Ankaradan İslam ölkələrinə ağır Suriya suçlaması

Bülənt Arınç: “Suriyada yaşanan vəhşilik qarşısında susacaqlarsa, ölkələrinin adından İslam sözünü çıxarsınlar”

Türkiyənin baş nazirinin müavini Bülənt Arınç Bəşər Əsəd rejimini və onu müdafiə edənləri sərt sözlərlə tənqid edib. Təmsil olunduğu AK Partiyanın bir toplantısında çıxış edən Arınç Suriyada yaşananlara hökumətin mövqeyini diqqətə çatdırıb.
Baş nazirin müavini deyib ki, rəsmi Ankara Suriyada yaşanan qırğına seyrçi qalmayacaq. Xüsusilə ötən həftə sonu Humus şəhərində törədilən bombardman və kütləvi qırğını nəzərdə tutaraq Suriyada baş verənləri “vəhşilik” adlandırıb. Müsəlmanların göz görə-görə öldürüldüyü bu hadisələri görməzlikdən gəlməyəcəklərini deyən Arınç Suriya rejiminin qəddarlığına bölgədəki müsəlman  ölkələrinin səssiz qalmasını qınayıb: “Suriyada yaşanan bu vəhşiliyi İran necə qarşılayır, eşitmək istəyirəm. Livan necə qəbul edir, bilmək istəyirəm. İraq kədər duyurmu, eşitmək istəyirəm. Əgər onlardan bir səs-səda çıxmazsa ölkələrinin adından İslam sözünü çıxarmaları lazımdır. Hər ölkənin bu hadisə qarşısında özünü sınaması gərəkdir”.
Bülent Arınç Türkiyə müxalifətinin “hökumət Suriyanın daxili işlərinə qarışmasın” çağırışını da tənqid edib: “Çox təəssüf ki, müxalifət partiyaları Suriyanın daxili işlərinə qarışmamaq lazım olduğunu, Türkiyənin belə bir məsələsi olmadığını söyləyirdi. Son Qəndil gecəsində yaşanan vəhşiliyi gördükdən sonra cənab Kılıçdaroğlunun da, hörmətli Baxçalının da bu mövzuda nələr söyləyəcəyini gözləyirəm”.
Baş nazirin müavini bəyan edib ki, Türkiyə heç zaman zalımların yanında olmayacaq. “Biz zalımlardan yana deyilik, məzlumların yanındayıq. Zülmə uğramış insanlar hansı ölkədə, hansı coğrafiyada yaşayırsa yaşasın, hər zaman türk milləti onların yanındadır”, deyə o bildirib.
Suriya başda olmaq üzrə, məzlum xalqların tək ümidinin Türkiyə olduğunu vurğulayan Arınç belə davam edib: “Suriya xalqının da, bu zülmə uğramış bütün məzlum insanların da tək ümidi türk milləti və Türkiyədir. Şükür davam edər, zülm davam etməz. Zalımlar bir gün yıxılıb gedəcəklər.
Bizim bircə məqsədimiz var. “Xalqın tələblərini dinləyin. Demokratiya istəyir, verin, azadlıq istəyir verin, çörək, bərabərlik, ayrı-seçkiliyə son qoymaq istəyir, bunları yerinə yetirin və sonra da rüsvay olmadan gedin” demişdik.  Allah Suriyadakı məzlum qardaşlarımıza kömək olsun. Bizi də onlarla birlikdə, eyni ağrını paylaşan, amma gözəl günlərin bir an əvvəl gəlməsi üçün könül könülə, ürək ürəyə olan qardaşları ilə birlikdə etsin”.

azadliq.info