Siz bunu dərk etmək səviyyəsində deyilsiz…

rehim-qaziyev-metbuat-konfransiRəhim Qazıyev, Keçmiş müdafiə naziri

Hakim Yeni Azərbaycan Partiyasının bərkə düşdüyü məqamlarda “uzaqvuran topu”, hüquq səmasında parlayan yeni ulduzu, daimi təyinatlı deputat Siyavuş Novruzov “Azərbaycan” qəzetinin 21 aprel 2016-cı il tarixli nömrəsində yenə öz çapında danışıb. Təbii ki, mən Siyavuşun səviyyəsinə düşüb ona cavab vermək istəməzdim. Lakin o, parnikdə yetişən hüquqşünas olaraq yenə hissiyyata qapılıb və öz peşəsinə tüpürüb.

Xatırladıram ki, Şuşa və Laçının işğalı barədə kifayət qədər yazılıb, iki dəfə də uzunmüddətli məhkəmə prosesləri keçirilib. Təəssüf hissi ilə qeyd edirəm ki, kölgəsində yatdığı arabaya güvənən hüquqşünas alim anlamır ki, normal hüquqi dövlətdə böhtan atmaq ən böyük cinayətlərdən biri sayılır. Konkret olaraq, həmin məqalədə Siyavuş Novruzov qeyd edir ki, “Əli Kərimlini AXCP mətbuatında müdafiə edənlər Şuşanı satan Rəhim Qazıyev və digərləridir…”

Mən ixtisasca riyaziyyatçıyam, peşəm də müəllimlikdir. Ona görə də qanmayanı qandırmaq, anlamayanı başa salmaq,  böhtançını doğru yola dəvət etmək mənim peşə borcumdur. Iqtidara güvənib ağzına gələn hədyanları söylədiyinə görə heç vaxt məsuliyyət daşımayacağına əmin olan Siyavuş Novruzova çatdırıram ki, başından böyük danışmasın, insanlara şər-böhtan atmaqla gündəmdə qalmağa çalışmasın.

Ey hüquq elminin “korifey professoru”, bil və agah ol, mənə torpaq satmaq və vətənə xəyanət ittihamı verilməyib, verilə də bilməzdi. Əgər professor olduğun hüquq elmindən zərrə qədər anlayışın, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin və Cinayət Prossesual Məcəlləsinin əlifbası səviyyəsində biliyin varsa, sənə atdığın şər-böhtana görə normal hüquqi dövlətdə hansı cəza verilməli olduğunu bilməlisən. Mən səni qınamıram. Indiyə kimi ünvanlarına təhqir-böhtan söylədiyin şəxslərin zərrəsi qədər səndə savad yoxdur. Ona görə də indiyə kimi kifayət qədər şəxslərin  ünvanlarına söylədiyin böhtanların bir hüquqşünas olaraq səni necə alçaltdığının fərqində deyilsən. Yəqin ki, bunu heç vaxt dərk etməyəcəksən də.

O ki qaldı mənim Əli Kərimlini müdafiə etməyimə, düşünürəm ki, Əli Kərimlinin mənim müdafiəmə ehtiyacı yoxdur. Mən özümü tanıdığımdan bu ana qədər həmişə haqqın yanında olmağa, haqsızlığa qarşı çıxmağa çalışmışam. Sən ortada yeyib, qıraqda gəzdiyin zamanlarda ümummilli lideriniz olan Heydər Əliyevə qarşı amansız hücumların ardı-arası kəsilməyən zamanda da onu kimsədən çəkinməyərək müdafiə etmişəm.

Ey YAP-ın əvəzolunmaz siması Siyavuş Novruzov, səni əmin edirəm ki, mənsub olduğun partiyanın sədri Ilham Əliyevi və səni də sənsayağı ittiham etsələr, onda sizi müdafiə edəcəyəm. Bu, mənim mübarizəmin ana xəttidir.

Unutma ki, bizim (sizin yox, məhz bizim) qurmaq istədiyimiz hüquqi, demokratik cəmiyyət, ancaq ədalətin zəfər çalması ilə bərqərar ola bilər. Çox təəssüflər olsun ki, siz bunu dərk etmək səviyyəsində deyilsiniz.