Şaxtalı hava və buzlu yollar siyasi mövzuları bir qədər geri atsa da, hətta qaz və işıq olmadan da həyat davam edə bilir. Amma iki gün köşklər qəzetsiz və jurnalsız qalanda həyat bir qədər kasıb göründü. Hər halda, mənə belə gəldi və güman edirəm ki, cümə günü qəzet köşklərinə boylananlar bu təəssüratı bölüşərlər.
Mənə elə gəlir ki, soyuq külək, qar və şaxta da bir testdir. Əgər desəm ki, yerli hakimiyyətlər bu dəfə də bu testdən keçə bilmədilər, yəqin ki, bu fikirlərlə də çoxu razılaşar. Lakin bu, həm də bizim üçün testdir. Mənə elə gəlir ki, mülayim iqlim bizi bir az tənbəlləşdirib. Ona görə arabir şaxtalı və küləkli havaya da səbrlə dözmək lazımdır. Nə isə… Keçək siyasətə…
Bu günlər ərzində nələr oldu, hər halda, məlumatınız var. Düzdür, daha çox Fransa və onunla bağlı məqamlar gündəmdədir. Bilirsiniz, bəndənizə həmin məsələdə daha çox nə təəccüblü göründü? Bütün Avropa ölkələrində olduğu kimi, Fransada da ateistlərə çox dözümlü münasibət var. Belə çıxır ki, bu ölkədə Tanrını, Yaradanı da inkar etmək olar, lakin qondarma erməni soyqırımını yox! Qəribədir, deyilmi?
Yox, mən ateistlərə dözümlü münasibətin olmasını heç də qeyri-normal hal hesab etmirəm. Bütün beynəlxalq sənədlərdə çox aydın şəkildə qeyd olunur ki, hər bir insanın istədiyi dinə etiqad etmək, həm də etməmək hüququ var! Qərəz, bu normal haldır. Amma nədən ermənilərin qondarma soyqırımına şübhə etmək olmaz, bax, bunu başa düşmək çətin məsələdir!
Mən hər şeyi bir tərəfə qoyuram. Bütün azad ölkələrdə ciddi şəkildə gözlənilən bir akademik azadlıq, yaradıcılıq azadlığı da var. Bəli, indi məlum olur ki, bir neçə yüz senator tədqiqatçıların əvəzinə mübahisəli, hələ də ciddi şəkildə araşdırılmayan məsələyə, necə deyərlər, nöqtə qoyublar. O qədər gülməli situasiyadır ki, adam bilmir, nə etsin! Nə vaxtdan akademik məsələlər parlamentdə həll olunur? Indi belə çıxır ki, bu mövzu artıq tarixçi tədqiqatçılar üçün birdəfəlik qapanıb. Axı “cavab” artıq bəllidir, məlumdur!
Bazarın “gizli əli” hər şeyə qadirdirmi?
Belə çıxır ki, artıq Davosda da akademik mövzuları araşdırırlar. Mən oradakı bəzi çıxışlar haqda eşitdim. Məyus oldummu? Əsla. Indi mənim o vaxtım da deyil ki, nəyisə, o cümlədən də kapitalizmi ideallaşdırıb qəbul edim. Lakin o məsələ ilə də razı deyiləm ki, biz indi kapitalizmin böhranını yaşayırıq. Mən elə bu haqda bir neçə dəfə yazmışam. Böhran keçirən “sosial kapitalizm” adlı modeldir. Düzdür, sosial dəyərlər olmadan bu kapitalizm hansı formada ola bilər və onun nə qədər humanist məzmunu ola bilər – bu, bir ayrı söhbəti, müzakirəni zəruri edir. Indi buna ehtiyac yoxdur. Amma inkişaf etmiş sosial yönümlü kapitalist ölkələrində insanlar son vaxtlar sanki özlərini cənnətdə hiss edirdilər. Indi qayışları bir qədər çəkmək lazım gələcək. Mən bunu heç də anormal hal hesab etmirəm. Vaxtaşırı hər şey təftiş olunmalıdır, eləcə o kapitalizm deyilən model də. Lakin bu, mənim sözüm deyil. Bir çox əcnəbilər “indi sizdə hansı quruluşdur?” sualına çəkinmədən və çox da düşünmədən “sosializm” – deyə, cavab verirdilər. Sadəcə, bizim təsəvvürümüzdə sosializm yalnız sovet sosializmi ilə assosiasiya yaradır. Maraqlıdır, K.Marksın özü də bir müsahibəsində belə demişdi: “Onu bilirəm ki, mən marksist deyiləm!”
Engelsin də belə bir iradı vardı ki, bəs, marksistlər elə həqiqi tarixi öyrənməmək üçün “tarixi materializm” adlı bir şey uydurdular! Üstəlik, məsələ heç də “izm”lərdə deyil. Demokratiya və bazar iqtisadiyyatı belə bir fikrə əsaslanır ki, özü özünü tənzimləyən sosial-siyasi modellər var. Lakin Keyns məhz iqtisadiyyatın timsalında göstərdi ki, özünü tənzimləyən ideal sistem yoxdur! Yəni, dövlət deyilən institutun vaxtaşırı iqtisadiyyata müdaxiləsi zəruridir. Bunu da belə başa düşmək lazımdır ki, A.Smitin “gizli əl” adlandırdığı mexanizm heç də ideal mexanizm deyil. Mən bunu bir fizik kimi çox normal qəbul edir, elə bir diskomfort hiss etmirəm. Çünki termodinamikada birinci və ikinci qanun deyilən məşhur qadağalar var. Amma bir demokratiya vurğunu kimi, o, məni qane etmir. Çünki mən demokratiyanın potensial imkanlarına həddən ziyadə inanıram…



