Ölkə başçısı beynəlxalq tədbirdə sərt sualla qarşılaşdı
Onun cavabı əsəbi oldu: “Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nəsə görmək istəyirsə…, bunu görməyəcəksiniz”
Təhlükəsizlik üzrə 48-ci Münhen konfransında dövlət başçısı Ilham Əliyev gözlənilməz sualla qarşılaşıb. Konfransın əsas tədbirlərindən olan “Enerji, resurslar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri” mövzusunda müzakirələrdəki çıxışından sonra iştirakçılardan biri Azərbaycanı Hüsnü Mübarəkin dövründəki Misirlə müqayisə edib.
Sualı Almaniyanın xarici siyasət və təhlükəsizlik institutunun rəhbəri Folker Pertes verib. O, sualı “Allianz” sədri Maykl Dikmanna ünvanlayıb, Ilham Əliyev isə ona şərh verib.
***
Folker Petres:
– Hiss edirəm ki, biz daha çox sərmayə yatıra biləcəyimiz ölkələrdəki siyasi vəziyyət və coğrafi dəhliz haqqında danışırıq. Buna görə sualımı cənab Dikmanna ünvanlamaq istəyirəm. Çünki mümkün biznes-risklərin müəyyən edilməsi və onlar üzərində iş Sizin səlahiyyətlərinizə aiddir. Sizdən soruşmaq istərdim: bir il əvvəl Misirdə və Tunisdə baş vermiş iğtişaşların şahidi olduq. Bu il ərzində enerji resursları ilə zəngin ölkələrdə siyasi vəziyyətlə bağlı risklərin qiymətləndirilməsi üzrə fəaliyyətinizdə dəyişiklik baş veribmi? Misir kimi ölkələrin təcrübəsindən nümunə gətirsək, – Azərbaycan prezidenti də buradadır, – siyasi quruluşuna görə Mübarək devrilmədən öncəki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınız?
***
Ilham Əliyev Azərbaycandakı mövcud vəziyyəti Mübarək Misirindəki vəziyyətlə eyniləşdirən bu suala ölkə ilə bağlı bir sıra göstəriciləri sadalamaqla cavab verib. Əliyev deyib ki, onun 8 illik prezidentlik dövründə Azərbaycanda ümumi daxili məhsul 3 dəfə artıb, yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enib, inflyasiyanın səviyyəsi 5,4 faiz təşkil edir, 1 milyondan artıq iş yeri yaradılıb. Əliyev bildirib ki, ölkədə siyasi vəziyyət sabitdir, çoxpartiyalı sistem var, parlamentdə 10-dan çox partiya təmsil olunur. “Bizim azad mətbuatımız var. Bizdə söz azadlığı var. Bizdə din azadlığı var. Nəhayət, bizdə azad internet var”, – deyə o qeyd edib.
“Azərbaycanda müasir, sabit cəmiyyət var. Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nə isə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq, bunu görməyəcəksiniz”, – deyə Ilham Əliyev əlavə edib.
Informasiya şöbəsi