Saxta rəy sorğuları Əliyevin nəyinə lazımdır?

n_memmedli-yeniNurəddin Məmmədli: «Vətəndaşlar hakimiyyətdən narazıdır, hətta xeyir-şərdə gördüyüm YAP-çılar elə danışır ki…»

“Rəy” Monitorinq Mərkəzi yenə öz ənənəsinə sadiq qalaraq iddia edir ki, 800 respondent arasında keçirilmiş sorğuda rəyi soruşulanların 97 faizi Ilham Əliyevə tam etibar etdiyini, 89 faizə yaxını bu prezidentin onlar kimi insanların maraqlarına cavab verdiyini deyib. Iddia olunur ki, Dağlıq Qarabağda gərginliyin artması fonunda Ilham Əliyevə Ali Baş Komandan kimi dəstək də artıb. Guya, Əliyevin sərəncam və tapşırıqları iqtisadi sahədə vəziyyəti kökündən dəyişib, ölkəni dünya bazarında neftin ucuzlaşmasının, qlobal iqtisadi böhranın mənfi təsirindən qoruyub.

Maraqlıdır, dərin iqtisadi islahatlar aparılan, demokratik  dəyərlərin bərqərar olduğu ölkələrdə belə, əhalinin bu qədər hissəsi dövlət başçısına və ya hökumətə etimad göstərmir. Bu baxımdan, “Rəy”in sorğusunun obyektivliyi çox böyük şübhə altındadır. Ümumiyyətlə, saxta rəy sorğuları Əliyevin nəyinə lazımdır?

Professor Nurəddin Məmmədli deyir ki, ölkədə rəy sorğusu keçirilməsi üçün elmi əsaslara söykənən metodologiya, bunu reallaşdıra biləcək kollektiv və digər vasitələr yoxdur. Bu mənada, ölkədə klassik formada keçirilən rəy sorğularının nəticələri onun hansı təhlildə reallaşdırılmasından asılıdır: “Yəni əvvəl kimin keçirdiyini deməklə nəticələrin necə olacağını səhv etmədən proqnozlaşdırmaq olar. Ümumiyyətlə, hakimiyyətin bu istiqamətdə apardığı bütün tədbirlər, təşkil etdiyi vasitə və üsullar daxili auditoriyaya hesablanmaqla, yalanlar üzərində qurulmuş oyunlardır. Ölkə vətəndaşları hamının necə yaşamasını, necə idarəçilik forması olduğunu yaxşı bilir. Son illərdə  vətəndaşlar hakimiyyətdən narazıdır, hətta xeyir-şərdə gördüyüm YAP-çılar elə danışır ki, mən az qala, müxalifətçiliyimə şübhə ilə yanaşıram. Məndə təəssürat yaranır ki, elə ən böyük müxalifətçi onlardır. Belə bir ölkədə dövlət başçısı və ya başqa məmurun reytinqinin 100 faizə yaxın olması kommunist ideologiyasından gələn çürük düşüncənin ifadəsidir. Yəni bu sorğular reallığı əks etdirmir”.

Informasiya şöbəsi