Məmməd Əlizadə od püskürdü

«Həmin o inqilabların Azərbaycanda da vüsət alması üçün zəmin yaranmaqdadır»

Hakimiyyətyönlü Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə “Reytinq” qəzetinə müsahibəsində od püskürüb. O, ölkədəki vəziyyəti təhlil edərək bildirib ki, ərəb inqilabları Azərbaycandan da yan keçməyəcək: “Azərbaycanda ixtiyari bir vaxtda xalqın müəyyən bir hissəsinin öz səsini qaldırması, həmin o inqilabların Azərbaycanda da vüsət alması üçün zəmin yaratmaqdadır. Bunun da əsası ondadır ki, ölkədə islahatlar başlansa da, lazımi səviyyədə aparılmır, rüşvət və korrupsiyaya qarşı mübarizədə lazımi addımlar atılmır. Hesab edirik ki, hakimiyyətdə bu islahatlara mane olan qüvvələr ya geri çəkilməli, ya da həmin qüvvələr zərərsizləşdirilməlidir…
Çox təəssüf hissi ilə qeyd etməliyəm ki, bu gün bir qrup məmur “atam mənə kor deyib, gəlib-gedəni vur deyib” prinsipi ilə fəaliyyət göstərir”.
Məmməd Əlizadə bildirib ki, Azərbaycanda rəqabət mühiti olmadığına görə inkişaf da yoxdur: “Cəmiyyətin özündə sağlam rəqabətə söykənən mühit yaradılmalıdır. Əgər bu gün ölkədə sağlam rəqabət yoxdursa, dövlətçilik maraqlarını üstün tutan partiyalar normal fəaliyyət göstərə bilmirlərsə, milli mənəvi dəyərlərimizi pozan amillər geniş vüsət alırsa, hansı inkişafdan danışmaq olar? Yəni, Azərbaycanda üç əsas rəqabətin – iqtisadi, siyasi və mənəvi rəqabətin heç forması da mövcud deyil. Hər addımbaşı insan hüquqlarının pozulması və bu kimi digər dözülməz problemlər bizə onu deməyə əsas verir ki, ölkədə ciddi problemlərin olduğunu iddia edək. Bu problemlərin başında isə hakim komandada təmsil olunan bir qrup məmur dayanır”.
Məmməd Əlizadə deyib ki, bu gün əsas problem hakim komandadır: “Bu komanda ilə qarşıdakı seçkilərdə nəinki qələbə çalmaq mümkün deyil, hətta ölkəmiz inqilab burulğanına sürüklənə bilər. Çünki xalq artıq bu komandadan, rüşvət və korrupsiyadan, regionçuluqdan bezib, bu komanda ilə işğal olunmuş torpaqlarımızın azad edilməsinin mümkünlüyünə inanmır”.