Mehriban Əliyevaya tükürpədən məktub

mehriban yuneskoBirinci qrup əlilə kimlər və necə işgəncə verib?

Bakının Nizami rayonu, E.Süleymanov küçəsi, ev 162 A, mənzil 66 ünvanında yaşayan Şövkət Məmmədova Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya ünvanladığı şikayət məktubunun surətini “Azadlıq”a da gözndərib. Ana məktubunda oğluna verilən işgəncələrdən bəhs edir:

“Mən sizi son ümid yeri bilirəm. Anadangəlmə 1-ci qrup əlilliyi olan oğluma işgəncə verənlərin layiqli cəza almasında yardımçı olacağınıza inanıram.

1988-ci il təvəllüdlü oğlum Vüqar Məmmədovu 2012-ci ildə  Buzovnada yerləşən 1 saylı Psixonevroloji Sosial Xidmət  Mərkəzinə yerləşdirmişəm. Vaxtaşırı oğluma baş çəkib evə gətirmişəm.

2015-ci ilin may ayında həmin xidmət mərkəzində  müdiriyyətin dəyişməsindən sonra oğlumun və mənim günüm  qara oldu. Müdiriyyət və mərkəzin əməkdaşı oğlum üçün ayrılan təqaüd kartının onlara verilməsini tələb etdilər.  Mən bununla razılaşmadım və təqaüd kartını onlara vermədim. Buna görə oğlumu dəfələrlə döyüblər. Keçən ilin avqustunda oğlumun yanına gedəndə onu qan içində gördüm. Oğlumun sifətində salamat yer yox idi. Xidmət mərkəzinin müdiriyyətinin çoxsaylı xahişlərini və oğlumun oradakı sonrakı həyatını nəzərə alaraq, bu əməllərə görə onlardan şikayət etmədim. Bu ilin fevralında oğlumu evə gətirib çimizdirəndə onun ayağında çoxsaylı yanıqlar gördüm. Uşağın ayaqları o qədər pis vəziyyətdə idi ki, o, iki həftə yeriyə bilmədi. Oğlumun ayaqlarında 100-dən çox siqaret yanığı vardı. Onu o qədər qorxutmuşdular ki, oğlum bu əməli törədənləri 40 gün məndən gizlətdi. Nəhayət, oğlum etiraf etdi ki, ona qarşı bu əməlləri xidmət mərkəzinin direktoru Rəhnumə Cəfərova, tibb qardaşı Rəsul Rzayev başda olmaqla, oranın əməkdaşları törədiblər. Oğlum dedi ki, onun əl-ayağını tutandan sonra Rəsul Rzayev siqaret yandıraraq ayaqlarına basıb. 30 martda oğlum bunu mənə deyəndən sonra 31 martda mərkəzə gedərək əlil uşağa qarşı bu əməllərə görə onların qanun qarşısında cavab verəcəklərini dedim.

Direktor mənə bildirdi ki, şikayət etsəm belə, heç kimdən qorxmurlar. Bundan sonra Xəzər Rayon Polis Idarəsinin 2-ci bölməsinə şikayət ərizəsilə müraciət etdim. 14 aprel 2016-cı ildə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar çıxarıldı. Günahkarlar nüfuzlarından istifadə edərək bu işi ört-basdır etmək istəyirlər.

Bir valideyn, dul qadın, ana olaraq, mən onsuz da əlil övladıma qarşı törədilən bu əmələ dözə bilmirəm və günahkarların layiqli cəza almaları, mərkəzdə məskunlaşan digər əlil uşaqlara qarşı da gələcəkdə bu cür əməllərin törədilməməsi üçün əlimdən gələni edəcəyəm.

Inanıram ki, siz bir ziyalı insan, bir ana kimi övladım qarşısında keçirdiyim hisslərə anlayışla yanaşıb, bu ədalətsizlik barədə öz köməyinizi əsirgəməyəcəksiniz”.

Sosial şöbə