Türkiyə prezidentinin Putinlə bağlı fikirləri niyə senzuraya məruz qalıb?
Azərbaycanın rəsmi mətbuatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanın dövlət başçısı Vladimir Putinlə bağlı fikirlərini senzuraya məruz qoyub. Dövlət agentliyi “Azərtac” Türkiyə prezidentinin çıxışının həmin hissəsini kəsib.
Rəsmi qəzetlər də “Azərtac”dan götürdükləri materialı tirajlayıb. Qeyd edək ki, Ərdoğan 25-27 aprel tarixlərində “Inklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında Bakıda keçirilən 7-ci Qlobal Forumda dolayısı ilə Putini Əsəd rejimini dəstəkləməməyə çağırıb. O bildirib ki, Suriyada öz xalqını barel bombaları ilə öldürən bir terrorçu var. “Bəs bu terrorçuları qırmızı xalçalarla qarşılayanlar, silah yardımı edənlər məsuliyyət daşımırmı? Suriyada artıq qruplar arasında terror deyil, dövlət terroru var. Onlar öz xalqını bombalayırlar”, – deyə Türkiyə prezidenti bildirib. Ərdoğan deyib ki, Türkiyə terrorla mübarizədə əlindən gələni edir.
Türkiyə KIV-lərinin tədbirdən verdikləri materialda Ərdoğanın məhz bu fikirləri qabardılıb. Amma Türkiyəni qardaş ölkə adlandıran Azərbaycan hakimiyyəti nədənsə Ərdoğanın Putinlə bağlı dediklərini tirajlamağa ehtiyat edib. Yaxud da Rusiyanın hakimiyyətdəki 5-ci kalonu buna mane olub. Hər bir halda bu Türkiyə prezidentinə qarşı xoşagəlməz addımdır. Ərdoğan həmin tədbirdə xüsusi qonaqlardan biri idi. Digər tərəfdən o, Azərbaycan üçün əhəmiyyət daşımayan hansısa ölkənin yox, həmişə Azərbaycana dəstək verən Türkiyənin prezidentidir.



