Milli Şura cəbhədəki vəziyyəti müzakirə edib

milli suraQurumun Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilib

Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilib. Dünən keçirilən toplantıda ölkədə yaranmış ictimai-siyasi vəziyyət, siyasi məhbus məsələsi, Qarabağda atəşkəsin pozulduğu şəraitdə Azərbaycan cəmiyyətinin vəzifələri, məhkəmə hüquq sistemində yaranmış acınacaqlı vəziyyət və sair məsələlər müzakirə edilib. İclasda ölkədə yaranmış sosial-iqtisadi böhranın dərinləşməsi, işsizliyin kəskin şəkildə artması, işgüzar mühitin daralması, qonşu ölkələrə kapital axınının güclənməsi, bank-kredit sahəsində ağır problemlərin yaranmasından ciddi narahatçılıq ifadə edilmişdir. Aparılan müzakirələrdə Azərbaycan hakimiyyətinin ölkədə yaranmış böhrandan çıxmaq istiqamətində siyasi iradə nümayiş etdirməməsi təəssüf hissi ilə qeyd edilib.

Toplantıda bildirilib ki, son dövrlərdə günahsız, saxta ittihamlarla həbsə alınmış bir sıra şəxslər azad edilsə də, ölkədə siyasi məhbus problemi öz həllini tapmamış, qurama ittihamlarla həbs edilən siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, mətbuat nümayəndələri, gənc aktivistlər və inanclı insanlar siyasi mülahizələrlə həbsdə saxlanmaqdadırlar. Eyni zamanda toplantıda Meydan.tv ilə əməkdaşlıq edən jurnalistlərə qarşı cinayət işinin açılması, curnalistlərin kütləvi şəkildə istintaqa çağrılmasını azad sözə basqı kimi, mətbuat təmsilçilərinin qorxu altında saxlanılması kimi dəyərləndirilib. Toplantıda Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı ölkə konstitusiyasına əlavələrin edilməsi istiqamətində atılan addımların ciddi qanun pozuntusu olduğu, bu yaxınlarda Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim edilmiş qanun layihəsinin Azərbaycanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərlə ziddiyyət təşkil etdiyi, habelə parlamentin öz səlahiyyətlərini aşdığı göstərilib.

Koordinasiya Mərkəzinin iclasında siyasi məhbusların azad edilməsi, repressiyaların durdurulması istiqamətində işlərin davam etdirilməsinin zəruriliyi qeyd edilib.

Müzakirələrin gedişində məhkəmə-hüquq sistemində yaranmış acınacaqlı vəziyyətin araşdırılması və yaxın gələcəkdə hüquqi islahatların aparılması ilə bağlı təkliflərin hazırlanmasınının vacibliyi Milli Şuranın hüquq komissiyasına tövsiyyə edilib. Toplantıda Ermənistan ordusunun atəşkəsi pozması və Qarabağ ətrafında yaranmış kövrək durumda Azərbaycan cəmiyyətinin vəzifələri haqqında müzakirələr aparılıb. İclasda qeyd edilib ki, Ermənistan prezidentinin danışıqlar prosesindən imtina etməsi yeni siyasi və hərbi şərait yarandığında xəbər verir. Bu şəraitdə hakimiyyət rəsmilərinin, dövlət mətbuatının və hakimiyyətin nəzarətində olan informasiya vasitələrinin tələsik sülh təbliğatına başlaması, əhalinin vətənpərvərlik təşəbbüslərinin qarşısının alınması, xüsusilə gənclərin döyüş ruhunun boğulması zərərli nəticələrə gətirib çıxarıb. Müzakirələrin gedişində son günlər Ermənistan ordusu tərəfindən atəşkəsin pozulması, cəbhə xətti boyunca Tərtər və başqa istiqamətlərdə dinc yaşayış məntəqələrini atəşə tutulması aprel ayının əvvəllərindəki 3 günlük hərbi əməliyyatlardan sonra buraxılmış səhvlərin nəticəsi kimi qiymətləndirilib. Toplantıda xalqın vətənpərvərlik təşəbbüslərinin gücləndirilməsi, Azərbaycan ordusuna xalq dəstəyinin verilməsi, gənclər arasında döyüş əzmi və ruh yüksəkliyinin təmin edilməsinin vacibliyi qeyd edilib. Müzakirələrin sonunda qərara alınıb ki, cəbhə xəttində atəşkəsin pozulduğu şəraitdə Azərbaycan cəmiyyətinin vəzifələri mövzusunda geniş tədbir keçirilsin.