Əlaqədar qurumlar istehlakçıların oğru obrazını yaradıb
Qışın soyuq havası deyəsən, bəzi dövlət qurumlarının işinə də təsir edib. Yoxsa onlar bir ağızdan paytaxtda işıq, su və qaz probleminin olmadığını iddia etməzdi. Amma fakt budur ki, kəskin havalar paytaxtın əksər rayonlarında həyatı əməlli-başlı iflic edib. Son yağan güclü qardan sonra Bakının, demək olar, yarısından çox ərazisində elektrik enerjisi problemi yaşanıb. Qaz təminatında da problem yarandığından və əhalinin istifadə etdiyi su boruları donduğundan həyat, demək olar, dayanıb. Buna baxmayaraq kommunal işlərə baxan qurumlar efir vasitəsilə işıq və qaz təminatı sahəsində problem yaranmadığını, hətta bu yöndə “qaynar xətt”ə hansısa müraciətin daxil olmadığını bildirib.
Maraqlıdır, Bakının kəndləri və bəzi rayonları qarışıq, Əhmədli, Günəşli və digər yaşayış massivlərində baş verən bu problemi əlaqəli qurumlar qeydə almırmı?
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qəzetimizə açıqlamasında qeyd edib ki, istehlakçılar bu məsələrələ bağlı hər gün quruma müraciət edir: “Onlar deyir ki, yaşanan problemlərlə bağlı ”qaynar xətt”ə zəng vursa da, telefonun dəstəyini qaldıran yoxdur. Yəni yaradılan bu “xətlər” əhalinin şikayətini eşitmir. Əslində, “qaynar xətt”lərin özünün monitorinqini aparmaq üçün agentlik yaradılmalıdır. Ölkədə istehlakçı hüququ qorunmur, bu sahədə balanslaşdırılmış bir siyasət ortaya qoyulmalıdır. Monopolist qurumların istehlakçıların başına hansı oyunu gətirdiyi açıqlanmalıdır. Onlar ölkə prezidentinin yanında istehlakçıların oğru obrazını yaradırlar. Bu, ölkədə istehlakçı siyasətinin yarıtmaz vəziyyətdə olmasından xəbər verir”.
Nigar


