Ilqar Məmmədov qərarın təxirə salınmasından narahatlığını bildirib
Dünən Şəki Apelyasiya Məhkəməsi REAL Hərəkatının lideri Ilqar Məmmədovun və Müsavat başqanının müavini Tofiq Yaqublunun şikayətinə yenidən baxıb.
Məhkəmə iclasında Ilqar Məmmədovun vəkili həbs-qətimkan tədbirinin dəyişdirilməsi və onun həbsdən azad edilməsi barədə vəsatət qaldırıb. Qeyd olunub ki, hələ 2014-cü ilin mayında Avropa Insan Hüquqları Məhkəməsi onun həbsinin qanunsuzluğuna dair qərar verib. Lakin məhkəmə şikayəti təmin etməyib. Bu barədə “Turan”a vəkil Fuad Ağayev bildirib.
Daha sonra müdafiə tərəfi işdə olan videomateriallara yenidən baxılması, həmçinin Ismayıllı hadisələrilə bağlı KIV-də dərc edilən materialların işə daxil edilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin edilib.
“Videokadrlar özü hər şeyi deyir və ittiham versiyasını rədd edir”, – deyə vəkil bildirib.
Digər vəkil Cavad Cavadov da məhkəmə prosesi barədə məlumat verərkən qeyd edib ki, 2013-cü ildə Ismayıllıda başÿverən hadisələrlə bağlı video-görüntülərə baxılıb: “Internet resurslarında yayılan informasiyalara baxış oldu.ÿIki nəfər müdafiə tərəfin şahidi dindirildi”.
Ilqar Məmmədov və Tofiq Yaqublu məhkəmədə çıxış edərək, siyasi motivlərlə təqib olunduqlarını bildiriblər. Onlar məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyiblər.
Prokuror isə çıxışında hökmün dəyişdirilmədən saxlanılmasını təklif edib.
Bundan sonra hakimlər müşavirəyə gedib. Qərar gələn həftə elan olunacaq.
“Qərarın növbəti həftəyə saxlanması da məhkəmənin hüququdur. Amma biz ümidliyik ki, hər şey yaxşı olacaq”, – deyə Cavad Cavadov “Azadlıq” radiosuna bildirib.
Amma digər vəkil Fuad Ağayevÿisə deyir ki, qərarın təxirə salınmasından Ilqar Məmmədov da narahatlığını dilə gətirib.
Vəkilin sözlərinə görə, Ilqar Məmmədov prosesdə deyib ki, bu bir həftədə ona təzyiqlər ola bilər. Ona görə də ictimaiyyətdən bu məsələni diqqətdə saxlamalarını istəyib.
Xatırladaq ki, Ilqar Məmmədov və Tofiq Yaqublu 2013-cü ilin yanvarında Ismayıllıdakı etirazların təşkilində ittiham edilərək həbs olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ilqar Məmmədov 7 il, Tofiq Yaqublu isə 5 il azadlıqdan məhrum edilib. Avropa Insan Hüquqları Məhkəməsi həbs zamanı onların hüquqlarının pozulduğunu müəyyən edib və onların azadlığa buraxılması barədə qərar qəbul edib.
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı onların hər ikisini “vicdan məhbusu” elan edib.
Tofiq Yaqublu bu il martın 17-də əfv sərəncamı ilə azadlığa çıxsa da, apellyasiya şikayətini müdafiə edir və barəsində bəraət hökmünün çıxarılmasını tələb edir.