ABŞ İranı vurmaq üçün məşq keçir

Hələliksə bu ölkənin bütün varidatı dondurulub

«Sepah» generalı isə Türkiyəni vuracaqlarıyla təhdid etdi

Iranın nüvə proqramı, həmçinin Tehranın Qərb dövlətlərinə qarşı təhdidlərindən sonra yaranmış gərginlik davam edir. “NBC” kanalına müsahibə verən ABŞ prezidenti Barak Obama bildirib ki, ölkəsi, Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə Israillə birgə hərəkət edir. Ağ ev rəhbərinin sözlərinə görə, Israil hələ ki, Iranın mübahisəli nüvə proqramıyla əlaqədar bu ölkəyə hücum etmək qərarı verməyib.
Barak Obama onu da qeyd edib ki, Iranın Fars körfəzi və Hörmüz boğazı ilə bağlı hədələrinin diplomatik yolla qarşısının alınmasına çalışacaqlar: “Körfəzdə hər hansı hərbi hərəkətlilik təxribatdır və bizə böyük təsiri var, bunun neftin qiymətinə də ciddi təsiri ola bilər. Iranla sərhəd olan Əfqanıstanda bizim hərbi qüvvələrimiz var. Ona görə də bu problemin diplomatik yolla həllinə üstünlük veririk”.

Obamanın sözlərinə görə, Israil də ABŞ kimi, Iranın nüvə proqramını dayandırmalı olduğu qənaətindədir. Və buna qarşı bütün dünyanı səfərbər ediblər: “Biz dünya ictimaiyyətini indiyədək görünməmiş şəkildə səfərbər etmişik və onlar bu ehtiyacı, bu təzyiqi hiss edirlər. Lakin hələlik Israil hansı addımı atacağına dair qərar verməyib. Biz atom enerjisindən dinc məqsədlərlə istifadənin əleyhinə deyilik, amma nüvə silahının istehsalının qarşısını almağa çalışacağıq. Düşünürəm ki, o vaxta qədər Israil də, biz də bu məsələ ilə əlaqədar çox narahat olacağıq”.
Bundan başqa, Obama ötən gün Iran hökumətinin ABŞ-dakı əmlakının dondurulmasını nəzərdə tutan qanunu imzalayıb.

Tehran rejimi isə ənənəsinə sadiq qalaraq, təhdidlərini davam etdirir. Iranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib ki, ölkəsi hər cür ssenariyə tam hazırdır. Nazirin sözlərinə görə, rəsmi Tehran Irana qarşı artan sanksiyalar da daxil olmaqla, hərbi müdaxilə ehtimalını da nəzərdə tutur.
Türkiyənin Malatya vilayətinin Kürəcik bölgəsində yerləşdiriləcək NATO-ya məxsus Raket Hücumundan Müdafiə sistemilə əlaqədar Irandan növbəti təhdid gəlib. Iran Islam Inqilabı Keşikçiləri Korpusunun (“Sepah”) rəmisi, general Hüseyn Salami dolayı yolla Türkiyəni də təhdid edib. “Sepah” generalı deyib ki, düşmənlərinin Irana hücumuna şərait yaradan ölkələrə də hərbi müdaxilə edəcəklər. Salami bildirib ki, düşmənlərinin Irana qarşı hərbi əməliyyatlar keçirmək üçün istifadə etdikləri bütün ərazilər ölkənin silahlı qüvvələrinin davamlı hücumlarına məruz qalacaq.

Bu arada bəlli olub ki, ABŞ hərbi təyyarə daşıyan gəmiləri Fars körfəzinə getməzdən əvvəl Hörmüz boğazının “əkiz”ində məşq keçəcək. Martda İran sahillərinə gedəcək ABŞ dəniz qüvvələrinin hücum  qrupu və “Enterprise” təyyarə daşıyan  gəmisi Florida ştatının sahillərində hərbi təlimlər keçir. Təlimlərdə İranla ehtimal olunan müharibənin senarisi sınaqdan keçirilir.
Təlim ərazisi “Dəfinələr sahili” adlandırılıb. Gəmilərin hədəfi olacaq şərti təlim planında “Qarnet” və “Şimali Qarnet” adlı iki dini dövlət göstərilib. Terrorizmə dəstək verən bu iki ölkə “Piropa” adı altında birləşməyi planlaşdırır. “Dəfinələr adası” sahili isə 9 dövlətdən ibarətdir. Məlumdur ki, Fars körfəzi sahilində 8 dövlət qərarlaşıb.
Hərbi təlimlərdə hava zərbələrinin endirilməsi, təyyarələrin gəmi göyərtsəindən qalxması, sualtı qayıqlarla mübarizə kimi tapşırıqlar yerinə yetirilir. ABŞ HHQ-ləri təlimlərin İranla birbaşa əlaqəsini inkar edir.
Xatırladaq ki, artıq “Abraham Lincoln” və “Carl Vinson” adlı iki təyyarə daşıyan gəmi Fars körfəzində cəmləşib. “Charles de Gaulle” adlı bir  gəmini də Fransa göndərəcək.

Informasiya şöbəsi