“Xədicənin həbsdə qalmasına imkan vermək olmaz”

amal-kluniHəbsdəki araşdırmaçı jurnalist Xədicə İsmayılı Avropa Məhkəməsində təmsil edən dünya şöhrətli vəkil Amal Kluni (məşhur Hollivud ulduzu Corc Kluninin həyat yoldaşı) aprelin 25-də BBC-yə müsahibə verib. Müsahibəsində o, Xədicə İsmayılın işi ilə bağlı sualları da cavablandırıb.

“Ötən bir neçə ildə başqa jurnalistləri də məhkəmədə təmsil etdiyimdən, jurnalistlərlə bağlı bütün dünyadakı işlər barədə çox oxumuşam. Ancaq bu iş mənə gerçəkdən toxunub, çünki cəmi 39 yaşlı gənc və cəsur xanımdan söhbət gedir. O bu ölkədə jurnalist olmağın çətinliklərini bilirdi, axı bir həmkarı düz evinin önündə və ailəsinin yanındaca güllələnərək öldürülmüşdü… Xədicə bununla barışmaq istəmədiyindən, onu özümün ilham qaynağı sayıram.

Azərbaycan Avropa Şurasının üzvü ola-ola, Xədicənin həqiqəti deyə bilməsini istəmədiklərinə görə, onun dəmir barmaqlıqlar arxasında saxlanmasından çox qəzəbləndim. Ona necə yarım edəcəyimi düşündüm”, deyə Kluni bildirib.

İlham Əliyevin ötən ay ABŞ-da Obama administrasiyasında görüşlər keçirməsi və bunu rəsmi Vaşinqtonun razılıqla qarşılaşması haqda suala cavabında vəkil bunları deyib:

– Yaxşı məqam odur ki, hökumətə diplomatik təzyiqin işə yarıya biləcəyini bilirik. Bilirik ki, ötən ay 147 məhbus azadlığa buraxılıb və onların arasında 10-dək siyasi məhbus olub. Xədicədən qisas almaq üçün onu siyahıya salmayıblar. Bəlkə də öz işini çox yaxşı gördüyünə görə.

Əfv fərmanı martın 18-də imzalanıb. Üstündən 2 həftə belə keçmədən prezident Əliyev artıq Obamanın əlini sıxıb və vitse-prezident Bidenlə görüşüb. Bu səbəbdən, düşünürəm ki, olub-bitəni müsbət addım saya bilərik. Onların həbsdən azad edilmələrinə sevinirəm. Ancaq burası var ki, Xədicə indi ölkədə qalan siyasi məhbuslar arasında ən görkəmlisidir və bunun belə davam edəcəyinə imkan vermək olmaz.