“Cinayətkar “idarəetmə mexanizmi” leqallaşdırılır”

ali-karimli1Əli Kərimli: “Təəssüf ki, bizlər indi manatla birlikdə dövlət hakimiyyətinin də devalvasiyaya uğradığı dövrdə yaşayırıq”

Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun keçmiş MTN zabiti, hazırda həbsdə olan Akif Çovdarovun ondan təhdidlə 3 milyon manat aldığı haqda şikayət verməsi göndəmin əsas xəbəridir. AXCP sədri Əli Kərimli feysbuk səhifəsində mövzuya toxunaraq, hazırda YAP-ın Yasamal rayon təşkilatına sədrlik edən Tağı Əhmədovun bu etirafını dövlət idarəçiliyində yol verilən qanunsuzluğun leqallaşdırılması kimi şərh edib. AXCP sədri yazır:

Millət hələ də Tağı Əhmədov şokundan çıxa bilmir. Yox, milləti şoka salan nə Çovdarovun 3 milyon xərac tələb etməsi, nə də Tağı Əhmədovun bu pulu ona verməsidir. Artıq xalq xeyli təcrübələnib. Hamı bilir ki, hakimiyyət daxilində çovdarovlar da, belələrinə dinməz-söyləməz milyonlarla manat “haqq” verən əhmədovlar da saysız-hesabsızdır. Xalqı təəccübləndirən odur ki, bu cinayətkar “idarəetmə mexanizmi” artıq leqallaşdırılır. YAP-ın rayon təşkilatının sədri, bizneslə məşğul olmaq hüququ olmadan, uzun illər Metropolitenə rəhbərlik etmiş Tağı Əhmədov çox rahatlıqla paqon altında gizlənmiş bir cinayətkara 3 milyon manat rüşvət verməsindən danışa bilir. Və əmindir ki, ondan həmin 3 milyon manatı hansı qanunsuz yollarla əldə etdiyini heç kim soruşmayacaq. Təəssüf ki, bizlər indi manatla birlikdə dövlət hakimiyyətinin də devalvasiyaya uğradığı dövrdə yaşayırıq.