Ekspertə görə, bu qərar Azərbaycanın maliyyə pul sistemində ciddi fəsadlara yol aça bilər
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) bu il ərzində uçot dərəcəsini iki dəfə artıracaq. Bu barədə “Reuters” agentliyi yazır. Agentliyin keçirdiyi sorğuda iştirak edən iqtisadçı və analitiklərin 80%-i hesab edir ki, ilk artım iyun ayında, ikinci isə ilin sonunda baş verəcək.
Iqtisadçıların fikrincə, iyunda FED rəhbərliyi uçot dərəcəsini 0,5-0,75%-dək artıracaq.
Bununla yanaşı, ekspertlər hesab edir ki, aprelin 26-27-də baş tutacaq növbəti toplantıda FED uçot dərəcəsini dəyişməyəcək.
Qeyd edək ki, martda baş tutan son iclasda FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,50% diapazonunda saxlayıb. ABŞ Mərkəzi Bankı bunu qlobal iqtisadiyyatda mövcud olan risklərlə izah edib. (apa)
Bəs, belə bir qərar Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? Manatın süni şəkildə stabil saxlanılması siyasətini nə gözləyir?
Iqtisadçı Nemət Əliyev bildirdi ki, FED-in belə bir addım atacağı ilə bağlı dəfələrlə bu tip məlumatlar yayılıb. Amma bu məlumatlar doğru çıxmayıb: “Altı-yeddi ayı nəzərə alsaq, bu müddət ərzində bu tip məlumatlar çox yayılsa da, yalnız bir dəfə təsdiqini tapıb. Ola bilsin ki, bu cür çağrışlar səslənsin, amma dolların uçot dərəcəsinin qaldırılması barədə qərar verilməsin. Amma hər bir halda bu cür məlumatlar hökumət tərəfindən ciddiyə alınmalıdır. Sanki qaldırılacaqmış kimi davranılmalıdır. Çünki dolların uçot dərəcəsinin qaldırılması, Azərbaycanın dəyərini itirmiş valyutasının daha da dəyərdən düşməsinə təkan verəcəkdir. Bu qərar Azərbaycanın maliyyə pul sistemində ciddi fəsadlara yol aça, vətəndaşlar sosial probleminin artmasına təkan verə bilər”.
Xəyal



