Sahibkarı necə şərləyib həbs ediblər?

Məhəmməd Qasımov deyir ki, körpü tikintisini əlindən almaq üçün ona tələ qurublar

Sahibkar Məhəmməd Qasımov bir müddət əvvəl həbs edilməsilə bağlı “Azadlıq”a maraqlı faktlar açıqlayıb. Bakıda körpü tikintisi ilə məşğul olan Məhəmməd Qasımov bildirir ki, onun həbsinin arxasında bu işi əlindən almaq dayanır.
Qeyd edək ki, sahibkar Əli Atakişiyev adlı şəxsin şikayəti əsasında həbs edilib. Əli Atakişiyev iddia edir ki, Məhəmməd Qasımov etibardan sui-istifadə edərək onun külli miqdarda pulunu mənimsəyib. Lakin maraqlıdır ki, istintaq zamanı bu ittihamlar sübuta yetirilməyib.
Məhəmməd Qasımov bildirir ki, onun həbs edilməsində əsas rol oynayan Kamil adlı şəxs olub. Məhəmməd Qasımov bu şəxsi 2009-cu ildən tanıdığını deyir. Kamil sahibkara özünü Polis Akademiyasının dekanı kimi təqdim edib: “Mən Tovuzda olarkən eşitdim ki, Bakıda ÜPD deyilən qəsəbədə, Nizami parkının yaxınlığında mənə məxsus 0.4 hektar torpağı Azərbaycan Dövlət Neft Şirkətinin gözətçiləri satıblar. Mənə bildirdilər ki, sənin sənədin yoxdur, bu işin arxasında isə yüksək səviyyəli məmurlardan biri dayanır. Mənə 30 min təklif etdilər, lakin razılaşmadım. Kamil bunu biləndə mənimlə neft şirkətinin mühafizə idarəsinə getdi və Niyazi adlı rəis müavini ilə görüşdü. Sonra mənə dedilər ki, öyrənmişik ki, torpaq sənindi arxayın ol. Bir neçə gün sonra isə Kamil mənə zəng vuraraq Niyazi müəllimlə restoranda olduğunu bildirdi və əlavə etdi ki, o, torpağın sənədi üçün 50 min manat pul istəyir. Lakin mən bu qədər pulumun olmadığını dedim. Bu məsələ elə belə də açıq qaldı”.
Bundan sonra Kamil Məhəmməd Qasımovla Tovuza gedib. Sahibkarın sözlərinə görə, Tovuzda özünü vəzifəli şəxs kimi qələmə verərək onun tanıdığı şəxslərdən işə düzəltmək adı ilə xeyli miqdarda pul alıb. Məhəmməd Qasımovla Kamil arasında narazılıq da elə bütün bunlardan sonra yaranıb.
Sahibkar deyir ki, daha sonra Kamillə Əli Atakişiyevi tanış edib: “Doğrudur, mənim Əli Atakişiyevə borcum olub. Lakin mən bu borcu qaytarmışam. Bunu təsdiq edən sənədlər var əlimdə. Əli Atakişiyevə borcun müqabilində yağ və sement vermişəm. Yeri gəlmişkən, mən Rusiyadan 20 ton yağ gətirmişdim. Həmin yağı Kamillə Əli Atakişiyev mənimsədi”.
Məhəmməd Qasımov deyir ki, o körpü tikintisinə başlayanda Əli Atakişiyevlə Kamil ona şərik olmaq istəyiblər. Lakin bu şəxslərə artıq bel bağlamayan sahibkar razılaşmayıb. Bundan sonra Əli Atakişiyevin şikayəti ortaya çıxıb və Məhəmməd Qasımov iş yerində həbs edilib: “Məni həbs edəndə çalışırdılar ki, hay-küy düşsün, üzərimizə başqa maddələr də qoysunlar. Lakin bu avantüraya getmədim. Məni Nizami Polis Idarəsinə gətirdilər. Daha sonra Xətaidəki təcridxanaya göndərdilər. Gecə saatlarında isə məhkəməyə apararaq barəmdə həbs-qəti imkan tədbiri çıxarılmasına çalışdılar. Çıxardılar. Bir müddət sonra, bu, ev dustaqlığı ilə əvəzləndi. Indi bu işin məhkəməsi gedir. Bu işdə başqa qüvvələrin də marağı var idi. Körpü tikintisini əlimdən almaq üçün düşünülmüşdü bu. Mən hələlik bəzi faktları açıqlamaq istəmirəm. Lakin işə ədalətli baxılmasa, bütün bildiklərimi ictimaiyyətə açıqlayacağam”.

Azad