Manat qıtlığı iqtisadiyyatı dağıdır

nemet-eliyev1Nemət Əliyev: «Turizm və kənd təsərrüfatını narahat edən problemlər həllini tapmayınca, bu sahələrin inkişafına nail olmaq mümkün deyil»

Hökumət manatın məzənnəsinin saxlanılması üçün dövriyyədəki pul kütləsini məhdudlaşdırmaqda davam etməkdədir. Hazırda dövriyyədəki manat 11 milyrd yarımdan 4 milyarda qədər endirilib. Manatın bu yol ilə məzənnəsinin saxlanılması hətta büdcədən investisiya xərclərinin də məhdudlaşdırılmasına səbəb olub.

Rəsmi statistikaya görə, ötən ilin ilk rübünə nisbətən 2016-cı ilin yanvar-mart aylarında qeyri-neft sektoruna investisiyalar 3 dəfəyədək azalıb (1.7 milyard manatdan 626 milyon manata enib).

Qeyri-neft sektorunun aparıcı 4 sahəsi üzrə bu azalma daha qabarıq formada özünü göstərir. Mənzil tikintisinə qoyulan sərmayələr 255 milyondan 125 milyona enib; Kənd təsərrüfatına qoyulan sərmayələr 69 milyon manatdan 21 milyon manata enib; Turizmə qoyulan sərmayələr 27 milyon manatdan 5 milyon manata enib; Qeyri-neft emal sənayesinə sərmayələr 27 milyon manatdan 18 milyon manata enib.

Maraqlıdır ki, bu rəqəmlar hökumətin daha bir siyasətini ifşa edir. Manatın devalvasiyasından sonra hökumət çıxış yolu kimi kənd təsərrüfatı və turizm sektorunu inkişaf etdirməkdə görür. Amma məsələ burasındadır ki, hər iki sahə üzrə investisiyalar kəskin şəkildə azalıb.

Iqtisadçı Nemət Əliyevin fikrincə, dövriyyədəki manat kütləsinin azalması iqtisadi fəallığı əhəmiyyətli dərəcədə zəiflədir, xərcləmələrin həddini kəskin şəkildə azaldır. N.Əliyevin sözlərinə görə, pul kütləsinin 3 dəfəyə qədər azalması hökumətin yürütdüyü siyasətin nəticəsidir: “Dəfələrlə qeyd olunub ki, Mərkəzi Bank pul-kredit siyasətini yoluna qoya bilmir. Bu sahədə çox naşı davranır. Hələlik sosial-iqtisadi göstəricilərin nəticələri onu deməyə əsas verir ki, hökumətin və Mərkəzi Bankın açıqladığı məqsədlərə nail olmaq mümkün deyil. Onların öz aləmlərində müəyyən etdiyi hədəflərə nəinki yaxınlaşmaq, heç istiqamət almaq mümkün deyil. Əlbətdə belə bir vəziyyət kənd təsərrüfatına və turizmə böyük zərbə vurur. Kənd təsərrüfatına investisiya qoyluşu 3.3 dəfədən çox azalıb. Buradan dərhal nəticə çıxır. Axı bir il bundan əvvəl ”kənd təsərrüfatı ili” elan olunmuşdu. Hökumət aqrar sektorda qarşılarına qoyduğu hədəflərə nail ola bildimi? Hədəflərə nail olmaqdan söhbət gedə bilməz. Əksinə kənd təsərrüfatının problemləri daha böyük miqyas alıb. Aqrar sektorda çalışanların sosial problemləri daha da ciddiləşib”.

N.Əliyevin sözlərinə görə, eyni iradları turizm sektoruna münasibətdə də söyləmək olar. N.Əliyev hesab edir ki, əslində turizmin inkişaf elətdirilməsi yaxşı olardı. Ancaq turizmə vəsait yatırılmırsa, turizmi necə inkişaf etdirmək olar. “Nə qədər ki, turizm və kənd təsərrüfatını narahat edən problemlər həllini tapmayıb, bu sahələrin inkişafına nail olmaq mümkün deyil”, deyə N.Əliyev vurğulayıb.

Xəyal