Hakimiyyətin olimpiya sevdası nə qədər realdır?

«Olimpiada-2020» Bakıda keçirilsə, Neft Fondu borca düşəcək

Azərbaycan parlamenti Olimpiyada-2020-nin Bakıda keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət qəbul edib. Müraciət BOK-un rəhbərliyinə göndəriləcək. Xatırladaq ki, 2011-ci ilin sentyabrında Bakı rəsmi olaraq Yay Olimpiya Oyunları-2020-ni qəbul etmək hüququ olan altı iddiaçı sırasına daxil edilib. Qeyd edək ki, olimpiya oyunlarının keçiriləcəyi şəhər bu tədbirin keçirilməsinə 7 il qalmış BOK-nin xüsusi iclasında müəyən edilir. 2020-ci il olimpiya oyunlarının hansı şəhərdə keçiriləcəyi gələn il bəlli olacaq. Bakı bu hüququ əldə etmək üçün Doha, Istanbul, Madrid, Roma və Tokio ilə yarışacaq. Olimpiya oyunlarını keçirmək istəyində olan şəhərlər bu tədbiri digərlərindən daha yüksək səviyyədə keçirəcəyini göstərməyə çalışır. Bunun üçün ölkənin imkanları da nəzərə alınır. Digər tərəfdən, olimpiya oyunlarının keçiriləcəyi ölkədə stabillik də nəzərə alınır. Bir qayda olaraq müharibə şəraitində olan ölkələrin bu yarışı keçirmək üçün şansı çox azdır. Belə olan halda, Bakının qeyd edilən şəhərlərlə rəqabətə girmək imkanı nə dərəcədədir?
Miqyasına görə Olimpiya oyunlarından xeyli kiçik olan “Avroviziya” yarışmasını keçirməyə hazırlaşan Bakıda bu tədbirə hazırlıq prosesi zamanı baş verənlər hər kəsə bəllidir. Minlərlə insanın mülkiyyət hüququ pozuldu, qanunsuz olaraq evlər söküldü. Baş verənlər beynəlxalq qurumların hesabatlarında da öz əksini tapdı. Üç gün davam edəcək və bir neçə min qonağın qatılacağı tədbirə belə hazırlaşan Bakı milyonlarla insanın qatılacağı yarışmaya necə hazırlaşacaq? Neft pullarını sürətlə xərcləyən Azərbaycan hakimiyyəti bir neçə milyarda başa gələn olimpiya oyunlarının keçirilməsi üçün bu dəfə nələri qurban verəcək?   
Əvvəlki olimpiya oyunlarına nəzər salıb Azərbaycan üçün nə qədər vəsaitin lazım olacağını təxmini hesablamaq olar.
Məsələn, 2008-ci ildə Pekində keçirilən son olimpiya oyunlarının təkcə açılış mərasimi 100 mln dollara başa gəlib. Olimpiya oyunlarının keçirilməsinə çəkilən xərclərin ümumi həcmi isə 44 mlrd dollar təşkil edib. Xərclər əsasən nəqliyyət sisteminin, infrastrukturun inkişafına, eyni zamanda idman infrastrukturuna, stadionların, qaçış meydançalarının hazırlanmasına xərclənib. 2004-ci ildə Afinada keçirilən olimpiya oyunları 11,6 mlrd dollara başa gəlib. Burda bir məqamı da qeyd edək. Hazırda Dövlət Neft Fondunda 20 mlrd dollar vəsait toplanıb. Bu da Pekinin olimpiya xərclərinin yarısından da azdır.
Üstəlik onu da qeyd etmək lazımdır ki, olimpiya oyunlarını qəbul edən ölkələrin ordan külli miqdarda qazanc götürməsi də imkansızdır. Bu vaxta qədər ən çox qazanc 1996-cı ildə Atlantada keçirilən olimpiya oyunlarından əldə edilib. Bu gəlir isə cəmi 80 mln dollar təşkil edib. Pekin olimpiadasının gəliri isə cəmi 16 mln dollar olub. 1992-ci ildə Barselonada keçirilən olimpiya oyunlarından Ispaniya hökuməti 6 mlrd dollar borcla çıxıb.
2016-cı il olimpiya oyunları üçün namizədliyini irəli sürüb, lakin bu hüququ əldə edə bilməyən Çikaqo şəhəri isə yalnız namizədliyinin hazırlığı məqsədi ilə 100 mln dollar xərcləyib.
Bir məqamı da nəzərə almaq lazımdır ki, olimpiya oyunları, adətən, inkişaf etmiş və infrastrukturu hazır olan ölkələrdə keçirilir. Bununla belə ölkələr yarışın keçirilməsi üçün kifayət qədər böyük vəsaitlər xərcləyir. Azərbaycanda isə hələ ki, bir çox görülməmiş işlər var. Görülən işlərin keyfiyyəti isə ciddi şübhə doğurur. Buna misal kimi hər il təmir edilən yolları, körpüləri göstərmək olar.
Azərbaycan hökuməti hər şəhərdə tikilən olimpiya komplekslərini önə çəksə də, bunun olimpiya oyunları üçün kifayət etmədiyini özləri də gözəl bilir. Ölkədə hələ ki, bir olimpiya stadionunun inşası həyata keçirilir və o, dünyanın ən bahalı stadionu adını qazanmağa namizəddir. Qeyd edək ki, Pekin olimpiadasında 37 stadion və məşq üçün 56 obyekt istifadə olunub. Deməli, Azərbaycan Bakı və paytaxt ətrafında hələ ən azı 35 olimpiya stadionu inşa etdirməlidir. Yarışların əsasən bir şəhərdə keçiriləcəyini nəzərə aldıqda, bunların əksəriyyətini məhz Bakıda tikmək lazım gələcək. Ancaq bir çox hallarda hər hansı idman yarışının başqa şəhərdə də keçirilməsi mümkündür. Məsələn, Bakı olimpiya oyunlarını keçirmək hüququnu qazansa, su idman növləri üzrə yarışlar Mingəçevir şəhərində keçirilə bilər. Bir konsert sarayı üçün minlərlə adamı evlərindən didərgin salanların 35 stadion üçün nələri qurban verəcəyini təsəvvür etmək çətin deyil. 30-a yaxın idman növü üzrə yarışlarda iştirak edəcək idmançıların, ümumiyyətlə, komandaların Olimpiya kəndində yerləşdirilməsi Olimpiya oyunlarının əsas şərtlərindən biridir. Olimpiya kəndi böyük bir ərazidə tikiləcəyindən, bu halda da xeyli köçürmələr, söküntülər olacaq. Yenə də narazılar, haqqı tapdananların olacağı istisna edilmir. Olimpiya oyunlarına tamaşa etmək üçün 6 milyona yaxın insan bilet alır. Bu insanların yerləşdirilməsi üçün yüzlərlə mehmanxanaların inşasına ehtiyac var. Bir olimpiya stadionunu bir milyard dollara tikən Azərbaycan hökumətinin bütün bunlar üçün nə qədər xərc çəkəcəyini hesablamaq çətin deyil. Hər bir layihəyə korrupsiya mənbəyi kimi baxan hökumətin Olimpiya oyunlarının keçirilməsinə can atmasının da arxasında məhz bu istəyin dayandığını güman etmək olar.

Fizzə