Ekspertiza isə yaraların səbəbini müəyyənləşdirə bilmir
Bakının Nizami rayonu, E.Süleymanov küçəsi, ev 162 A, mənzil 66 ünvanında yaşayan Şövkət Məmmədova Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya ünvanladığı məktubun surətini “Azadlıq”a da göndərmişdi. Həmin məktubda Şövkət Məmmədova Buzovna qəsəbəsində yerləşən 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində birinci qrup əlil olan oğlu Vüqar Məmmədova verilən işgəncələrdən bəhs edirdi.
Müəssisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindədir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi ananın dediklərini təkzib edir.
Nazirlikdən “Azadlıq”a daxil olan cavab məktubunda deyilir ki, Vüqar Məmmədov 2012-ci ildə kəskin ifadə olunmamış debillik dərəcəsində oliqofreniya diaqnozu ilə müəssisəyə yerləşdirilib. Bu il fevralın 19-da qardaşı Vidadi Məmmədov müəssisə rəhbərliyinə ərizə ilə müraciət edərək, qardaşını evlərinə aparıb müəyyən müddət özləri ilə saxlamaq istədiyini deyib. Apararkən də müəssisəyə təqdim etdiyi rəsmi ərizəsində qardaşı ilə bağlı heç bir iradının olmadığını qeyd edib.
Amma martın 31-də Şövkət Məmmədova müəssisəyə gələrək, oğlu Vüqar Məmmədovun dediklərinə əsaslanıb, onun burada yaşayarkən işgəncələrə məruz qaldığı, siqaret yandırıb ayaqlarına basıldığı barədə şikayət edib. Ona bildirilib ki, oğlunun ayaqlarındakı əlamətlər göbələk xəstəliyinin izləridir.
“Ekspertiza müayinəsi zamanı onun dediklərinin həqiqətdən uzaq olduğu aydın olub”, – deyə nazirliyin məlumatında bildirilir.
Şövkət Məmmədova məsələ ilə əlaqədar aprelin 1-də Xəzər rayon Polis Idarəsinin 2-ci polis bölməsinə şikayət ərizəsilə müraciət edib. Bunun əsasında ekspertiza təyin olunub. Ekspertizanın 13 aprel 2016-cı il tarixli rəyində Vüqar Məmmədovun hər iki ayaqlarında çoxsaylı yaracıqların olduğu qeyd edilib. Əlavə olunub ki, hadisədən uzun müddət keçdiyindən və bu barədə heç bir tibb müəssisəsinə müraciət edilmədiyindən, tibbi qeydiyyatı aparılmadığından o yaracıqların törənmə səbəbi, müddəti, onların yanıq yaraları olması barədə konkret fikir söyləmək mümkün deyil.
Sosial şöbə



