VÖEN bayramı

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Bircə gün sonra – aprelin 25-də ilk dəfə ölkəmizdə Sahibkar günü olacaq. Ilham Əliyevin bu günlərdə verdiyi fərmanla hər il bu tarix Sahibkar günü kimi qeyd ediləcək. Bahalı neftdən gələn gəlirlərin axırına çıxdılar, illəri inkişaf nağılı ilə yola verib ölkəni yarğanın qırağına gətirdilər, indi də yada düşüb ki, bəs ölkədə sahibkarlar olmalıdır və onların fəaliyyəti vəziyyəti düzəltməlidir. Onlar iş yerləri açmalı, vergi ödəməli, məhsul istehsal etməli, xidmət göstərməlidir. Ümid yalnız sahibkarlaradır.

O sahibkarlara ki, illərdir yağmalanıb, əzilib, hətta qovulublar ölkədən. Neft pullarından təntənə quran rejim elə şərait yaradıb ki, sahibkar canını və malının qalanını götürüb qaçıb ölkədən. Nəinki qanunun şah olduğu ölkələrə, hətta şahın qanun olduğu ölkələrə pənah aparıblar, orada daha yaxşı şərait tapıblar. Məsələn, Qazaxıstana. Bir vaxtlar yurddaşlarımızın bu ölkəyə sərmayə qoyması barədə danışmayan yox idi. Hakimiyyətdəkilərin isə vecinə deyildi. Sahibkarı borclu sayırdılar özlərinə – “sən burada işləyib pul qazanırsan”. Amma himayəsi olanlardan və ya məmurların menecerliyini edənlərdən başqa heç kim özünü rahat hiss etmir, qazandığını da özünə götürə bilmirdi, hökmən “paylaşmalı” olurdu.

Zülfüqarlı qardaşları tipik bir misaldır. Onlar sadəcə sıxışdırılmayıb, çox uğurlu biznesləri zorla əllərindən alınıb. Hələ də öz haqlarını bərpa etməyə çalışırlar, fəqət nəticə yoxdur.

Ötən illərdə Azərbaycan sahibkarları nələr görmədi? Üstlərinə polis dəstəsi yolladılar, prokurorluq başqa bir yandan gəldi. Gömrükdən silkinib çıxanda vergidən, FHN-dən, əmək müfəttişliyindən, statistikadan, sosialdan, icradan, kanalizasiya idarəsindən, YAP-dan, sanepidemstansiyadan, işıqdan, qazdan, sudan töküldülər başına. Kəsərik, bağlayarıq, cərimələyərik, tutarıq! MTN-in nə etdiyini də özləri açıb tökdülər.

Indi isə sahibkarlar hörmətə minib, matah olub! Bütün fərmanlar onunla bağlıdır. Bütün ümidlər onadır. Hətta ona bayram da təsis edildi. Bəs sahibkar özü varmı? Bayramı varsa, özü nə haldadır? Bayramlıqdırmı?

Bizim hakimiyyətdə oturanlar elə bilir ki, elan etməklə bayram olur. Adama sual verərlər ki, ölkədə sahibkar qalıbmı? Gedən gedib, qalanda da sahibkarlıq heyi yoxdur. Üstəlik, böhran elə döyüb qapıları, buna sahibkar neyləsin daha?! Dünən eşitdik ki, iri marketlərin sahibləri ağlaşıb iqtisadiyyat nazirinin üstünə gediblər. Himayəli sahibkarlıq belə işləyə bilmir. VÖEN-i (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) olmaq hələ sahibkar olmaq deyil, ona görə də, aprelin 25-i, sadəcə, VÖEN bayramı olacaq.

Aylardır bu hakimiyyət bir-birinin ardınca qərarlar verir, qurumlar yaradır. Vəziyyət isə dəyişmir. Bir neçə islahat qurumu yaradılıb hətta. Islahatın özü yoxdursa, bu qurumlar niyə yaradılır görəsən? Dövlətin maliyyə, gömrük, vergilər nazirliyi, iqtisadiyyat nazirliyi, kənd təsərrüfat nazirliyi varsa, yeni qurumlar nəyə gərəkdir? Hələ onların bir çoxunu birləşdirmək əvəzinə, yeni qurumlar yaratmaq nə verəcək? Iqtisadiyyat nazirliyi var, amma iqtisadi dəyişikliyi başqa qurum həyata keçirir – sadəcə, gülməlidir. Əgər vətəndaş cəmiyyətini, müstəqil mütəxəssisləri də işə cəlb edən məşvərət komissiyaları qurulsaydı, bunu hardasa anlamaq olardı. Amma eyni adamlardan ibarət müxtəlif qurumlar yaradıb adında islahat, maliyyə, kənd təsərrüfatı məhsulu və s. kimi sözlər işlətməklə qətiyyən dəyişiklik yaratmaq mümkün deyil.

Iqtisadi irəliləyiş üçün ölkədə siyasi islahat həyata keçməlidir ki, əvvəla, yerli və xarici sərmayəçinin etimadı bərpa olunsun, ikincisi, iş başına bacarıqlı və vicdanlı adamlar keçsin. Bu cür ictimai şərtlərlə, bu adamlarla mümkün olsaydı, bahalı neft dövrünün pulları ilə nələrsə edilərdi, bu günə də düşməzdik.