Azərbaycan Serbiyada yol çəkilişi üçün 15 illiyə 4 faizdən 300 milyon ayırıb
Nemət Əliyev: «Yerli sahibkara 25-30 faizlik kreditlər ayrıldığı halda, xarici ölkənin sahibkarlarına 3-4 faizlik kreditlər verilməsi başa düşülmür»
Azərbaycan hökuməti öz vətəndaşı üçün ölkə daxilində kredit alma şərtlərini kifayət qədər çətinləşdirsə də, xarici ölkələrlə əlaqələrdə nədənsə səxavət nümayiş etdirir. Belə ki, gənclərin ipoteka krediti alması üçün faiz dərəcəsi illik 8 olsa da, hökumət Serbiyaya yol çəkilişi üçün ayırdığı 300 milyon avronu 15 il müddətinə 4 faizlə verib. Özü də kreditin 3 ili güzəştli şərtlərlədir. Serbiyada həyata keçiriləcək iri layihədə 60 körpünün, 5 tunelin tikintisi nəzərdə tutulur. Azərbaycan hökumətinin ayırdığı maliyyənin hesabına bizim şirkətlər yalnız yolun bir hissəsinin tikintisini həyata keçirəcəklər.
AXCP Iqtisadiyyat Komissiyasının sədri Nemət Əliyevin fikrincə, ölkələrarası siyasi, iqtisadi və mədəni əlaqələrin qurulması vacib məqam olsa da, hər bir halda ölkənin xarici siyasəti daxili siyasətin üzərində qurulmalıdır. Amma nədənsə xarici ölkələrə, xarici vətəndaşlara münasibətdə Azərbaycan hökuməti daha çox səxavət nümayiş etdirir, nəinki öz vətəndaşına. Bu baxımdan N.Əliyev hesab edir ki, bunun heç bir məntiqi izahı yoxdur: “Ölkə daxilində sahibkarlığın inkişafı üçün ayrılan vəsaitlərin faiz dərəcəsi 25-30 faiz olduğu halda xarici ölkənin sahibkarlarına 3-4 faizlik kreditlər ayrılır. Ona görə bu, Azərbaycan hökumətinin növbəti yanlışlarından biridir. Bu bir daha göstərir ki, Azərbaycan hökuməti neft sektorundan əldə etdiyi imkanları ölkə daxilində deyil, özünün maraqlarının gerçəkləşməsi üçün xərcləyir. Bu siyasətə heç cürə haqq qazandırmaq olmaz”.
N.Əliyev onu da vurğuladı ki, əgər bu gün Azərbaycanın maliyyə imkanları bu cür proyektlərin həyata keçirilməsinə imkan verirsə, sabah bu olmaya bilər: “Əgər bu gün neft sektorunun hesabına ölkənin maliyyə imkanlarının artırılmasına şərait varsa, daxil olan vəsaiti qeyri-neft sektoruna, iqtisadiyyatın müxtəlif sahələrinə, kənd təsərrüfatına yönəltmək lazımdır. Çünki sabah bu imkanlar məhdudlaşa, bəlkə də heç olmaya bilər. Ona görə nə qədər maliyyə var Azərbaycanın milli maraqları, dövlətçiliyi naminə səmərəli sərmayələr yatırılmalıdır. Bu gün düzgün addımlar atılmasa, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı sisteminə inteqrasiyası həyata keçirilməsə, bu, gələcəkdə ölkəmiz üçün ciddi problemlər yarada bilər”.
Xəyal


