Hökumət sahibkarların tənqidini yox, tərifini eşitmək istəyir
Hökumət problemləri həll etmək əvəzinə, problemləri gizlətməklə məşğuldu. Bir neçə gün öncə ölkədə fəaliyyət göstərən ən böyük marketlərin sahibləri Iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ünvanlamışdı. Müraciətdə bildirilirdi ki, devalvasiyadan sonra ciddi problemlər yaranıb, marketlərin fəaliyyətini dayandırmaq məcburiyyətində qalıblar.
Qısası, sahibkarlar devalvasiyadan sonra verilən vədlərə əməl edilmədiyini və nəticədə zərbənin onlara dəydiyini bildirirlər. Belə ki, ölkə başçısı müşavirələrdə geniş nitqlər söyləyirdi, sahibkarlara geniş imkanlar yaradılacağını vəd edirdi. Sahibkarlar da bu vədlərə inanıb ixtisarlara getmədilər, qiymətləri stabil saxlamağa çalışdılar. Indi isə görürlər ki, bütün vədlər imitasiya xarakterli imiş və problemləri dilə gətirməyə məcbur olublar. Amma nazirə şikayət müraciəti kifayət etdi ki, həmin marketlərə yoxlamalar göndərildi.
Fakt budur ki, iş adamları ölkədən qaçır, pullu adamlar üçün Gürcüstan, Türkiyə daha cazibədar görünür. Qanunlar hələ də kağız parçasıdırsa, iri məmurlar iqtisadiyyat üzərində monopoliyanı hələ də saxlayıblarsa, köklü islahatlar üçün siyasi iradə yoxdursa, sahibkarlığın inkişafından söhbət gedə bilməz.
Yuxarıda da qeyd etdiyimiz kimi hökumət real problemləri həll etmək əvəzinə, problemin yoxluğunu sübut etməyə çalışır. Belə ki, ötən gün “Sahibkarlar günü”nə həsr olunmuş konfrans keçirilib və konfransda prezidentə müraciət ünvanlanıb. Müraciət, “zəhmətkeş məktubları” tipindədir. Sanki, ölkədə heç bir problem yoxdur, sahibkarlar üçün “yaşıl işıq”dır və sahibkarlar problemsizlikdən əziyyət çəkir.
Bəli, bu qədər çılpaq həqiqətlər ortadadı, iri marketlər bağlanır, digər iri sahibkarlar üsyan edir və belə bir vaxtda konfrans keçirib sahibkarların prezidentə mədhiyyəsini təşkil edirlər.
Bir daha aydın olur ki, hökumət tənqidə nifrət edir, çatışmazlıqları görmək istəmir, qarşıya qoyulan məqsəd problemlərin həll edilməsi deyil.
Hansıki, normal hökumət etiraz edən sahibkarları dərhal qəbul etməli, problemlərdən danışmalı, cəmiyyətə səmimiyyətini göstərməliydi.
Amma bütün iqtisadi göstəricilər aşağı düşüb, bank sektoru dağılıb, ölkədən iş adamları qaçıb və belə bir vaxtda sahibkarları bir yerə yığıb yalançı inkişafdan danışdırırlar.
Təbii ki, bu zehniyyət heç vaxt problemləri həll edə bilməz.
Samir


