Harvarddan… Bakıya “səyahət”

«Azərbaycandan tutmuş Zimbabveyə qədər öz ideyalarını, fikirlərini ifadə və müdafiə etdiklərinə görə həbsxanada saxlanılan siyasi məhbusların olduğunu görürük»
(Hilları Klinton, ABŞ-ın dövlət katibi)

“Həbsxananın kiçik Azərbaycan, Azərbaycanın isə böyük həbsxana olduğunu görürəm” (Bəxtiyar Hacıyev, Harvard məzunu, məhbus).
“Azərbaycandakı inkişafı görməyənlər kordur” (Elin Süleymanov, Azərbaycanın (oxu, YAP-ın!) ABŞ-dakı səfiri).
…Elin Süleymanovdan fərqli olaraq, Bəxtiyar Hacıyevin daha “əlverişli” şansları var idi. Qoltuğuna Arnold Şvartsnegerin təsviri olan xalçanı vurub, onunla görüşməyi həyatının ən böyük “uğuru” sayan Elin Süleymanovdan fərqli olaraq Bəxtiyar Hillari Klinton və digər məşhur siyasətçilərin diqqətini, savadı və zəkası ilə cəlb edə bilmişdi.
Hazırda Bəxtiyar 9 aydır, Qızıldaş qəsəbəsində 14 saylı  cəzaçəkmə müəssisəsində saxlanılır. Bakı Dövlət və Xəzər  Universitetlərini, daha sonra isə (!), dünyanın bir nömrəli təhsil ocağı olan Harvard universitetini bitirmiş bu gəncin “günah”ı, nədir, görəsən?
Cavab birmənalıdır, Elin Süleymanovda olmayan AZƏRBAYCAN SEVGISI!..
Bu elə bir sevgidir ki, o insanı heç vaxt tərk etmir, soyuq həbsxana divarlarında da onu üşüməyə qoymur…
Rejimin bütün sədəqələrindən imtina edən Bəxtiyar Hacıyev əslində qorxulu çağırışlar, hakimiyyətə qarşı açıq-aşkar bəyanatlarla çıxış etməmişdir, təbiətinə görə radikal da deyildi. O, sadəcə Azərbaycanda olan mövcud rejimi öz adıyla çağırmışdı(!), vəssəlam…
Istər-istəməz dahi rus yazıçısı Aleksandr Radişev və onun “Peterburqdan Moskvaya səyahət” əsəri yada düşür. Kitabı oxuyan rus çariçası II Yekatrina, “Bu, Puqaçovdan da dəhşətli qiyamçıdır” deyə bağıraraq ona əvvəl ölüm cəzası verdi, sonra isə “rəhm” etdi və yazıçı Sibirə, 10 illik katorqaya göndərildi. Kitab əsasən, əyalətdəki məmur özbaşınalığından bəhs etsə də, rejim vəlvələyə düşmüşdü…
Bu hadisədən iki əsr keçsə də, mahiyyəti dəyişməyən rejimlər eyni addımı atırlar…
Avtoritar rejimlərin dəyişməyən bir xüsusiyyəti var, siyasi opponentləri zindanda çürütmək… Göründüyü kimi, Radişşevlə Bəxtiyar Hacıyevin həbsinin motivləri o qədər oxşardı ki,  XVIII-ci əsrlə, XXI əsr arasındakı fərqi hiss etmirik.., eyni metodlar, eyni motivlər, orda Ilim qalası, burda Qızıldaş qəsəbəsi… Avropadan gələn monitorinq qrupunu heyrətləndirməmək üçün həmin ərəfədə Bəxtiyarı “müalicə etmək” adı ilə oradan çıxarmaq, Radişevin saxlanıldığı şəraitin daha yaxşı olmasını göstərir. Hər halda, inqilabçının sürgündə yaşadığı evin muzeyə çevrilməsi dediklərimizə əyani sübutdur. Radişşev təxminən orada yaşadığı 5 il müddətində hətta… evlənməyə belə macal tapmışdı…
Romanovlar sülaləsindən olan digər çar Aleksandr isə onun oğlunu Saratov vilayətinə qubernator təyin etdi(!)…
Bəxtiyar Hacıyev müsəlman olması ilə də fəxr edirdi. Himayəli(!) “dünyəvi”lərdən fərqli olaraq, islami dəyərlərə, Qərbin hörmətlə yanaşdığının şahidi olduğunu hər fürsətdə dilə gətirirdi. Sitat: “Dustaqlar məndən tez-tez Amerikada müsəlmanlara münasibəti soruşurlar. Onlara tanınmış universitetlərin məscidləri olduğunu, Ramazanda iftar təşkil edildiyini, azan və Quran oxunduğunu, hicablı və saqqallı tələbə yoldaşlarımın problemsiz təhsil aldıqlarını deyirəm. Təəccüblənirlər. ”Bəs deyirlər Amerika islam düşmənidir? Bizdə həm bayırda, həm də həbsdə dinimizə qadağalar daha çoxdur ki…”.
Bu, Bəxtiyarın həbsdən yazdığı məktubdan götürülüb. Mesajın kimlərə ünvanlandığını açıqlamaq fikrimcə, yersizdir.
Müxalifət lideri Əli Kərimlinin “Azan səsi zalımlardan başqa heç kəsi təhdid etmir” ifadəsindən “sui-istifadə”lərə, Harvard məzununun bu arqumentlərini tutarlı cavab kimi qiymətləndirmək olar…
…Martın 28-də Bəxtiyar 31 yaşına qədəm qoyacaq, həbsxana rəhbərliyi isə “ənənə” gərəyi onun başını qırxmaq üçün göstəriş verəcək (ordakı bütün vicdan məhbusları bu proseduradan keçiblər – X.Ə). Həbsxananın kiçik kitabxana divarlarında, Ilham Əliyevin 31 şəklini sayan vicdan məhbusu, “həbsxanaları azad etməliyik” deyir…
…Hələlik isə, onun azad edilməsi üçün Harvard universitetinin kollektivinin topladığı 823 imzalıq petisiya ABŞ-dakı səfirliyin sıravi əməkdaşına təqdim edilib. Səfir Elin Süleymanovla görüş isə Harvard məzunlarına “qismət” olmayıb. Xalçasız (!) görüşün nə mənası…
…Dünən Bakı Apelyasiya Məhkəməsindən isə Harvard məzunlarına cavab gəldi: “Çox yəqin ki, tələbə yoldaşınız (inkişafı görmədiyinə görə), həbsdə qalacaq?!”
Darıxma, Bəxtiyar, sən həbsxanalarla birgə azad olacaqsan!..