İctimai Palata hakimiyyətə sürprizlər hazırlayır

Müxalifət vicdan məhbuslarının azadlığı üçün səfərbər olunur (VİDEO)

Əli Kərimli: “Elə etməliyik ki, vicdan məhbuslarını həbsdə saxlamaq hakimiyyətin ziyanına işləsin”

İctimai Palatanın təşkil etdiyi dünənki dəyirmi masa vacib bir mövzuya – vicdan məhbuslarına həsr edilmişdi. Dəyirmi masada vicdan məhbuslarına dəstək, onların azadlığa çıxması üçün görülən və görüləsi işlər müzakirə olunub.
Tədbirin aparıcısı – İctimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir bildirib ki, vicdan məhbuslarıyla bağlı məsələ daim İctimai Palatanın gündəmindədir. İctimai Palata vicdan məhbuslarının azadlığa buraxılması istiqamətində indiyə qədər bütün mümkün vasitələrdən istifadə edib. Bununla belə, Mehriban Vəzir görülən işləri yetərli saymayıb və bildirib ki, bu istiqamətdə cəhdlər bundan sonra da davam etdiriləcək.

Hakimiyyətin qorxusu…

İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Müsavat başqanı İsa Qəmbər vicdan məhbuslarının problemləri, həmçinin ölkədə hazırkı siyasi durum barədə ətraflı çıxış etdi. Başqan vurğuladı ki, İctimai Palatanın 16 tərəfdarı bir ilə yaxındır, günahsız olaraq məhbəs həyatı yaşayır. İctimai Palatada təmsil olunan insanlar da heç vaxt haqq-ədalət uğrunda mübarizədə həbs olunmuş dostlarının taleyinə biganə yanaşa bilməz.
İsa Qəmbərin fikrincə, vicdan məhbuslarının azadlığa buraxılmaması məsələsində hakimiyyətin inadkarlığı qorxudan irəli gəlir: “Hakimiyyət düşünür ki, onların azad olması Azərbaycanda dəyişikliklər istiqamətində birinci addım ola bilər. Amma hakimiyyətin dəyişikliklər etmək fikri olmasa da, dəyişiklik labüddür və bu, olacaq. Bu rejim bunu dərk etməlidir”.

İlham Əliyevi əsəbiləşdirən sual…

Müsavat başqanı çıxışında İlham Əliyevin qatıldığı Münhen konfransında düşdüyü çətin duruma da toxundu. İsa Qəmbərin sözlərinə görə, həmin tədbirə İlham Əliyevi məhz həmin sualı vermək üçün məruzəçi kimi dəvət ediblər: “Hakimiyyət telekanalları sualı verən adamı elə təqdim etdilər ki, guya, lazımsız biridir. Amma həmin şəxs Almaniyanın Xarici Siyasət və Təhlükəsizlik İnstitutunun direktorudur, Almaniyanın ən önəmli araşdırma mərkəzlərindən birinin rəhbəridir. Ərəb ölkələri üzrə böyük mütəxəssisdir. Qafqaz regionunda gedən ən ciddi araşdırmaların müəllifidir. Sual həqiqəti əks etdirdiyindən İlham Əliyev cavab verməkdə çətinlik çəkdi”.

“Eurovision”da siyasi məhbuslar yad ediləcək

İsa Qəmbər vicdan məhbuslarının azadlığa çıxması üçün “Eurovision”u da bir vəsilə kimi dəyərləndirdi: “Biz də bu musiqi yarışmasının tərəfdarıyıq. Amma əqidədaşlarımız, eləcə də bütün siyasi məhbuslar həbsdən azad edilməsə, İlham Əliyevə fərqli bir “Eurovision” həyəcanı yaşadacağıq”.
Müsavat başqanı bildirdi ki, günahsız həbs olunan insanlar azadlığa buraxılmasa, İctimai Palata ən müxtəlif formalarda etiraz aksiyaları keçirəcək. Başqanın məlumatına görə, artıq mahnı yarışmasında iştirak edəcək insanlarla da əlaqə yaradılır. Mümkün variantlardan biri budur ki, hakimiyyət geri çəkilməsə, yarış zamanı müğənnilər Azərbaycandakı siyasi məhbusların adlarını çəkərək, milyonların gözü qarşısında onlara dəstəklərini ifadə etsinlər.

İctimai Palatada “Eurovision”la bağlı fikir müxtəlifliyi

Keçmiş siyasi məhbus Mehdi Mehdiyev məhbəs həyatı yaşayan müxalifətçilərə maddi-mənəvi dəstəyin gücləndirilməsi üçün bir sıra təkliflər irəli sürdü: “O insanlar əllərindən gələn ən böyük fədakarlıqları ediblər, indi həbsdədirlər. İndi fədakarlıq növbəsi bizdədir. Onların həm özləri, həm də ailələrinin durumuyla bağlı gecə-gündüz düşünməli, əməli iş görməliyik”.
İctimai Palatanın üzvü İmamverdi Cəfərov isə təklif etdi ki, vicdan məhbuslarıyla bağlı bukletlər hazırlansın və “Eurovision”da iştirak edəcək ölkələrin rəhbərliklərinə göndərilsin.
Dəyirmi masa iştirakçılarından Mustafa Hacıbəyli, Pənah Hüseyn, Tofiq Yaqublu isə “Eurovision” əleyhinə sərt mövqe seçməyin tərəfdarı olduqlarını bildirdilər. Onların fikrincə, İctimai Palata hakimiyyətin şantaj cəhdlərinə önəm vermədən “Azad olmayan ölkədə azad musiqi yarışı keçirilməz!” şüarını irəli sürüb onu müdafiə etməlidir.
Pənah Hüseyn hesab edir ki, İctimai Palatanın “Eurovision”la bağlı növbədənkənar sessiyası çağırılmalı və bu sessiyada yaxın bir ayda hava şəraitindən asılı olmayaraq, aksiya keçirmək barədə qərar verilməlidir.

Vicdan məhbuslarının apardıqları siyasi mübarizə nəticəsində həbsxanaya düşdüyünü deyən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı vurğuladı ki, onların azadlığa çıxması isə əqidədaşlarının mübarizəsinin nəticəsindən asılı olacaq. Fuad Qəhrəmanlı həmçinin hesab edir ki, “Eurovision”la bağlı İctimai Palatanın nəzərdə tutduğu kampaniyaları indidən aparmaq düzgün olmazdı: “Çünki sözümüzü dünyaya çatdıracaq jurnalistlər hələ ölkəmizə gəlməyibsə, bizim o kampaniyaları aparmağımız bir effekt verməyəcək”.
İctimai Palatanın üzvü Təhməz Təhməzli vaxtilə Etibar Məmmədovun azadlığa çıxması üçün 1 milyon imza toplanmasını xatırladaraq, eyni addımın təkrarlanmasını təklif etdi.
Hüquqşünas Vaqif Hacıbəyli, Siyasi Məhbus Ailələri Komitəsinin sədri Arzulan Məcidli hüquq müdafiəçilərini qınadılar, vicdan məhbuslarının müdafiəsi işində onların passiv fəaliyyətini tənqid etdilər. Həmçinin vicdan məhbuslarının müdafiəsində internetin verdiyi imkanlardan yararlanmaq təklifi irəli sürüldü.

Hakimiyyət köhnə vərdişinə qayıdır

Tədbirin yekununda isə İctimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli çıxış etdi. O, çıxışının əvvəlində Suriyada Bəşər Əsəd rejiminin son günlərini yaşamasından və bu prosesin Azərbaycana təsirindən danışdı: “Dünya, bəşəriyyət daha bir diktator haqqında artıq qərarını verib. Bəşər Əsəd üçün sayılı günlər qalıb. İndiyə qədər Azərbaycan hakimiyyəti də Bəşər Əsədi müdafiə edirdi. Son proseslər isə göstərdi ki, artıq hakimiyyət Bəşər Əsədi müdafiə etməkdən imtina edib. Bu o deməkdir ki, dünyada barmaqla sayıla biləcək qədər az diktatorun hamısının sonu yaxınlaşır və hakimiyyət bu siyahıdan kənarlaşmaq cəhdi göstərərək, imitasiya edir”.
AXCP sədri xatırlatdı ki, Azərbaycan hakimiyyəti əvvəllər demokratiyanı imitasiya edirdisə, bir müddət sonra ümumiyyətlə, bu siyasətdən imtina edib, təmiz avtoritar idarəetməyə keçdi. Əli Kərimli hesab edir ki, hakimiyyət beynəlxalq basqılardan yayınmaq üçün yaxın günlərdə yenidən köhnə vərdişlərinə qayıdacaq: “Bütün dünyaya göstərməyə çalışacaqlar ki, Azərbaycanda yarımçıq da olsa, demokratiya var. Biz isə dünyaya bəyan etməliyik ki, burada demokratiyanın heç əlamətləri də yoxdur. Biz bütün prosesləri itkilərimizə yönəldib əsas işimizi yaddan çıxarmamalıyıq. İndiyə qədər müəyyən işlər görülüb. Hesab edirəm ki, vicdan məhbuslarının müdafiəsi çox gözəl təşkil olunub. Bir-birimizdən, toplumdan hesabat istəməliyik. Birgə plan qurub, mübarizəmizə davam etməliyik. İndi Səməd Seyidovu irəli verərək, cəmiyyəti arxayınlaşdırırlar ki, vicdan məhbusları martda azad olunacaq”.
Əli Kərimlinin sözlərinə görə, ola bilsin ki, martda əfv fərmanı imzalansın. Amma çox güman ki, əvvəlkilər kimi, bu əfv fərmanı da yarımçıq olsun, bütün siyasi məhbusları əhatə etməsin. Ona görə də martın ortalarına qədər İctimai Palatanın etiraz tədbirləri pik həddə qədər yüksəlməlidir: “Biz elə bir mühit yaratmalıyıq ki, vicdan məhbuslarını həbsdə saxlamaq bu hakimiyyətin ziyanına işləsin”.

İngilisdilli gənclərdən umacaq

Əli Kərimli Azərbaycanda vicdan məhbuslarının azadlığa buraxılması prosesindəki qatqıları baxımından xaricdə təhsil almış, ingilisdilli gənclərin səylərini yetərli hesab etməyərək, onlara da səsləndi. AXCP sədri dedi ki, dəyişiklik baş vermiş bütün ölkələrdə ingilisdilli gənc zümrə böyük rol oynayıb, bizimkilərin də bu mənada eyni cür hərəkət etməsi, fəal olması vacibdir: “Elə fəaliyyət göstərmək lazımdır ki, İlham Əliyev və digər məmurlar getdikləri bütün ölkələrdə Almaniyadakı kimi suallarla qarşılaşınlar, onların olduğu bütün tədbirlərdə vicdan məhbuslarının məsələsi gündəliyə düşsün”.

Bəyanat

Dəyirmi masanın yekununda vicdan məhbusları ilə bağlı bəyanat qəbul olundu. Bəyanatda bildirilir ki, “Amnesty İnternational”, “Human Rigths Watch” və digər beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusları kimi tanınan şəxslərin bu gün də həbsdə saxlanılması Azərbaycan hakimiyyətinin insan hüquqlarının müdafiəsinə, sərbəst toplaşmaq, fikir və söz azadlığına, eləcə də beynəlxalq təşkilatların tövsiyələrinə münasibətinin göstəricisidir: “Bu hal Avropada sülh və barışığa xidmət edən “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsini keçirməli olan və BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycanın imicinə qara ləkədir.
İctimai Palata bir daha hakimiyyətə müraciət edərək, son zamanlarda dünyada, xüsusən post-sovet məkanında gedən demokratik prosesləri götür-qoy etməyə və günahsız insanları dərhal azad etməyə çağırır.
Vicdan məhbuslarının yaxın günlərdə azad edilməməsi “Eurovision-2012″ musiqi müsabiqəsində Əliyev rejiminin dünyada ifşa olunmasına, ölkədə siyasi gərginliyin artmasına səbəb olacaq ki, bu halda baş verə biləcək bütün hadisələrin məsuliyyəti Əliyev rejiminin üzərinə düşəcək”.

Natiq Güləhmədoğlu