-Sən kimsən?
-Gəncəm.
-Necə gənc?
-Vətənpərvər türk gənci. Vətənimi və vətənimə qardaş olan Türkiyəni çox sevən biri.
-Türkiyəni də sevirsən?
-Əlbəttə. Axı biz bir millət iki dövlətik.
-Bunu kim deyib?
-Ulu öndər.
-Hə?
-Hə.
-Səfirliyin qarşısına bayraqla niyə gəlmisən?
-Etiraz eləməyə.
-Kimə?
-Fransaya.
-Nə üçün?
-Bəs bilmirsən?
-Nəyi?
-Fransızlar erməni soyqırımını tanıyıb.
-Mən bilən fransızlar erməni soyqırımını bir neçə il əvvəl tanıyıb axı. Bir neçə il gecikmisən etiraza.
– … Bəs axı yazırlar ki…
-Fransada erməni iddialarını inkar edənlərə cəza verilməsini nəzərdə tutan qanunun qəbul edilməsini deyirsən yəqin.
-Hə də onu deyirəm.
-Yaxşı. Bəs etirazını necə bildirəcəksən?
-Fransız mallarını baykot edəcəm. Daha onların məhsullarını almayacam, əsərlərini oxumayacam, musiqisini dinləməyəcəm, filmlərinə baxmayacam.
– Peşən nədir?
-Mən gənc fəalam. Universitetdə oxuyuram.
-Tələbəsən?
-Hə. Nədir ki?
-Harada oxuyursan?
-Oxuyuram da.
-Təqaüd alırsan?
-Hə.
-Aldığın təqaüd səni qane edir?
–
-Niyə dinmirsən?
-Sevgilin var?
-Onun söhbətimizə nə dəxli var ki…
-Var?
-Var.
-Ona axrincı dəfə hədiyyə nə almısan?
-Ətir.
-Ətirin adını deyə bilərsən?
-Oriflame
-Məncə ad ətiri istehsal edən firmanın adıdır axı.Bəs heç fransız ətirı almamısan sevgilinə?
-Fransız ətiri deyil ki?
-Yox. Onlar keyfiyyətli və bahalı ətirlərdir.
-Məndə pul nə gəzire.Tələbə adamam.
-Atandan al da.
-Şoferdə də pul olmur. Yazıq imtahanlarıma pulu güclə çatdırır.
-Marşrutda işləyir?
-Yox. Kreditə bir 07 götürüb. Onunla fırlanır.
-Yəni taksi sürücüsüdür.
-Hə.
-Xəbərin oldu sürücülər bu günlərdə eriraz aksiyası keçirib.
-Niyə ki?
-Atandan soruş , o bilər. Sən də fırlanırsan arada 07 ilə?
– Hə. 07 vurgunuyam.
-Amma ondan da yaxşı maşınlar var. Məsələn Peugeot.
-Neçəyədir?
-07 -dən bahadır, amma keyfiyyətlidir.
-A kişi, pul hardandır. Bəs haranın maşınıdır?
-Fransanın.
-Yox biz fransız avtomobili sürməməliyik. Axı etiraz edirik.
-Hə?
-Hə.
-Kitabla aran necədir?
-Belə də.
– Heç arada oxuyursan?
-Arada olur.
-Hansı əsərləri oxumusan?
-Yadıma sala bilmirəm. Səndə adama elə sual verirsən ki.
-Yaxşı bəs Corc Sand, Didro, Molyeri,Sartrı tanıyırsan?
– Onlar kimdir?
-Nə yaxşı telefonun var. Yeqin yaxşı mahnılar da yazmısan hə?
-Əlbəttə.
-Varsa mənə Edit Piafın, Patrisiya Kaas, Alizenin mahnılarını göndər.
-Onlar kimdir? Müğənni?
-Bəs sən almadığın ətirə, sürmədiyin avtomobilə, oxumadığın yazarın əsərinə, dinləmədiyin müğənninin mahnısına necə etiraz edirsən? Sən vətənpərvərəm dedin, eledirsə niyə ilk əvvəl öz ölkəndə baş verən ədalətsizlikləərə səsini qaldırmırsan. Axı bir insan öz haqqı üçün mübarizə apara bilmirsə, qardaşının müdafiəsinə necə qalxa bilər?
-Anlamadım səni.
-Elə mən də səni. Deyirsən tələbəyəm təqaüdündən razı deyilsən, elədirsə niyə təqaüdünün artırılması üçün tələb irəli sürmürsən? Deyirsən atam imtahanlarıma pulu güclə çatdırır, deməli rüşvət tələb edirlər, niyə rüşvətə qarşı səsin ucalmır? Deyirsən atam kreditə maşın götürüb taksiçilik edir, amma bu yaxınlarda sürücülərin Nəqliyyat nazirliyi önündə keçirdikləri etiraz aksiyasından xəbərsizsən. Universiteti bitirəndən sonra harada işləyəcəksən heç fikirləşmisən?Nə qədər maaş alacaqsan? Bəs ailə quranda harada yaşayacaqsan? Niyə real, anladığın və ən əsas sənin, mənim, bizim olan problemə görə etiraz etmirsən?
-Axı onlar erməni soyqırımını tanıyıb.Ermənilər də bizim düşmənimizdir.
-Müharibə başlayanda yəqin ki, sən hələ dünyaya gəlməmişdin. İllərdir xalq Qarabağ böyüklüyündə dərdim var deyir. Amma nə olsun. İllərdir sənin ölkənin sərvətini talayan hakimiyyət bu problemin həlli üçün nə edib? Sadəcə hər bayramda xalqa gələn il bu bayramı Şuşada qeyd edəcəksiz ümidi verib. Bəs niyə etiraz etmirsən ki, bu xoş bayram neçənci ilin payına düşəcək?
-Siz Türkiyəni sevmirsiz?
-Sevirəm. Sən elə düşünürsən ki, mən sənin etirazına etiraz edirəm? Yox. Əsla. Mən də Fransız hakimiyyətinin bu addımını insan azadlığına hörmətsizlik hesab edirəm . Siyasətçilərə rəsmi şəkildə etiraz olmalıdır. Ancaq siyasətçilərin bu yersiz addımına görə mən niyə bu formada etiraz etməliyəm ki… Fransız mallarını almamaq, əsərlərini oxumamaq, musiqisini dinləməməklə ancaq elə mən özüm itirə bilərəm. Tarixə və mədəniyyətə etiraz etmək nə qədər düzgündür?
-Bilmirəm.
-Düzgün deyil.
-Yaxşı mən gedim. Sağol. Serialım başlayacaq.
-Hansı?
-Kurtlar vadisi.
-Sağol. Amma arada Fantomasa da bax. Maraqlıdır…
Sevinc Qocayeva