Təhsil Şöbəsinin müdiri Manaf Balaşov məktəbləri öz hesabına tikdiyini, təmir etdirdiyini deyir
“Ilham Əliyevin 14 yanvar 2011-ci ildə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi sərəncamından sonra bizim rayonda rüşvətxorluq daha da inkişaf edərək görünməmiş həddə çatıb. Təsəvvür edin ki, müəllimlərdən alınan rüşvət beş-altı dəfə artırılıb. Bu gün işə düzəlmək üçün 2000-4000 manat arasında pul tələb olunur” – bu sözləri Yardımlı rayonunda işləyən müəllimlərdən biri deyir.
Onun sözlərinə görə, Təhsil Şöbəsinin tətbiq etdiyi məzənnəni verə bilməyənlərə “qırmızı işıq” yandırırlar: “Deyə bilərsiniz ki, işə götürülən müəllimlərin əmri Təhsil Nazirliyində verilir, bunun rayon Təhsil Şöbəsinə heç bir aidiyyəti yoxdur. Rayonda elə insanlar var ki, ali pedaqoji təhsil alıb, hərbi xidməti başa vursa da, hətta Təhsil Nazirliyinin test imtahanlarından keçsə də, təhsil şöbəsində tələb olunan pulu verə bilmədikləri üçün işsiz qalıblar. Əvəzində hansısa kolleci çətinliklə bitirən, hərbi xidmətdə belə olmayan, Təhsil Nazirliyinin test imtahanlarından keçə bilməyən adamlar verdikləri pulların hesabına bu gün müəllim işləyirlər. Əgər müəllim 2500-3000 manat verib saxta hərbi bilet alıbsa, o, şagirdlərə hansı vətənpərvərlik hislərini aşılaya bilər?”.
Təhsilə ayrılan pulların qəddarcasına mənimsənildiyini deyən rayon sakini bildirir ki, beş ildən çoxdur məktəblərə təbaşir belə verilmir: “Dəftərxana ləvazimatları üçün ayrılan pullar öz təyinatı üzrə xərclənmir. Məktəblərin qızdırılmasından ötrü veriləsi yanacağın pulu kimlərinsə cibinə gedir və nəticədə məktəblərin qızdırılması ilə əlaqədar ciddi problemlər yaranır”.
“Bir müddət əvvəl kənd mağazalarında 15-20 manata satılan eyni keyfiyyətli məktəbli formaları valideynlərə 40-60 manat arasında məcburi satıldı. Məktəbli libaslarının valideynlərə zorən satılmasından, pullarının yığılmasından ötrü rayon icra hakimiyyəti başçısının birinci müavini Azər Xamıyevlə bərabər, təhsil şöbəsinin müdiri Manaf Balaşov məktəb direktorlarının başına nə oyun açdılar” – deyə, Yardımlı sakini qeyd edir.
Sonra yazır ki, 2008-ci ildə Nisəqala kəndində orta məktəbin binası inşa edilməyə başlayanda orada baş verənlərin nəticəsini sakinlər əvvəlcədən bilirmişlər: “Tikintidə işləyən fəhlələrin adına pul yazılmırdı, yəni onlar qeyri-rəsmi işləyirdilər. Indi həmin məktəbin divarlarında bir neçə yerdə çat əmələ gəlib. Dövlətin yarım milyona yaxın vəsaiti hesabına inşa edilən bu məktəbi Xəzər Aslanov dəfələrlə kənd camaatının başına qaxınc edərək öz cibinin pulu ilə tikdirdiyini iddia edir”.
Ramin DEKO