Prezidentin köməkçisi dünya jurnalistikasında necə səhv tutdu?
Insafən demək lazımdır ki, hökumətimizin yaxşı yumor hissi var. Bəzən elə məqamlara toxunurlar ki, adamın bütün dərdi-səri yoxa çıxır. Demokratiya, insan haqları, şəffaflıq barəsində o qədər həvəslə danışırlar ki, adam inanmaq istəyir.
Bu dəfə də möhtəşəm fikirləri prezidentin köməkçisi Əli Həsənov söyləyib: “Nə qədər ki, dünyada jurnalistikanın vahid davranış kodeksi müəyyən olunmayıb, jurnalistika subyektiv maraq daşıyıcısı olmaqda davam edəcək. Elə etmək lazımdır ki, BBC, CNN və Azərbaycandakı media orqanında çalışan jurnalistlər vahid prinsipdən, kodeksdən məsələlərə yanaşsınlar” – deyə Əli Həsənov bildirib.
Bəli, öz ölkəsində jurnalistikanın vahid kodeksini müəyyən edə bilməyənlər, dünyaya jurnalsitika dərsi keçməyə başlayıb. Belə çıxır ki, dünya jurnalistikası Bəxtiyar Sadıqovun kodeksinə uyğun işləməlidir. Dünya jurnalistləri “Səs”də, “Yeni Azərbaycan”da, “Azərbaycan”da yazılanlardan nümunə götürməlidir.
Xatırladaq ki, Azərbaycan media azadlığı indeksinə görə 183 ölkə arasında 162-ci yeri tutub. “Freedom House” təşkilatının aprelin 27-də açıqladığı “Mətbuat Azadlığı 2016″ hesabatında isə Azərbaycan 199 ölkə arasında 189-cu olub.
Göründüyü kimi azad mətbuatın sıradan çıxarıldığı, araşdırmaçı jurnalistlərin qondarma ittihamlarla həbs olunduğu ölkənin hökuməti heç bir kompleks keçirmədən vahid davranış kodeksindən danışır.
Bütün dünya bu hökumətdən jurnalistləri azad etməyi, müstəqil mətbuata basqıları dayandırmağı tələb edir, Əli Həsənov isə BBC-yə, CNN-ə məsləhət verir.
Görəsən, beynəlxalq mətbuat Azərbaycan haqqında hansı qeyri-real məlumatları dərc edib? Korrupsiyadan, seçki saxtakarlığından, repressiyalardan, monopoliyadan, ofşor şirkətlərdəki çirkli pullardan yazıblar ki, bu da həqiqətdir.
Beynəlxalq aləm yaxşı bilir ki, Azərbaycanda müstəqil mətbuat barmaqla sayılacaq qədər də deyil. Eyni zamanda yaxşı bilinir ki, yüzlərlə qəzet, sayt məmurların nəzarətindədir, hökumətin mədhinə xidmət edir.
Mətbuatı rəqiblərə qarşı şər-böhtan maşınına, cəmiyyəti yalanla qidalandıran vasitəyə çevirən adamlar, jurnalistika qaydalarından danışırlar.
Azərbaycanda jurnalistikanın “vahid davaranış kodeksi” müəyyənləşib və bu da rejimə əyilməkdə ifadə olunur. Bu “kodeks”i pozanlar “vətən xaini”, “ermənipərəst” kimi təqdim edilirilər. Yəni, bu ölkədə çoxdandır ki, mətbuat subyektiv maraq daşıyıcısıdır və hökumətin siyasəti bunu tələb edir. Məsələn, cəbhədəki 3 günlük döyüşdən sonra 100-ə yaxın hərbiçimiz şəhid oldu və bugünə qədər nə Müdafiə Naziriyinin mətbuat xidməti, nə də rejimin nəzarətində olan yüzlərlə media orqanı bu xəbəri tirajlaya bilmir. Çünki, Əli Həsənovun təmsil olunduğu hökumətin “kodeks”i bunu tələb edir.
Xülasə, hökumət “gül” vura-vura gedir. Bu dəfə isə Əli Həsənov lap “gülüstan” saldı. Elə inamla danışdı ki, elə bil müstəqil mətbuatın yaşaması üçün uzun illər külüng vurub.
Oyunun olsun, Əli Həsənov! Bu “kodeks” məsələsində lap bizi feyziyab elədin.
Samir