
“Məlumat üçün bildirirəm ki, oğlum Fərziyev Ramiz Rizvan oğlu 20.10.2015-ci il saat 15:00 radələrində işlədiyi və müvəqqəti yaşadığı Novxanı qəsəbəsində yerləşən “Murad” marketdən çörək alıb velosipedlə evə qayıdarkən naməlum avtomobil tərəfindən vurulmuşdur. Sürücü hadisə yerindən qaçmışdır. Hadisə nəticəsində oğlumun başı yaxınlıqdakı villanın divarına zərblə dəymişdir. Güclü zərbə nəticəsində oğlum ağır xəsarət almışdır. Aldığı xəsarətlər nəticəsində koma vəziyyətinə düşən oğlumu yaxınlıqda olan insanlar Təcili tibbi yardımın köməyi ilə Musa Nağıyev adına Respublika Xəstəxanasına gətirmişlər. Burada 3 gün koma vəziyyətində olan və müalicə olunan oğlum onu qara rəngli “Mersededes E” markalı avtomobil vurduğunu bildirir. Müstəntiq də gəlib xəstəni dindirib. Lakin, Novxanı qəsəbəsində ətrafda olan ticarət obyektləri və villa sahibləri müşahidə kameralarında olan görüntülərin silindiyi bildirirlər. Həmin kadrları polis işçiləri əldə etməkdə maraqlı görünmür. Həmin əraziyə Nəqliyyatın İntelektual İdarəetmə Sistemi tərəfindən nəzarət olunarsa, həmin görüntülər vasitəsi ilə hadisəni törədən şəxsin şəxsiyyətini və avtomobili müəyyən etmək olar. Həmin əraziyə Sumqayıt Şəhər Polis İdarəsi baxır. Sumqayıt Polis İdarəsi bu günə qədər avtoqəza hadisəsini törədən şəxsi aşkar edə bilmir. İstintaqla bağlı bizə heç bir məlumat verilmir. AR Daxili İşlər Naziri Ramil Usubovun bu avtoqəza hadisəsini nəzarətə götürməsini istəyirəm.
Hadisə nəticəsində 36 yaşlı oğlumun beyninə qan sızdığından bir ayağı və qolu işləmir. Həkimlərin dediyinə görə xəstə uzun reabilitasiya dövrü keçməlidir. Novxanı qəsəbəsində varlıların bağ massivləri yerləşir. Ola bilsin sürücü hansı harınlamış məmur övladı yaxud, qohumudur. Sürücü azyaşlı da ola bilər. Ona görə də bu işin ədalətli araşdırılacağına ümid etmirik. Həm oğlumuz möhkəm əzilib həm də, bizə maddi və mənəvi zərər dəyib.
Oğlumun vəziyyəti günü-gündən pisləşir. Maddi durumumuz çox ağırdır. Oğlumun müalicəsinə imkanlı şəxslərin kömək etməsini istəyirəm”.
(moderator.az)