MTN-nin həbsdə olan generalı hədə-qorxu ilə əmlakını ələ keçirdiyi şəxslərlə üzləşdirilib
Sabiq MTN rəhbəri Eldar Mahmudovun yaratdığı mütəşəkkil dəstənin əsas simalarından biri olan Akif Çovdarovla istintaq hərəkəti aparılıb. Moderator.az-ın yaydığı məlumata görə, keçmiş baş idarə rəisi vaxtilə hədə-qorxu ilə əmlakını ələ keçirdiyi şəxslərlə üzləşdirilib. 8 saata yaxın davam edən üzləşmədə iş adamları Akif Çovdarovu bir daha ifşa ediblər.
Qeyd edək ki, aprelin 21-də “DəmirBank” ASC-nin rəhbəri dəyişdiyi barədə məlumat yayılıb. Həmin məlumatda bildirilirdi ki, bankın Idarə Heyətinin sədri Roman Əmircanov bu vəzifədən uzaqlaşıb.
Roman Əmircanovun adı bir müddət əvvəl mətbuatın gündəminə gəlmişdi. Mətbuatda yayılan məlumatlarda deyilirdi ki, Roman Əmircanov Akif Çovdarovun qudasıdır. Roman Əmircanovun oğlu Rəşad Əmircanov Akif Çovdarovun kürəkənidir. Rəşad Əmircanov da MTN-də şöbə rəisi vəzifəsində çalışırdı. “MTN işi” ilə əlaqədar o da tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib. Həmçinin bildirilirdi ki, Roman Əmircanovun da fəaliyyəti də araşdırılır. Iddia olunurdu ki, Akif Çovdarov Roman Əmircanov vasitəsilə külli miqdarda maliyyə vəsaitlərini “DəmirBank”da leqallaşdırıb.
Lakin “Azadlıq”a daxil olan məlumatda deyilir ki, Akif Çovdarovun kürəkəni Rəşad Əmircanov Roman Əmircanovun oğlu deyil. Yəni, Roman Əmircanovun MTN generalı ilə qohumluğu yoxdur.
Xatırladaq ki, Akif Çovdarov da daxil olmaqla MTN-nin rəhbərliyində təmsil olunan yüksək vəzifəlilər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ağlasığmaz cinayətlər törədib. Eldar Mahmudovun “vurulması” ilə MTN rəhbərliyinin ali zabit heyətinə daxil olan 20-dən artıq şəxs həbs edilib.