyil. Söz azadlığı daha çox tənqid azadlığıdır. Hər cür aykırı sözə, alternativ fikrə, müxalif mövqeyə qucaq açılmasıdır.
Qibleyi-aləm!
Sizə qəzetin bir köşəsindən bu açıq məktubu yazarkən inanın ki, ağlımın bir köşəsindən də son nöqtəni qoyduqdan sonra cocuqlarıma bir vəsiyyətmi, bir vida məktubumu deyim, yazmaq keçir.
Amma vəsiyyət də söz azadlığına daxildirmi, doğrusu, bax bunu bilmirəm.
Bir vida məktubu necə, söz azadlığına daxildirmi?

Qibleyi-aləmə açıq məktub
•
•