Suriya ilə bağlı ilginc plan açıqlandı

Müxalifət silahlandırılacaq, Israil Bəşər Əsədin silahlı qüvvələrinə aid bazaları vuracaq, diktatorun devrilməsində üsyançılara kömək göstəriləcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Dəməşqdə Bəşər Əsədlə görüşüb. Lavrov görüş zamanı Əsədə bütün ölkələrin liderlərinin məsuliyyətlərini dərk etməli olduğunu deyib. Nazir diktatora “Sən məsuliyyətinin fərqindəsən” söyləyib. Bəşər Əsədlə çox faydalı danışıqlar apardığını deyən Lavrov Suriya diktatorunun ölkədə hökumət qüvvələrinin etirazçılara yönəlik zorakılıqlarını və silahlı hücumlarının dayandırılacağına zəmanət verdiyini də vurğulayıb. Nazir əlavə edib ki, ölkədəki bütün siyasi qüvvələrlə dialoqa hazır olan Bəşər Əsəd yaxın günlərdə ümumxalq referendumunun tarixini açıqlayacaq. Qeyd edək ki, Səfərdə Lavrovu Rusiya xarici kəşfiyyat xidmətinin rəhbəri, keçmiş baş nazir Mixail Fradkov müşayiət edir.
Rusiya rəsmilərinin Suriyaya səfərinə toxunan ABŞ dövlət departamentinin sözçüsü Viktoriya Nuland bildirib ki, Vaşinqton Lavrovun Əsədə onun rejiminin hansı izolyasiyaya düşdüyünü başa salacaq və onu hakimiyyəti təhvil verib getməyə təhrik edəcəyinə ümid bəsləyir. Əlavə edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da Suriya məsələsini müzakirə etmək üçün yaxın günlərdə ABŞ-da yola düşəcək.
Bu arada Suriyada baş verənlərdən ciddi narahatlıq keçirən bəzi Qərb ölkələri Dəməşqdəki səfirliklərini bağlayıb. ABŞ-dan sonra Fransa, Ingiltərə, Italiya, Ispaniya, Belçika da Suriyadaki diplomatic təmsilçiliklərinin fəaliyyətini dayandırdıqlarını açıqlayıblar. Körfəz Ölkələri Əməkdaşlıq Şurasına üzv olan ərəb ölkələri də yaxın günlərdə Dəməşqdəki səfirliklərini bağlayacaqlarını bildiriblər. Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ səfirlərinin Dəməşqi tərk edəcəyi deyilir.
Iranın dövlət televiziyası olan “Press TV” Qərbin Suriyada Bəşər Əsəd rejimini devirmək planı barədə ilginc məlumat yayıb. Məlumatda deyilir ki, ABŞ və Qərb tərəfindən hazırlanan plana əsasən Türkiyə bir müddət sonra Suriya torpaqlarına girərək müxalifət güclərini silahlandıracaq, Israil isə Bəşər Əsədin silahlı qüvvələrinə aid əhəmiyyətli  bazaları uzaqdan vuracaq. Bununla da Bəşər Əsədin devrilməsində müxalifətə kömək göstəriləcək.
“Press TV”nin “üst səviyyəli qaynaqlara” istinadla yaydığı xəbərə görə, plan çərçivəsində əvvəl müxtəlif ölkələrdəki Suriya səfirlikləri hücuma məruz qalacaq, bu yolla Əsəd rejimi dünya ictimaiyyətinin gözündən salınacaq. Ardından Suriya rəhbərliyi hərbi cinayətə yol verməkdə ittiham olunaraq Beynəlxalq Hərbi Tribunala veriləcək. Iran televiziyasının iddiasına görə, Vaşinqton daha sonra Vəhhabi silahlıları ilə Livandan gələcək Fəth ül Islam milislərini silahlandıraraq Suriya sərhədindəki kəndlərin ələ  keçirilməsinə kömək olacaq. Bu mərhələdə Israil də döyüş təyyarələri və mərmilərlə Bəşər Əsəd ordusunun əhəmiyyətli mərkəzlərini vuraraq təsirsiz hala gətirəcək.