Fazil Məmmədovla oliqarxlar arasında savaş davam edir

fazil-mamedov1Vergilər Naziri iri marketləri vergidən yayınmaqda suçladı

Bir çox sahələr, o cümlədən ticarət sektoru vergi nəzarəti tədbirlərinin azalmasından istifadə edərək dövlət büdcəsinə ödənilən vergilərin məbləğini azaltmağa və bu yolla vergidən yayınmağa çalışıb.

Bunu Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti Baş Idarəsinin şöbə rəisi Elşən Hüseynov iri ticarət şəbəkələrində aparılmış xronometraj yolu ilə müşahidə barəsində danışarkən deyib. Onun sözlərinə görə, 2015-ci ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin eyni dövründə nəzarət tədbirlərinin sayı ümumilikdə 64,2 faiz, o cümlədən səyyar vergi yoxlamaları 40 faiz, kameral vergi yoxlamaları 61,2 faiz, operativ nəzarət tədbirləri 92,5 faiz azaldılıb: “Nəzarət tədbirlərinin azalması fonunda bir sıra fəaliyyət sahələri üzrə daxilolmalarda, o cümlədən pərakəndə ticarət sahəsində nəzərə çarpacaq dərəcədə azalma müşahidə olunub. Bu isə həmin fəaliyyət sahələri üzrə vergi ödəyicilərinin vergi öhdəliklərini könüllü surətdə yerinə yetirmək istəmədiklərini göstərir. Bu yaxınlarda iri ticarət şəbəkələrinin birində aparılmış xronometraj yolu ilə müşahidə nəticəsində vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrdə öz dövriyyəsini fevral ayında altı dəfədən də çox azaltdığı, mart ayında isə ümumiyyətlə dövriyyə göstərmədiyi aşkar edilib. Mart ayında Novruz bayramı ilə əlaqədar ticarət müəssisələrinin dövriyyəsinin artdığını nəzərə alsaq, necə deyərlər, şərhə ehtiyac qalmır!”.

Qeyd edək ki, bir neçə gün əvvəl Vergilər Nazirliyi Bakıda fəaliyyət göstərən “Neptun” və “Grand” supermarketlərində xronometraj tətbiq etmişdi. Bunun da səbəbi “Rahat”, “Bizim”, “Fresko”, “Səbət”, “Makromart”, “Araz”, “Neptun”, “Bolmart”, “Favorit” supermarketlər şəbəkəsinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciəti idi. Onlar vergi yükünün azaldılmasını xahiş edirdi. Məhz bu müraciətdən sonra Vergilər Nazirliyi “Neptun” və “Grand”ın mağazalarında yoxlamalara başladı. Əslində bu vergilər naziri Fazil Məmmədovla oliqarxlar arasında savaş idi. Görünür, savaş hələ də davam edir. Çünki Elşən Hüseynov açıqlamasında ad çəkməsə də, onun “Neptun”la “Grand”ı nəzərdə tutduğu aydın sezilir. Digər tərəfdən o da bəlli olur ki, Fazil Məmmədov oliqarxların qarşısından geri çəkilmək niyyətində deyil.